Qəzet oxumayan yeni “Z” və ya “X” nəslinin kitab yazması yaxşı mənada təəccübləndirir
Nadir və kitab. Anarın “Evləri köndələn yar” teletamaşasındakı Nadir çoxlarının yadındadır. “Bazarkom”, amma kitab həvəskarı olan Nadiri deyirəm... 150 qram kitaba iki kilo osetrin verən, “əl çirki” dediyi pulu “Hellas” kitabının arasında gizlədən komik qəhərəman... Nadirin imzalatmaq üçün aldığım kitabı əlimə ilk götürəndə yadıma bu tamaşadakı səhnələr düşdü. Özünə də bu barədə pıçıldadım, bu barədə az sonra.

Nadir Yalçının dekabrın 20-də Nizami Kino Mərkəzində “Lal ev” adlı hekayələr toplusunu kitab halında təqdimatı onun ilk kitabıdır. Qarşısında “ilk dəfə” yazılanlarda saflıq və həyacan mütləq var. İlk dərsə getdiyin, ilk kitabla qarşılaşdığın, bəlkə də ilk sevgidəki kimi həyəcan...Nadir özü “pas” verdi, tədbirin sonundakı minnətdarlıq çıxışında “çox həyəcanlıyam” dedi. Amma “şair sözü yalandır”. Yəqin daha yaşlı şair-yazıçılardan öyrənib ki, auditoriyaya hörmət olaraq mütləq belə demək lazımdır.

Nadirlə ötən ilin sentyabrında Şuşaya birgə getdiyimiz tədbirdə tanış olduq. Yəni Nadir mənim 30 illik ayrılıqdan sonra Şuşada tanış olduğum ilk adamdır həm də. Bu tanışlıq və Nadir mənə bu səbəbdən doğmadır. Oradan-buradan danışanda onun ilk işlədiyim “525-ci qəzet”lə bağlılığı (Nadir hazırda APA-nın redaktorudur) söhbətə ciddi körpü oldu. Dediklərindən dərhal anladım ki, yaradıcılığı Yusif müəllimin (Rzayev) “çətiri altındadır” və bu, artıq təkcə jurnalistikada deyil, ədəbiyyatda da ciddi rekamendasiyadır, yaxşı təqdimatdır. Çünki tanıyanlar bilir:
“525”in baş redaktorunun əvəzedilməz birinci müavini işıq görmədiyi adamı qorumaz, istedadsız yazıya (yazıçıya və ya şairə) lap yaxın adamı olsa da, “istedadlı yazmısan” deməz, yazısını redaktə üçün oxuyar, amma onunla çörək kəsməz...

Qəzetdən söz düşmüşkən, qəzet oxumayan (Nadirə aid deyil) yeni “Z” və ya “X” nəslinin kitab oxuması bir yana, kitab yazması yaxşı mənada təəccübləndirir. Belə nümunələr çoxdur, könül istər ki, çox olsun...
Özünə yarızarafat dedim: “Nadir, 150 qramlıq kitaba görə bizi bura yığmısan, həm də üstəlik Rəşad Məcidin “10 sentyabr”ından sonra hekayə yazmaq riski etmisən...” Nadir yaşında olanların özəlliyidir-yaradıcılıqlarının təqdimatını və riski sevirlər. İddia və risk...
İlk kitabı olmasına baxmayaraq, auditoriyada xeyli tanınmış ədəbiyyat admları vardı və qısa çıxışlarında Nadir haqda “istedalı şair” sözünü çox işlətdilər. Çıxış edənlərdən kimsə replika da verdi: “Nadir, hamı səni yaxşı şair kimi tanıyır, sən isə hekayə kitabı dərc etmisən...”

Nadirdən Şuşada xahiş etdik, şeirindən qısa-qısa dedi. Amma Şuşada adamın başında o qədər “xaric səs” olur ki, şeiri beyinin mərkəzi yarımkürəsinə ötürüb qavramaq çətindir. Ona görə Nadirin şairliyi haqda indilikdə heç nə deyə bilmirəm, amma Qəşəm Nəcəfzadə çıxışında təriflədi, bu da özü ciddi qiymətləndirmədir.

Hekayələrinə yaxşı başlıqlar verib. Məsələn, “Atamın nikah məmuru”, “Qırx beş dəqiqə”, “Nişan üzüyü”, “Lal ev” və s. Qəzet üçün başlıq müvəqqəti “tələ”dir, ədəbiyyatda isə möhürdür. Kitabın adı da yaxşı seçilib, içindəkiləri oxuyacam mütləq.
İçi dolu olsun, Nadir...




