Свобода людям, независимость нациям!

Müstəqil təsbeh

1887 30.05.2022 18:25 Колумнисты A A

“Bayraməlisiz toy olmaz”
(Azərbaycan ata sözü)

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrosu qabağında qoyulan heykəlinə qarşı qorxunc diversiyaya əl atan – messenatın əlindəki bürünc təsbeh sındırılmışdı – iki yaramaz nəhayət keçən həftənin sonlarında cəzasını aldı. Biri 1 il 6 ay, ikincisi isə 1 il müddətinə azadlıqdan məhrum edildi. Hakim cəzanı fərqli kəsərkən işin bütün detallarını nəzərə almışdır. Onlardan biri təsbehin sapını qırmış, ikincisi dənəcikləri yerə səpələmişdir. Bax, sapı qıran daha ağır cəzalandı. Çünki sap qırılmasa, dənəcikləri necə yerə səpmək olar? Şair demişkən, sevgilim, eşq olmasa varlıq bütün əfsanədir. Sevgidən məhrum olan insanlığa biganədir. Biz bunu hazırda Putinin simasında müşahidə edirik.

Əsas odur ədalət zəfər çaldı. Allah heç kimin təsbehini qırmasın, bizim isə Hacıya hörmətimiz sonsuzdur, adına Sumqayıtın yanında xüsusi qəsəbə də düzəltmişik, orada gözəl insanlar yaşayır. Məsələn, Rüfət Nasosnu. Məncə Rüfət bəy gələcəkdə öz ədəbi-bədii təxəllüsünü dəyişdirsə, müstəqilliyimizə uyğunlaşdırsa yaxşı olar. Bu cür: Rüfət Hacı Zeynalabdin Tağıyevli.

Burada haşiyə çıxaraq qeyd edim ki, bizim görkəmli şəxsiyyətlərin imperiya köləsi olması onların təxəllüs və soyadlarında özünü göstərmişdir, bizim qəlbimizi çox acıtmışdır. Məsələn, Şuşinski. Yaxud, Sarabski. Şıxlinski. Naxçıvanski. Nə bilim, nə ...ski. Belə şeylər adama pis təsir edir. Şəxsiyyətlərimizin millət yolunda fəaliyyətinə kölgə salır. Ancaq indi baxırsan camaat milliləşir, ürəyimiz açılır. Misal üçün, Xuraman Şuşalı. Şəbnəm Tovuzlu. Talıb Tale. Nə bilim, başqa belə gözəl isimlər çoxdur. Müstəqillik üçün belə elementlər vacibdir. Bu saat millət ən çox nəyə əsəbləşir? Ay sağ olasan: məktəb direktorunun ayağının yanında bayrağımızın düşməyinə. Biz onu asmağa hazırıq. Dərs keçmirsən, uşağa tərbiyə vermirsən, cəhənnəm keç, ver. Bizim bununla işimiz yoxdur. Ancaq milli, bayraq, müstəqillik işlərində alçaqlığı bağışlaya bilmərik.

Fikir verin, Azərbaycan SSR-nin himninin sözlərini yazan adamın Bakıda heykəlini qoymuşuq, lakin müstəqil Azərbaycanın himnini yazan adamın paytaxtda balaca büstü də yoxdur. 28 mayı ən müqəddəs bayramımız adlandırırıq, ancaq birinci respublikamızın abidəsi Narxozla Əlyazmaların binası arasında qəbir daşıdır. Üstündə yazı olmasa, elə bilərsən ustalar qala divarını remont eləyəndə düşüb qalıb. Bu münasibətlə təklif edirəm Azərbaycan SSR himnindən bir bəndi oxuyaq:

“Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!”

Himnin nəqaratı belə idi. Allah Qorbaçovun evini yıxsın. Bir manata bir pors sosiska alırdıq.

Nəsə, mövzudan çox aralaşdıq, qayıdaq görək tapa bilirikmi. Təsbeh sındıranların istintaqı yanvardan bəri aparılırdı, iş üzrə çoxlu şahidlər dindirilmiş, cinayətkarların xarici agentura şəbəkəsi ilə əlaqələri ciddi araşdırılmış, problemə hüquqi qiymət verilmiş, metroya girənlərdən və çıxanlardan ifadələr alınmış, heykəltəraşların, sənətşünasların, daşyonan, qəbirdüzəldən, mərmər sexi işlədən və sairə yoldaşların rəyləri işə tikilmişdir. Bu ağır cinayətin aradan qaldırılmasında görkəmli fəaliyyətinə görə hakim Ədalət müəllimə, müstəntiq Qaplan müəllimə, vəkil Toplan müəllimə dövlətimizin ali mükafatları təqdim olunmuşdur.

Fikir verin, təsbeh qıran gənclərin cəzalanması ilə eyni gündə MTN-in bir sürü generalını əfv sərəncamına salıb azadlığa buraxdıq. Nəyə görə? Çünki bizdə təsbeh qırmaq qanqsterlikdən qat-qat ağır cinayətdir. Çünki incəsənət, mədəniyyət daha vacibdir, əhəmiyyətlidir, şərəflidir, şöhrətlidir. (Cümləni daha da uzatmaq potensialım var idi, qədrimi bilin).

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости