Свобода людям, независимость нациям!

Müsavat üçün 27 aprel və 27 sentyabr fəlakəti...

9186 06.08.2016 07:49 Колумнисты A A
Arif Hacılının 27 sentyabr 2014-cü ildə Müsavata başqan gəlməsi ilə bolşeviklərin 27 aprel 1920-ci ildə Azərbaycanın başına gəlməsi faktının hər ikisində də Müsavat və müsavatçılar böyük zərər çəkiblər... 

Onu çoxundan yaxşı tanıyıram. 6 ay eyni kamerada olmaqla, 13 ay 15 günlük həbsxana yoldaşlığımız olub. Oralar nə demək, dünən ötəri yazdım...

Nəyə əsəbiləşdiyini, nələrə üzüldüyünü, hansı yeməyi sevdiyini, çayı nə ilə içdiyini, yatanda başının hansı vəziyyətində ufaq xoruldadığını, söyəndə hansı ifadələr işlətdiyini, sevinəndə hisslərini necə büruzə verdiyini, necə oynadığını, nərd-domino oyunlarında uduzanda bir ayrı, udanda bir başqa adam olmasını,  darıxanda nələr söylədiyini, cocuqluq hekayələrini, arzularını, xəyallarını..., hamısını bilirəm. Çox bərk tərləyər, kin saxlayar, amma söz saxlamaz... İlk baxışda etibarsız təsiri bağışlayar, “mənçi”dir; lakin sənin uğrunda fədakarlıqlar da yapar. Vəfasızdı, paxıldı, pisliyi unutmaz; ona yaxşılıq edənləri sevməz. Qarşısından azacıq geri çəkilənin üstünə getməz; bağışlamaz da; kiçik şeylərdən böyük düşmənliklər çıxardar. Böyük düşmənlikləri bitirəməz - içinin konstitusiyası buna uyğun deyil. Düşmən bəllədiyi haqda yalan da danışar, üzünə də durar; lakin həmin andaca vicdanı onu yeyib-bitirər; obyektivliyi yalanından daha böyükdür... Pulu sevər, yaman da xəsisdir, lakin nəfsini gözəl kontrol edər. Mahiyyətcə qorxaqdı. Amma ictimai rəy olan yerdə ölümə qədər gedən cəsurluqlar da edər... Türməyə düşəndən düşənə namaz qılar, lakin çıxan kimi araq da içər; buna baxmayaraq, Allaha inamı səmimidir...


Bax, bu adam indi Müsavatın başqanıdır... 

***
Siyasətdə olmasaydı, yaxşı adam ola bilərdi. Siyasət onu dəyişir; insani münasibətlə siyasi maraqları uzlaşdıra bilmir. Manevr sıfır! Ustalıq sıfır! 

***
O, çox yaxşı ikincidir. Birincilik onun işi deyil. Məhz bu səbəbdəndir ki, hazırda vəzifəcə birinci olduğu təşkilatda faktiki olaraq, yenə də ikincidir...

***
Partiyanın başqanı olduğu qısa müddətdə hamı ilə dalaşmağı, Müsavatı təkləməyi, üstəlik, təşkilatı içəridən dağıtmağı, kiçiltməyi bacardı. Bomboş qərargah, solğun və iyli koridorlar, miskin bir çevrə... Onun Müsavata vurduğu zərər ancaq kommunistlərinki ilə müqayisə oluna bilər. Və müsavatçılar bu cür kütləvi şəkildə ancaq onun və kommunistlərin zamanında söyülüb, mənəvi-siyasi terrorlara məruz qalıb. Arif Hacılının 27 sentyabr 2014-cü ildə Müsavata başqan gəlməsi ilə bolşeviklərin 27 aprel 1920-ci ildə Azərbaycanın başına gəlməsi faktının hər ikisində də Müsavat və müsavatçılar böyük zərər çəkiblər...    

O, bizim bolşevik istilasından sonra qurduğumuz və toparladığımız, bərpa etdiyimiz Müsavatı darmadağın etdi. Son 29 ilin siyasi hadisələri fonunda yetişən və ölkədə tanınan, etimad edilən bir çox siyasi fiqurlar təşkilatdan gedib. Partiya o qədər kiçilib ki, artıq Arif Hacılı orada böyük görünür. Əski halında,  -  iki il öncəyə qədər isə təşkilatda onun kimi ikinciliyə iddia edən ən azı, 15 nəfər var idi. İndi onlar yoxdurlar. Siyasi vitrin də, partiyanın strukturları da, siyasəti, strategiyası, taktikası -  hər şeyi darmadağındır. Təşkilatdaxili demokratiyadan element belə qalmayıb... Hər dəfə panik vəziyyətdə əvvəllər düşmən bildiyi Əli Kərimlinin ayağına gedir, o da buna müxalifət pasportu vermədən, geri yollayır...  

***

İddialar var ki, onun seçkisində saxtakarlıqlar olub, başqanlığı legitim deyil. Buna etiraz edən çoxsaylı müsavatçılar da tapıldı -  proses hələ də məhkəmə aşamasında davam edir. (Bu barədə geniş yazacaq, faktları təqdim edəcəyik).

***
Lakin olanlar oldu. Çağdaş müsavatçıların, elə mənim özümün də Rəsulzadədən sonra Müsavatın simvolu saydığım İsa Qəmbər onun arxasında durdu, üsyanı və bütün iddiaları üzərinə çəkdi; yeni başqanı qorudu; biz də ona sayğı və inamımıza görə farağat durduq; fəqət “gedəcəyik” qərarını dərhal elan etdik; “indi etməyin, zaman keçsin, gedərsiz”, -  xahişini qəbul edib, məcburi biət duruşu sərgilədik. Enində-sonunda, biz hər şeyimizi ona -  İsa Qəmbərə və Müsavata həsr etmişdik. O elə istədi deyə, təşkilatdakı müxaliflərə qoşulmadıq, gücləndirmədik, onlara verdiyimiz meydanı azaltdıq, sonra kəsdik, bilirdik ki, onsuz da hər iki halda Müsavat zərər çəkəcəkdi; üstəlik, İsa Qəmbər üçün onun özündən daha artıq isaqəmbərçi ola bilməzdik, gülməli görünərdi... 

***

Arif Hacılı ilk vaxtlar özünü də şaşırtan fərqli performans ortaya qoydu. “Gəlin qucaqlaşaq”, deyə, hamıya qollarını açdı. Toparlanması üçün zamana ehtiyacı vardı -  ilan dili çıxardaraq, məndən, qəzetdən, köşə yazarlarımızdan Qubad İbadoğluna, Tural Abbaslıya, digər narazılara və müxaliflərə yer verməməmizi istəyirdi. Qəzetimizə - ayağımıza qədər gəldi. Redaksiyada qarşısına çıxanı qucaqlayırdı; Tural Abbaslının tərəfdarı olan və əleyhinə statuslar yazan xanım müxbirimiz Röya Rəfiyevanı da qucaqlamağa fürsət tapdı. Çox güldük. Amma əslində səhnə ağlamalı idi...

(Həmin fraqmentin bir anı...)


Bu rolun bitəcəyi, onun özünə dönəcəyi bəlli idi. Riyakarlıq edirdi, bizi qucaqlayanda, əminəm ki, boğub öldürmək də ürəyindən keçirdi; lakin edəmmirdi...

Arifin, bir siyasətçi kimi miqyası elədir ki, yanında güclü adam istəmir. Saxlaya da bilməz - bilmədi də...

***
Həyatımdakı iki böyük layihədən biri olan Müsavat Partiyasının bərpasından üzü bu yana, bu təşkilatın başına gələn ən böyük fəlakətə sakitcə tamaşa etmək zorunda idim. Müsavat, əksəriyyəti ilə onun ideologiyasının və bayrağımızın iki xəttindən  -  türkçülükdən və İslamdan imtina edən bir qrupun əlinə düşmüş, orada azlıqda qalan dostlarımız da bizim kimi gözləmək, dözmək zorunda qalmışlar.
***
Böyük Başqan mənim ünvanıma “İlham Əliyevlə barışdı”, kiçik başqan isə “təslim oldu”, deyirlər. Lütf etmişlər. Allah razı olsun. Məni böyüdürlər, miqyasımı olandan daha yüksəyə tuturlar. Regionun ən güclü siyasi lideri - prezident İlham Əliyev ya mənimlə barışmış, ya da məni təslim almışdır...
Arifin qardaşı, partiya funksioneri Mustafa Hacıbəyli isə iddia edir ki, başqanların ikisi də birdən haqsızdı, “sən satılmısan”.

Daha çox Əli Kərimli dəstəsinin leksikonudur, düz 10-12 ildir ki, bu iddianı üstümüzə yağdırırlar. Lakin onlar da hələ indiyə qədər aydınlaşdıra bilməyiblər: bir özəl qəzetin sahibi olaraq mən onların nəyini və haraya satmışam? 

***
Üç modelin üçü də məqbulumdu. Üçünü də qəbul edirəm. Amma Allahı sevərsiniz, daha bəsdi, arvad kimi az deyinin, gedin öz işinizlə məşğul olun. 1989-cu ildə qurduğum “Yeni Müsavat” media qrupunu götürüb, siyasi bataqlıqdan kənara çəkilmişəm. Fəaliyyətimi qəzetçilik xətti ilə davam etdirəcəyimi bildirib, öz ofisimdə, 20-23 illik iş yoldaşlarımla möhtəşəm layihəmi davam etdirmişəm. Sizin nə işinizə qalıb, mən nə edirəm, necə edirəm???

***

Müxalifətdə dəb halını alıb, kim xoşlarına gəlməsə, “satqın” yarlığı vururlar. Hacılı qardaşları təkcə mənəmi deyir bunları? Bir qəzetləri qaldırın, illərini, həyatını, sağlamlığını Müsavata sərf etmiş, zülmlər və zindanlar çəkmiş minlərlə hərəkat üzvü, partiya rəhbərliyində təmsil olunan dəyərli simalar “satqın” damğası ilə kənara atıldılar. 

***

Mustafa əslində gerçəkdən, yaxşı oğlandı. Döyüşçüdü, qazidi, gözəl jurnalistdi, Arifdən fərqli olaraq, təmiz, kinsiz ürəyi, bağışlama yetənəyi var. Üstünə, həm də yaxşı qardaşdı - Arifin qarşısında kim olsa, böyük qardaşı kiminlə toqquşsa, Mustafa düşünmədən, tərəddüd etmədən öz qardaşının tərəfini tutur. Arif partiya başqanı yox, kriminal avtoritet olsaydı, indi Mustafa ona görə neçə-neçə adamları yortmuşdu... (Vaxtilə, indi feysdə mənim ünvanıma yazdıqlarından daha ağır iddia və ifadələri,  kabinetinə girərək, Böyük Başqana da söyləmişdi... )

Əminəm ki, Arifin qardaşı olmasaydı, o, içindəki ədalət tərəzisinə görə məhz indi yeni başqanın qarşısında olacaqdı! 

***
Mənsə özümü və qəzetimi Arif Hacılının qarşısında bilmirəm. Bizim öz işimiz, yolumuz var. Arif Hacılı iddia edir ha, “qəzetin siyasi kursu onlarla uyğun gəlmir”. Bax, məhz bu nəticə üçün işləyirik! Qəzetin siyasi kursu olmur, yoldaş komsomol! Siyasi kurs partiyalarda olur, qəzetin informasiya siyasəti olur; bu da daxili məsələdir; oxucu ilə qəzeti yönəldənlərin özəl mövzusudur. Bir partiya başqanı bir qəzetin üstünə “siyasi kursa” görə hücum edirsə, çox ayıb edir, bu qələtini mütləq düzəltməsi lazımdır. 

***

Tutaq ki, 1-2 ayı da mənimlə yola verdiniz  - arada biz də ufaqdan buna cavablar yazdıq. Bəs sonra? Axı Arifin və onun dəstəsinin mandatı var - Müsavat başqanı, müxalifət lideri sayılır. Axı nə zaman bu mandata uyğun fəaliyyətə başlayacaq? 

Minlərlə insan xəyal və ümid qırıqlığına düçar olub. Arif Müsavatı da, onunla bərabər minlərin şansını, arzu və siyasi iddialarını da demək olar ki, bitirib, qurtarıb.

Arif Hacılı tarix, Müsavat adı və müsavatçılar, o cümlədən bu partiyada haqqı olan hər kəs qarşısında böyük cinayət işləməkdədir. Azərbaycanın milli təsanüd modelini siyasi intriqalar yuvasına, şər qərargahına çevirib. 

Əslində özünü müsavatçı sayan hər kəs indi ayağa qalxıb, onu durdurmalı, təşkilatı bu fəlakət başqandan qurtarmalıdır. 

Biz də bu səhnələrin fotosunu çəkib, xəbərlərini verməyə hazırıq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости