Свобода людям, независимость нациям!

Nəsiminin V dönüşü

2988 06.07.2023 09:10 Колумнисты A A

 

Çox sevindirici, pozitiv xəbər oldu: “Nəsimi Nəbizadə AzTV-də işə düzəldi”.

AzTV onun öz yuvasıdır. O, orada yetişib, böyüyüb, dönməsi yaxşı oldu.

Bu, ikinci Nəsimi faciəsindən döndük deməkdir. Adını daşıdığı məşhur şair kimi təxminən eyni yaşda Əzrayılın əlindən sivişib çıxdı Nəsimi Nəbizadə.

***

Onun adının haradan götürüldüyünün sirri lap üzdə, təvəllüdündədir.

1974-cü ildə dahi şairimizin həyatından bəhs edən “Nəsimi” filmi prokata buraxılanda həmin il dünyaya gələn yüzlərlə oğlan uşağına Nəsimi adı qoydular. Bir oğul da Nəbizadələrin qismətinə düşdü və Nəsimi adlandı.

Kimin ağlına gələrdi ki, çox keçməyəcək, bu oğlan böyüyəcək, dahi adaşının rolunu oynayan aktyor Rasim Balayev kimi yaraşıqlı gənc olacaq və hər gün televiziya ekranlarında görünərək, bütün ölkənin tanıdığı birinə çevriləcək – eynilə öz dövründə hər kəsin tanıdığı şair Nəsimi kimi.

Uzaq 1974-cü ildə bunu heç kəs bilə bilməzdi. Əslində heç kəs istəməzdi də ki, uşaqlıqda sevə-sevə “Nəsi, Nəsi” çağrılan bu uşaq “həqqənnəsi yaşı 48”-də iztirablarla dolu bir həyat yaşasın – dahi şairimiz kimi.

İstibdad üzündən cəlayi-vətən olub dərbədər düşən və əcəlinə doğru gedərək Hələbə varan şairdən fərqli olaraq zəmanəmizin Nəsimisi indi Hələbə getmir. Nə Hələbdə Hələblik qalıb, nə Nəsimidə gəzmək həvəsi. Yaşının bu çağında guşənişin olmuşdu.

Adam hərdən istəyirdi ki, zəng edib desin:

“Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.

Amma olmurdu, bilmirdin xəttin o başından nə cavab gələcək. Ən qorxduğun şey o idi ki, hər dəfə görüşəndə, danışanda mütləq nəsə bir məzəli söhbət edən, lətifə danışan, deyib-gülən oğlan birdən sənə səsi quyunun dibindən gəlirmiş kimi cavab verər və ən pisi, “tanımadım, sən kimsən” deyər. Bəlkə də qəsdən deyər. Bəlkə də deməz. Ona yalandan “hər şey yaxşı olacaq” kimi çeynənmiş, şirəsini hələ bir qərinə əvvəl itirmiş yalan da demək olmaz. O, yalanın nə, doğrunun nə olduğunu yaxşı bilir və adama qırmızıca deyə bilər ki, mənə də yox...

Necə olmuşdu ki, ölkənin ən yaraşıqlı, ən istedadlı adamlarından biri olan, ekranların simasına çevrilən bu şəxsin iradəsi nəfsinə qalib gələ bilməmişdi? Uzun söhbətdir. O, geridə qalıb.

Vaxtilə onu tanıyanlar və sevənlər dünənə qədər ondan söhbət düşəndə başlarını bulayır, təəssüflənirdilər. Açığı, çox adam onun geri dönüşü olmayan bir yola girdiyini düşünürdü. Amma “ümid sonda ölür” deyirlər. Ümid ölməmişdi, diri-zarıncı olsa da, qalırdı. Nə yaxşı ki, Nəsimi o ümidi ölməyə qoymadı.

Böyük Nəsimi tərki-dünya olmamışdı, dərədə-təpədə ritm tutaraq meyxana deyən dərvişlərə qoşulmamışdı, “mən kövrək deyiləm, dərviş, sınmaram” demişdi. Teleaparıcı Nəsimi də tərki-dünya ola bilməzdi. Düzdür, o da dərvişlər kimi meyxananı, meyi-məzəni, şeiriyyatı sevirdi, amma həyatdan üz döndərməyi yox idi. Axtarsan, kövrəkliyi də var. Bir dəfə yanımda “Dolya vorovskaya” hitinə qulaq asıb kövrəldi, nəsə qəribə bir xəyala daldı. Kənardan baxan deyərdi, ömrünün 15 ili o tərəfdə keçib.

Son vaxtlar kədərli ovqata asan köklənirdi. Gənc şairlərdən birinin – Əsəd Qaraqaplanın şeirini həzin notlar üzərində əzbərdən demiş, gözəl qiraət ustası olduğunu sübut etmiş, ortama hüzn çökdürmüşdü.

Təxminin bir ay əvvəl üzə çıxdı, ümidverici danışdı, nəyə aludə olduğunu efirdən etiraf etdi, o zəhrimardan üzülüşdüyünü dedi, dönəcəyini bildirdi. Dost-tanışları intizarla gözləyirdi. Budur, dönüb artıq.

Elçin Zahiroğuya verdiyi son müsahibəsindən nostalji sızırdı. Çox təbii idi. Nostalji şirin xatirələrin acı ekstratıdır. Gəncliyində yaxşı günləri çox olanların bu acı cövhərdən daddığı çox olur. Amma onun xiffətə dalan, xatirələrlə yaşayan vaxtı deyildi və deyil. Öndə hələ illəri var.

Nə yaxşı ki, o, dost sözünə qulaq asıb, özündə iradə tapıb, həyat həzzlərinin başqa ünvanını aşkar edib. Məsələn, dost ortamlarında çay içməyin, maraqlı söhbətlər etməyin ləzzəti bir başqadır.

Ferdi Tayfur əbəs yerə oxumur ki, “bir ömrü tükətdik də birlikdə, uğramadın bir çay içimlik sonunda”. Ömrünü birlikdə tükədənlərin oturub içdiyi çay yüz o cür beyin uyuşduran ağuların qabağıdır.

Böyük Nəsimi elə yaşadı, elə yaratdı ki, ad-sanını qorudu, amma dərisini qoruya bilmədi, müasirimiz Nəsimi isə əvvəldən “dərisini qoruyan”lardan olmadı, heç olmasa, adını qorusun gərək.

Uzun illərdən sonra öz yuvasına dönmüş, şair Nəsimi demişkən, “öz nəfsindən baxəbər” olmuş Nəsiminin həyata, aramıza qayıdışı mübarək olsun.

P.S. Beynəlxalq leksikonda “U dönüşü” deyilən ifadə var. Nəsimininki V dönüşü oldu, dibə dəydi, yenidən qalxdı...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости