Свобода людям, независимость нациям!

Naxçıvana qibtə

2192 26.11.2022 08:22 Колумнисты A A

Populyar ata sözümüzdə deyilən kimi, ölkəmizi regionlara bölmək lazım deyil, hamımız naxçıvanlıyıq. O üzdən, hökumətin son günlər DTX xəttiylə Naxçıvanda yoxlamalar aparmasını, ordakı cürbəcür nazirlik və idarələri ləğv eləmək siyasətini alqışlayanlar sırasına mən də qoşuluram. Naxçıvanla bağlı siyasətə gərək vaxtında qoşulasan, alqışlayasan. Müdriklər bunu “zamanın nəbzini tutmaq” adlandırır. Əks halda, adamın özünün nəbzi əllərdə qalır. Görkəmli şairimiz, rəhmətlik  Mətləb Nağı hələ 1997-ci ildə “Təəssüfnamə” adlı şeirində yazmışdı:

“Nəsillikcə sap olmadı bizdən baltaya,

Tarix təkrar zülm edirmiş qapazaltıya:

Babam o vaxt düşəmmədi “26"ya,

Mən də indi öz babamdan geri olmadım,

Heyf, heyf, “Doxsanbir”in biri olmadım".

Naxçıvanda dövr eləyən maliyyənin miqdarı da vətəndaşlarımızın gözünü kəlləsinə çıxarmaqdadır, təsəvvür edin, DTX-nın təkcə bir idarədən - yerli gömrüyün şöbə rəisi Mənsur müəllimin “cibişdanından” aşkara çıxardığı pul nə az, nə çox, düz 132 milyon manatdır! Bakıda bu qədər yeyintiyə nadir hallarda rastlaşırıq. Məsələn, MTN-in bir neçə generalı birlikdə 50 milyon yemişdi. İcra hakimlərini tuturuq, ittihamda görürsən 10 milyon, 15 milyon manat kimi gülməli yeyinti rəqəmləri olur. Yeganə olaraq polad zavodunun müdiri Rasim müəllimi 185 milyonu yeməkdə ittiham eləyiblər, o da prinsipcə, lətifəvari temadır, çünki məhkəmə araşdırmasına görə adam öz zavodunu talamışdır. Zavod bunundursa, niyə əkişdirib? Başqa adamın zavodu olubsa, o adam kimdir? Həmin adamın adını çəkənlər də qeyb olurlar.

Nəsə, başımızı cəncələ salmayaq, mistik mövzulardır bunlar. Müqəddəs adamların adını çəkərsən, ağzın əyilər, şikəst qalarsan. Bunlar dəfələrlə sınaqdan çıxıb. Ölkəmizdə 3-4 belə müqəddəs adam var, qədrini bilməliyik, vaxtında nəzir verməliyik.

Lətifə yazdım, yadımdan çıxmamış əlavə edim: sən demə bizdə təzə qanunla dövlət qulluqçularının maaşı dövlət sirri sayılırmış, gizli saxlanırmış. Bunu mən iqtisadçı ekspert Rövşən Ağayevin qəzetimizə açıqlamasından öyrəndim. He-he. Biz də neçə ildir qarnımızı cırırıq ki, məmurlar gəlir deklarasiyası versin, əmlakını, var-dövlətini, hardan, kimdən, nə qazandığını açıqlasın. Halbuki biz özümüzün onlara verdiyimiz maaşı da bilmirik və bunu bilməyə ixtiyarımız yoxdur! Nə qədər gözəl qulluqçuluq, xidmətçilik üsuludur. Belə dövlətə xidmət eləməyib, nə edəsən? (Sözgəlişi, hərdən evdə qulluqçu işləyib xozeyinin qızıllarını əkişdirən adamları da tuturlar).

Qayıdaq Naxçıvana. Bu cümlənin özü nə qədər gözəl səslənir! Əslində elə bu cümləni yazmaq üçün mövzuya qayıtdım, yoxsa hansısa əlavəm qalmamışdır. Bəs köşənin yerdə qalan hissəsini hansı söhbətlə dolduraq, bəlkə biz də yeyintiyə yol verək, qalan sözləri udaq, oxuculara çatmasın? Yox, onda qara paltarlı yoldaşlar gələr, bizi hoppalara aparar.

Hazırda heç kimin yeyintiyə yol verməsinə icazə yoxdur, çünki dünya bazarında qarğıdalının qiyməti qalxıbdır. Bir yoldaş vardı, gizli səs yazısı yaymışdı, həmin yazıdakı söhbətləri araşdırmaq əvəzinə yoldaşın özünü idarəyə sürütlədilər. Deməli, hazırda yazı-pozu işlərinə dövlət səviyyəsində böyük diqqət ayrılmışdır. Şəxsən mən bu diqqəti daima üzərimdə hiss edirəm və hətta diqqətin ağırlığından neçə gündür belim ağrıyır, güclə ayaq üstdə dururam.

Sonda bir daha yazım: mən dövlətimizin Naxçıvanda apardığı islahatlara qibtə eləyirəm.  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости