Свобода людям, независимость нациям!

Müftə quyruq həsrətində

1251 21.06.2024 11:02 Колумнисты A A

Onsuz xalqımız safdır, təmiz qəlblidir, öz hökumətinə ürəkdən bağlıdır, yuxarıdan gələn hər sözə inanır, son illərin elmi-texniki yenilikləri də işi lap korlayıb, xalqın etimadından sui-istifadə edən dələduzlar ordusu yaranmışdır. Bunlar internet üzərindən milləti aldadır, son qəpiklərini əllərindən alırlar. Ən geniş yayılmış üsullardan biri budur: hansısa rəhbər şəxsin saxta videosu hazırlanır, səsi, danışıq tərzi, görüntüsü əslindən seçilməyəcək dərəcədə ustalıqla düzəldilir, sonra bu uydurma “şəxs” deyir ki, bəs filan-filan şirkətləri özəlləşdirməyə çıxarmışam, gəlin, pul qoyun, pay yiyəsi olun, faiz alın, qaz vurun, qazan doldurun!

Halbuki xalqın azca savadı olsa bilərdi ki, bizim əsas dövlət şirkətlərinin özəlləşdirilməsi faktiki mümkün deyil. Həm ona görə ki, bunları əslində çoxdan özəlləşdiriblər, həm də bizim iqtisadiyyat elə bu şirkətlərin belində dayanır. Yer kürəsi okeanda üzən nəhəng tısbağanın belindəki üç filin üstündə durduğu kimi. Filin biri qaçıb getsə, planet suya düşər. (Mən özüm Yerin kürə şəklində olmasına inanmıram. Elə olsaydı, biz ömrümüz boyunca hansısa nazirimizlə, deputatla üz-üzə gələrdik). 

Hər nədirsə, dələduzlar belə saxta, “dip-feyk” texnologiyalı üsullarla xalqı aldadırdılar. İndi DTX belə beynəlxalq fırıldaqçıların ikisini tutduğunu bəyan etmişdir. Yaramazlar Ukraynada gizlənirmişlər. Təbii, bizim ölkədə dələduzluqla məşğul olmaq hər oğulun işi deyil. Bunun üçün lisenziya alınmalıdır. Zarafat edirəm, əlbəttə. Bu qədər hacı, kərbəlayı, məşədi olan ölkədə insanların bir-birini aldatması qətiyyən mümkün deyildir. Ona görə bir-birimizi aldatmaq üçün 1 apreli elan etmişik. Həmin gün hamı yalan danışır, əylənirik. Ürəyimiz partlayır 1 aprel üçün. 364 gün onun intizarında yaşayırıq. Nədi-nədi yalan danışacağıq.

Ancaq qədim əyyamlarda, AXC-Müsavat cütlüyünün dövründə, Ağqoyunlu və Eldəgəzlər sülaləsi zamanı bizdə də bəzi dələduzlar at oynatmışdır. Məsələn, uzun illər bizi kölə kimi işlətdilər, pul-zad vermədilər, guya kommunizm qururduq. Həmin prosesin axırında bir kişi ekranda peyda olmuşdu, deyirdi stəkanda su qoyun, ona enerji üfürəcəm, içib bütün xəstəliklərdən qurtulacaqsınız. Eyni vaxtda maliyyə piramidaları yarandı, millətin sovetdən qalma üç-beş manatı da həmin lotuların cibinə getdi. Bizim bir qahım vardı, rəhmətə gedib, professor adam idi, ancaq elə “vahidbanklardan” birinin qarmağına keçmişdi. Nəsə adında “Aleks”-zad olmalıydı, yadımda qalmayıb. Həmin fırıldaqçılar hətta səhm kağızına oxşar, arxasında havadan başqa heç nə olmayan vərəqlər çap etmişdilər, camaata və bizim qahıma satmışdılar. Professor tələyə düşmüşdüsə, sadə camaat nə eləsin?

Müstəqillik illərində muncuq düzənlər, üskük oynadanlar, özəlləşdirmə çekləri, Eldar Mahmudovun nazirliyi, Ramiz müəllimin ağsaqqallığı və sairə bu kimi kələklərlə üzləşdik. Ümumiyyətlə, insanlar havayı, əziyyət çəkmədən, müftə gəlirlərə dünyanın hər yerində inanırlar, tək bizim başımıza gəlmir. Amerikadan Rusiyaya, Türkiyədən Çinə qədər hər yerdə belə dələduzların tələsinə düşən saysız adamlar olub, var, olacaq. Məsələn, mən son illərin bitkoin və xomyak kimi oyunlarının partlayacağı günü gözləyirəm. Hərçənd bu cürbəcür “koinlər” elə də havayı yaranmır, mayninq üçün nə qədər elektrik enerjisi sərf edilməlidir.

İqtisadiyyatda heç nə öz-özünə yaranmır. Əziyyət çəkmək, əmək sərf eləmək lazımdır. Tək iqtisadiyyatda yox, həyatın bütün sferalarında əmək birinci şərtdir. “Allahdan buyruq, ağzıma quyruq” olmur. 

Olsa belə, diqqətlə baxın, başqa quyruq olması ehtimalı böyükdür.    

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости