Свобода людям, независимость нациям!

Neft çəlləyini düşünərkən

1935 13.07.2022 07:41 Колумнисты A A

Azərbaycan neftinin qiymətində azalma olmuşdur. "Azeri Light" markalı neftin bir barreli 1,15 dollar azalaraq 120,1 dollara satılır. Deməli zəhmətkeşlərimiz kəmərlərində bir deşik açmalıdır. Evlənənlər şadlıq sarayında salatın birini azaltsınlar. Xınayaxdı mərasimləri üçün gəlinbaşına düşən hənanın tonu da 100 kilo ixtisara salınsa yaxşı olar. O cümlədən, qarşıdan gələn sentyabr ayında burnufırtıqlı uşaqlarını məktəbə hazırlaşdıran valideynlər damalı dəftər yerinə təkcızıq dəftər almalı olacaqdır, çünki dünya bazarında dəftərin qiyməti də cızıqların sayı ilə müəyyənləşdirilir.

Yeganə olaraq sosial paketlər dəyişməzdir, çünki biz neftin qiymətindən asılı olmayaraq sosial dövlət kimi qalmaqda davam edirik, hətta deyərdim ki, dava edirik. Lap istəyirsən neftin qiyməti hər çəlləkdə (barrel sözünün tərcüməsi çəlləkdir və biz qədim türk yurdu olaraq bu sözü öz dilimizdə yazmağa borcluyuq) 120 dollara yox, 20 manata düşsün, yenə pensiyalar artacaq, sosial müavinətlər yüksələcək, əhalinin maddi rifah halı daim diqqətimizdə olacaqdır. Biz dünyada yeganə dövlətik ki, bizdə Sosial Rifah adında hətta partiya yaradılmışdır. Sədri də mənə Narxozda dərs demişdi, 50 manat vermədiyim üçün zaçotda müəyyən sosial çətinlik yaşamışdım.

Əhalinin aztəminatlı və çoxehtiyaclı hissəsinə dövlət qayğısının çoxluğu bəzən sosial problemlərə səbəb olur. Örnək üçün, bugünlərdə müharibə veteranları ilə bağlı müəyyən hadisələrə şahid oluruq. Birinin pensiyasını kreditə yönəltdilər, icra şöbəsində ürəyi partladı. Sumqayıtda yaşayırdı.

İkinci veteran isə dilbər guşələrimizdən olan, dahi şairimiz Mirzə Ələkbər Sabirin adını daşıyan Sabirabad rayonundakı kəndlərdən birinin sakini idi, özünü icra hakimiyyətinin qabağında yandırmışdı. Veteranın müalicə və müayinəsi, təbii, Sabirabadda tikilən müasir diaqnostika mərkəzi və xəstəxanalarda aparıla bilərdi, lakin onu paytaxta gətirmək qərara alındı. 5 nömrəli xəstəxanaya. Bu, elə bir xəstəxanadır ki, orada müalicə almaq üçün Hindistandan, Afrikadan quşlar qonaq gəlir bizə. 5 nömrəliyə ölü girən diri çıxır. Beş barmağın beşi bir deyil, lakin 5 nömrəli bir dənədir. Əgər Çexov sağ olsaydı “5 nömrəli xəstəxana” adlı əsər yazardı. 5 nömrəliyə tibb elmi sahəsində “5” qiyməti düşür. Lakin veteranı sağaltmaq mümkün olmadı, təəssüf. Allah rəhmət eləsin. Gələn dəfəki davaya uşaqlarını apararıq, eybi yoxdur.

Burada biz detallara diqqət eləməliyik. Birincisi, icra hakimiyyətləri bizdə ən odlu-alovlu obyektlərdir. Onların qabağında özünü yandırmaq artıq el adətimizə çevrilib.  Ziya müəllim adına Tarix İnstitutunun araşdırmalarına görə, bizə “Odlar yurdu” adının qoyulması bu səbəbdəndir. İcra hakimiyyətinin içində də yananlar olur – hərdən hansısa başçını rüşvət üstündə tutub gedər-gəlməzə aparırlar. Yani, burda hamı özünü yandırır. Molla Nəsrəddinin sözü olmasın, icra hakimiyyəti elə şeydir ki, onun nə önündə, nə içində olmayasan, eləcə gendən baxasan.

İkincisi, veteranımız həlak olandan sonra (rəhmətlik Əbülfəz bəy salamat olsa yəqin belə afyorizm istehsal edərdi: “Yanan tankın içindən çıxan oğullar icra hakimiyyətinin qabağında yandılar”) dövlət qurumları onun tam dövlət qayğısı ilə əhatə edildiyini bir daha sadaladılar. 300 ordan vermişik, 500 burdan, 200 elə, 100 belə... Hətta mən hesabladım, dövlət veterana yox, veteran dövlətə borclu çıxırdı.

Yaxşı, siz indi buna niyə belə çox pul verirsiniz ki, bu da xərcləməyə yer tapmır, yanır tökülür? Təklif edirəm veteranların pulu mümkün qədər azaldılsın. Onlar benzin və kibrit almağa, kənddən icra hakimiyyətinin qabağına gəlməyə pul tapmasın.

Neftin qiyməti də 1 dollar düşüb. Onsuz imkanlarımız hər çəlləkdə azalıbdır.

Görəsən dövlət mənim neft çəlləyimi özümə verərmi? Girib içində yaşayardım. Filosof olardım. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости