Свобода людям, независимость нациям!

Niyyəti qətran qarası – rus tarixçi Smolinin düşüncəsi soyadı kimidir

2501 25.01.2024 09:39 Колумнисты A A

O, özünü yazıçı Aleksandr Soljenitsın sayır, yoxsa Qriqori Rasputin, hələ bəlli deyil.

Bəlli olan odur ki, rusiyalı tarixçi Mixail Smolin öz tədqiqatlarında rus imperiya ideologiyasına və monarxizm hərəkatına xüsusi diqqət yetirir.

O, hesab edir ki, bu gün rus xalqının nicatı pravoslav Rusiya imperiyasının dirçəlişindədir.

Bir sözlə, 52 yaşlı Mixail Smolin neoimperialistdir, köhnə təfəkkürlü insandır, ona görə də bu günlərdə NTV telekanalında deyib ki, 1917-ci il inqilabına qədər qazax, özbək və azərbaycanlı kimi xalqları olmayıb. Yəni bu xalqlar rus imperiyasının təbəələri olublar.

Smolinin çıxışının qısa özəti belədir ki, “Qazaxıstan əvvəlcə RSFSR-in tərkibində muxtar respublika olub, sonra RSFSR-dən ayrılıb”; “özbəklər inqilabdan əvvəl heç vaxt mövcud olmayıb, belə bir etnik ad olmayıb; “Azərbaycanlı adlı millət yoxdur”.

Əlbəttə, “azərbaycanlı” adlı xalq heç vaxt olmayıb, heç indi də yoxdur, Azərbaycan coğrafi termindir, burada yaşayan hər bir xalq, etnik qrup azərbaycanlıdır – Belçikada yaşayan flamandlar, vallonlar, almanlar və fransızların hamısı belçikalı olduğu kimi.

Azərbaycnda yaşayan etnik çoxluğun adı türk, dili də türk dilidir, tarixən belə olub, ötən əsrin 30-cu illərinin ortalarına qədər bu ölkənin etnik çoxluğa aid insanlarına verilən pasportlarda da belə qeyd olunub, ancaq sonra Smolinin soydaşları bilərəkdən “azərbaycanlı” termini uydurublar ki, bu xalqın milli kimliyini unutdursunlar, beləliklə, ona qarşı uzun sürəcək assimlyasiya prosesi başlatsınlar. Xalqın dilinin adının və əlifbasının dəyişdirilməsi də bu məqsədə xidmət edib.

Baxaq görək, dünyada Küveyt dili varmı? Yoxdur. Bəs, Misir, İraq, Qətər, Oman, İordaniya dili? Onlar da yoxdur. Bunlar sırf coğrafi toponimlərdir. Adları çəkilən ölkələrin hamısının dili isə ərəb dilidir. Eləcə də Peru, Paraqvay, Uruqvay, Kolumbiya, Venesuela, Argentina, Çili kimi ölkələrin dili də ispan dilidir, daha Çili dili, Argentina dili deyil.

Ancaq Smolin “azərbaycanlı xalqı yoxdur” deyərkən, Azərbaycan dövlətinin olmadığını nəzərdə tutur. Onun sözündən belə çıxır ki, 1917-ci ilə qədər Azərbaycan dövləti olmayıbsa, demək, heç vaxt olmamalıdır.

Ona qalsa, 300 ildən çox davam edən monqol-tatar əsarəti zamanı da rus dövləti olmayıb, rus knyazlar da monqolların qapısının nökəri-qaravaşı olublar.

Yaxud bu bədnam tarixçi əsrlər boyunca böyük imperiyalar qurmuş, 10-a yaxın müasir dövlətin ərazisində hökmranlıq etmiş özbəkləri dünən-srağagün yaranmış xalq hesab edir. Adam bilə-bilə bir neçə mətləbi qarışdırır. Keçmiş dönəmlərdə “bir millət-bir dövlət” anlayışı olmayıb. Bir etnosa mənsub olan iki, bəzən daha çox sülalə digər xalqları və etnik qrupları da idarə ediblər. Buna misal olaraq Teymurilər, Osmanlılar, Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular, Atabəylər, Xarəzmşahlar və digər hökmran sülalələri göstərmək olar.

100 il əvvəl Orta Asiyada Türküstan dövləti olub və qazaxları, özbəkləri, türkmənləri, qırğızları birləşdirib. Bu dövlətin varlığına məhz bolşevik Rusiyası son qoyub və bu ərazidə xalqların danışdıqları dillərə uyğun olaraq “etnik mənzillər”, respublikalar yaradıb. Qırğızlar və qazaxlar demək olar ki, eyni dildə danışırlar, amma ayrı-ayrı respublikalardır. Özbəklərlə türkmənlər, eləcə də qaraqalpaqlar çox yaxındırlar, amma öz dövlətləri, muxtariyyatları var.

Bu baxımdan “qazax, özbək, azərbaycanlı xalqı olmayıb” demək, belə bir iddia irəli sürmək neoimperializm və velikorus şovinizmidir.

Təəssüf ki, son vaxtlar Rusiyada həm siyasilər, həm elm adamlar, həm də ictimai xadimlər arasında belə bir ideoloji xətt getdikcə güclənir. Bu şəxslər Rusiyanın dirçəlişini, intibahını yalnız daha geniş ərazilərə malik olmaqda, daha çox xalqı əsarət altına almaqda görürlər. Onlar başqa inkişaf yolunu tanımırlar, anlayışları yoxdur ki, başqa necə qüdrətli dövlət qurmaq olar. “Rus ziyalılar” hələ də o bölgələrə potensial işğal hədəfi kimi baxırlar.

Fakt budur ki, Rusiya ərazisinə görə dünyanın ən azman ölkəsidir. “Dənizdən dənizə böyük dövlət” qurmaq istəyənlərdən gərqli olaraq Rusiyanın ərazisi okeandan okeanadır. Onun ərazisinin sahillərini 3 okeanın (Atlantik okeanı, Sakit okean və Şimali Buzlu okean), onlarca dənizin suları yuyur. Rusiyada minlərlə çay, minlərlə göl var. Bu ölkənin Fransa, İngiltərə, Almaniya boyda vilayətləri var, bomboş qalıb, əkib-becərən, yaşayan yoxdur.

Buna baxmayaraq, Rusiyanın başbilənlərinin gözü onun-bunun torpağındadır, çıxa bilsəydilər, dördüncü okeanın (Hind okeanı) sahillərinə də çıxacaqdılar, sadəcə, Əfqanıstan səddini keçə bilmədilər.

Fikir verirsinizsə, az qala hər gün hansısa tanınmış rus ictimai-siyasi xadimin neonasist və imperialist çıxışlarına reaksiya veririk. Onlar bu fikirləri bütün ölkə ərazisinə yayımlanan məşhur telekanallardakı tok-şoularda deyirlər və yavaş-yavaş xoşməramlı insanların da beynini zəhərləyir, onları 1930-cu illərdə kütləvi şəkildə nasizmə könül verən almanlara döndərirlər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости