Свобода людям, независимость нациям!

Nazir Məmmədyarovun pulunu birlikdə sayaq... VİDEO

4237 02.04.2022 15:00 Колумнисты A A

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovu 2020-ci ildə, dava başlamazdan az öncə prezident sərt tənqid eləyib, faktiki işdən qovdu. Ondan da qabaq Ramiz Mehdiyevi və başqa tipləri qovmuşdu, dava başlayanda biz bunun əhəmiyyətini aydın anladıq. Məsələn, Məmmədyarov XİN başçısı olsaydı, çətin o vaxt hansısa dünya dövləti bizim tərəfimizdə duraydı. Tək ona görə yox ki, dilini anlamayacaqdılar. Ona görə ki, Məmmədyarov Azərbaycandan başqa min dənə yerə xidmət edirdi, əsas şimal qonşumuza. Həmçinin, öz cibişdanına nazir olmuşdu.

Bunu Nyu Yorkda iki oğluna 4,5 milyon dollara 2 ev alması da göstərdi. Dünən müsahibə verib, etiraf edir, deyir, ata oğluna ev alar, bunda qəbahət yoxdur. Əlbəttə. Ancaq vətəni sevən ata niyə o mənzili Bakıda almayıb? Haçana qədər bu tiplər Azərbaycanı, üzr istəyirəm, zibilləyəcəklər, sonra xaricə qaçacaqlar?

Başqa tərəfdən, Məmmədyarov biznesmen deyil, ömrü boyu diplomatik xidmətdə çalışıb, o qədər pulu yalnız korrupsiya yoluyla əldə edə bilərdi. Gəlin xırda hesablama aparaq - “başqasının pulunu nöşün sayırsınız” deyən gicbəsərlərin açığına.

Azərbaycanda 2020-ci ildə nazirin aylıq maaşı 1925 manat olub. Bunu dollara çevirək, çünki yazdıq axı, məqsədimiz Nyu Yorkda uşağa ev almaqdır: 1925:1,70=1132 USD. Bu məbləği ilin aylarına vuranda 13 min 584 USD alınır. Həmin məbləği Elmar müəllimin nazir vəzifəsində çöpləndiyi 16 ilə vuraq: 13584 x 16 = 217 min 344 dollar. Yəni, xarici işlər naziri yeməyib-içməyib 16 ildə bütün maaşını toplasa Nyu Yorkda ev almaq üçün cəmi 217 min 344 dolları olardı. İndi zəhlətökənliyi bir az da davam eləyək və evlərin qiyməti 4,5 milyon dollardan bu 217 mini çıxaq. Qalır 4 milyon 282 min dollardan azca çox. Nazir bu pulu hardan alıb?

Əlbəttə, mən başa düşürəm, işğal müddətində ermənilər dövlətimizə daha böyük ziyan vurmuşlar. Lakin 4 milyon dollar da (xırdaçılıqdan əl çəkib 282 mini bağışlayaq nazirin kəkilinə) az deyil axı. Bu pulla Qarabağda hansısa balaca kəndi sıfırdan bərpa eləmək mümkün idi. Məsələn, hər 3 otaqlı kənd evinin maya dəyərini lap ən baha qiymətlə, 100 min dollardan hesablayaq. 4 milyona 40 evli əla bir kənd salınmasına kimin sözü var? Qarabağda nəinki 40, hətta 20-30 evlik çoxlu kənd var idi.

Məncə hələ də gec deyil, əlaqədar orqanlar bu istiqamətdə işləsinlər. Hətta yaxşı olar Nyu Yorkdakı evləri alıb Akif Çovdarova versinlər. Çünki Akif müəllim əfvə düşüb azadlığa çıxandan müsadirə edilən mal-mülkün davasını aparır. Orda da o qədər uzun siyahıdır, Suqovuşanla Hadrutun yarısını Akif müəllimə versək, bəs eləməz.

Allah şeytana lənət eləsin, əslində mən bu gün çox patriotik temada yazmaq, rus səfirin cavabını vermək istəyirdim, gəldi bu pul-ev söhbəti araya girdi. Həmişə belə olur. Düşmənlər inkişaf eləməyimizi istəmirlər.

Rusiya səfirinin milli mətbuatımızdan narazılığı isə qəribə mövzudur. Deyir biz hökumətinizə çatdırmaq istəyirik ki, Azərbaycan mətbuatında anti-rus əhvalını azaltsınlar.

Brat, sən elə bilirsən bura Rasiyadır, qəzetləri, jurnalistləri hökumət danışdırır, yazdırır? Qətiyyən. Bizdə tam söz azadlığı var. Məsələn, mən istəsəm bu dəqiqə Reyqanı tənqid eləyərəm! Vallah. Keçən həftə bir həmkarımız Baydenin yeddi arxa dönənini ortaya qoymuşdu. Ondan qabaq Almaniyada işsizlərdən nə qədər yazdıq... Mövzular çoxdur. Hindistanda kim qatardan yıxıldı, Avstraliyada meşədə kenquru hansı turistə təpik qoydu, Alabamada zənciləri necə pambığa basıb işlədirlər - hamısını yazırıq. Azad şəkildə. Heç bir hökumət nümayəndəsi bizə göstəriş, əmr verə bilməz.

Elə Məmmədyarovun Nyu Yorkda aldığı evləri ifşa eləməyimiz söz azadlığının bariz nümunəsidir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости