Свобода людям, независимость нациям!

Müsyö Jordanı bədbəxt edən, ulduzları aldadan “xətərli camaat”

1676 18.11.2022 10:05 Колумнисты A A

 

Son illərdə bəzi-bəzi dairələrdə böyük Mirzə Fətəlinin haqsız elan edilməsinə baxmayın, kişi gerçəkdən də dahi olub, elə şeylər yazıb ki, vəfatından 144 il keçsə də, yazdıqları hələ də aktualdır.

Çox gözəl komediayalar, fəlsəfi traktatlar, esselər, şeirlər yazıb Mirzə Fətəli. Ədəbiyyat tariximizin ilk romanı da ona məxsusdur – “Aldanmış kəvakib”. Bu əsər haqda sonrakı abzaslarda danışarıq.

Bu günlərdə çox adam böyük ədibimizin məşhur komediyasını - dərviş Məstəli şahın Parisi dağıtması vaqiəsini xatırladı, çoxlu lağlağı elədi. Ona görə ki, hazırda Fransa-Paris-Qarabağ söhbəti aktualdır. Bildiyiniz kimi, o əsərdə fransalı qonaq müsyö Jordan Qarabağa gəlir, qarabağlı Hatəmxan ağanın qonağı olur, qayıdanbaş ağanın qardaşıoğlu Şahbaz bəyi özüylə Parisə aparmaq istəyir. Ancaq prosesin axırı yaxşı olmur, azərbaycanlı xanımlar bu işə pəl vururlar, Fransada da növbəti dəfə inqilab olur, iş pozulur.

Bəlkə də o vaxt Şahbaz bəy Parisə getsəydi, Fransa-Azərbaycan əlaqələri daha intensiv olar, qarşılıqlı münasibətlər daha isti hala gələrdi. Heç nə yox, bu gün Şahbaz bəyin züryətləri Fransa senatında Qarabağla bağlı əleyhimizə qərar qəbul edilməsinə mane olardılar. Əl-əlbət, elə olardı. Çünki Şahbaz bəyin ayağı Parisə dəyən kimi çox çəkməzdi, bir mademuazel alardı, doğub-törəyərdilər, əməllicə diaspor təşkilatımız ənələ gələrdi. Fəqət Şəhrəbanu və Şərəfnisə xanımlar, eləcə də Xanpəri buradan, fransız inqilabçılar da oradan, gül kimi işi pozdular.

İndi Qarabağa gələn müsyölər həkim-sahib Jordan ağa kimi daha faytonla İrandan, Arazı keçibən gəlmirlər, İrəvandan gəlirlər. Bakıdakı müsyö səfir də hər dəfə Şuşaya dəvət olunanda deyir, öldür məni, oynamaram bu toyda.

Axundov bu günləri hələ 150 il öncədən görürdü, hesab edirdi ki, Şahbaz bəy kimi gənclər Avropada təhsil almalıdırlar və avrointeqrasiya prosesinə qoşulmalıdırlar. Düzdür, indinin özündə də Fransaya pənah aparanlarımız var, amma sanki tarixi fürsəti əldən vermişik, əlahəzrət kral, zati-aliləri kardinallar yoxdur, onların yerində zatıqırıq adamlar var və onlar yeni şahbazlara ənam vermirlər, eləcə qrant-zad verirlər.

Axundovun dahiliyinə dəlalət edən başqa bir əsəri “Aldanmış kəvakib”də isə indi aşağıda iqtibas edəcəyim bir abzas var, görün, mirzə 150-160 il öncə bu günlərin olaylarına necə möhür vurub. Abzas belədir:

“Belə sadəlik olurmu ki, kəvakib (ulduzlar) özlərini iranilərə aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? ... Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdu, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma kəvakibi də qınamaq yeri yoxdur. Şah Abbasın xudi-şəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Onlara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxt da İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər. Kəvakibin hərgiz xəyalından xütur etməzdi ki, iranilər onları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu onların sədəməsinin altına salacaqlar... Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cəng başlayalar”.

Budur, ingilis tayfası (ABŞ) hələ “belə xətərli millət ilə cəng başlamaq” niyyətindədirlər. Hələlik isə iranilər göydəki ulduzları da, Ağ Evin böyür-başındakı “dərin dövləti” də, Yerusəlimdəki yəhudi qeysərləri də, Parisdəki peysərləri də aldada bilirlər. İranın yeni padşahları isə küçələrdə öz övladlarını öldürür.

Özü də bu saat İranı idarə edən kimdir, bilirsiniz. Mirzə Fətələnin kəndçisi Əli Xamneyidir. O da, Mirzə də Təbriz yaxınlığındakı Xamnə kəndində doğulublar. İranın ana müxalifət hərəkatının lideri Mirhüseyn Musəvi də o kənddəndir. Hələ bu son deyil, vaxtilə İranda milli-azadlıq hərəkatının rəhbəri, böyük mütəfəkkir və siyasətçi olmuş Şeyx Məhəmməd Xiyabani də xamnəlidir.

Xamnəli siyasətçilərin ən yumşağı Zərdüşt Əlizadədir, o da 1989-cu ildə az qala AXC-nin sədri olacaqdı.

Ona görə də Xamnədən çıxan ilk məşhur mütəfəkkirin sözlərinə şəkk etməyək və qəribçiliyə salmayaq. O “xətərli millət”in Yusif Sərracın başına açdığı oyundan, iranlı Məstəli şahın isə müsyö Jordana qarşı tətbiq etdiyi “terror aktı”ndan dərs götürmək lazımdır.

P.S. “Müsyö Jordan”ın əhvalatında bir epizod var: Dərviş Şahbaz bəyi Fransaya getməkdən çəkindirmək istəyən qadınları seçim qarşısında qoyur, deyir, indi Parisi partladım, ya Jordan ağanın boynunu vurum. Qulluqçu Xanpəri optimal həll variantı təklif edir: “Hər ikisini elə, baba dərviş”.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости