Свобода людям, независимость нациям!

Müqəddəs akademikin xalqa görünməsi

2056 18.03.2022 10:00 Колумнисты A A

Hörmətli akademik Ramiz Mehdiyev iki gün qabaq AMEA binasında görünmüş, bütün əhalini təşvişə salmışdı. Qəzetlər yazırdı ki, bəlkə o, yenidən idarənin prezidenti olmaq üçün qayıdıb? Televiziya kameraları akademiyanın qapı və darvazaları, pəncərə və bacaları qarşısında yorulmadan, usanmadan keşik çəkirdilər, Ramiz müəllimdən bu rəsmi səfərin mənasını soruşmaq istəyirdilər, lakin həmişəki kimi oldu, müqəddəs insan gizli gəldiyi kimi, sirli şəkildə də qeybə çəkildi. Onun AMEA-dan necə, hansı üsullarla çıxması xalqı məəttəl etdi.

Əlbəttə, ariflər üçün burada sirr yoxdur, biz bilirik ki, tarixən peyğəmbərlər, imam övladları mağaralara, kahalara, əhli-qüburun yatdığı pir və ocaqlara varid olub qeybə çəkilmək xassəsinə malikdir. Ramiz müəllim də müqəddəs, toxunulmaz insandır, AMEA isə kahadır.

Hərçənd dünən akademiyanın mətbuat katibi Azadə xanım açıqlama verib, deyir Ramiz müəllim şəxsi əşyalarını götürməyə gəlmişdi, çıxdı getdi. Sən dedin, biz də inandıq... Ramiz müəllimin hansı şəxsi əşyası ola bilər? Bu adam ömrünü xalqın yolunda həsr eləmiş dahi şəxsiyyətdir, bütün pulları, villaları qaçqınlara bağışlayıb, özü hazırda Diogen kimi çəlləkdə yaşayır.

İkincisi, lap hesab edək akademiyada köhnə kabinetində Ramiz müəllimin təsbehi, əmmaməsi, at nalı, dağdağan çubuğu, nə bilim, lap elə aftafa kimi zəruri mistik-ruhani-şəxsi əşyaları qalmışdı. Bəyəm idarə özü həmin şeyləri Ramiz müəllimə çatdırsa canı çıxardı? O qədər kuryer xidmətləri var, verirsən, motosikletdə aparırlar. Ramiz müəllimin hər dəfə yerindən qalxıb adam içinə çıxması cəmiyyətdə bu dərəcədə gərginliyə, titrəyişlərə, zəlzələ, sunami, tornado, cırnado və sairəyə səbəb olursa, niyə onu təprədib bizi zibilə salırsınız? Hələ mən onu yazmıram ki, Ramiz müəllim şəxsi əşyaların dalıyca AMEA Rəyasət Heyətinin binasına gedəndə öyrəncəli olduğu üçün dönüb Prezident Administrasiyasına girə bilərdi, çün, bunun ikisi də qonşuluqda, İstiqlaliyyət küçəsindədir. Onda biz gərək bütün prosesi başdan, təzədən başlayaydıq.

Sözgəlişi, fikir versəniz Ramiz müəllim administrasiyadakı vəzifəsindən çıxarılandan onu o binada görən olmamışdır. Nəyə görə? Çünki orda çalışanlar daha ağıllı adamlardır: Ramiz müəllimi işdən çıxaranda bütün şəxsi və qeyri-şəxsi əşyalarını yeşiyə yığıb qoltuğuna veriblər. Geri qayıtmaq üçün hər hansı ayaq yeri qoymayıblar. Müdriklik, novatorluq, idarəçilikdə modern, siyasətdə postmodernizm budur. Mən idarədəki gənclərə, Vasif müəllimin sözü olmasın, qibtə edirəm.

Şair demişkən, sağlığında qiymət verək insanlara. Bax, bugünlərdə bir nəfər sənətkar rəhmətə getdi, mən onun dəfn mərasimini uzaqdan-uzağa izlədim, axıdılan saxta göz yaşlarına-filana baxdım və bir daha uca millətimizin uzaqgörənliyinə, dünyagörüşünə, qiymətləndirmə şkalasına heyrətləndim. Özünüz deyin, hansı xalqın belə gözəl ata sözü vardır: “Sağlığında kor Fatı, öləndə alagözlü Fatmam laylay”. Bu sənətkarın da dalıyca sağlığında olan-olmayan min dənə söz quraşdıranlar onun yasında ağlaşıb üzünü cırırdı.

Bunlar hamısı bizim milli dəyərlərimiz, mentalitetimizdir. 95 nəfərin qızıllarını, pullarını əkişdirib Ukraynaya qaçan bir tipik dələduz var, hazırda onun məhkəməsi gedir və “dostumuz” özünü müdafiə üçün sizcə hansı arqumenti irəli sürmüşdür? Buyurun: “Mən namaz qılan adamam, haram yemərəm”. Əlbəttə. Güclü arqumentdir. Bizdə xalqın malını yeyənlərin, oğruların heç biri namaz qılmır. Həccə getməyiblər. Dinə inanmırlar. Türmələrimizdə yatan 25 min dustağın hamısı ateistdir. İçində bir nəfər buddist-prokuror var, ancaq istisna nəyi dəyişir?

Ümid eləyək şeyximiz və onun qudası bu dindar şəxsiyyətin müdafiəsinə qoşular. Hakim əslində dələduz qardaşımızı azad eləməyə hazırdır, sadəcə, hakimin özü də namaz qılandır. Burada bir az maraqlar toqquşur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости