Свобода людям, независимость нациям!

Müəmmalı qətllərin açılması – birində qatil azadlıqda qalır, o birində məsum şəxs həbsə düşür

2346 04.04.2024 11:50 Колумнисты A A

İnternet resurslarında müəmmalı qətllərdən və onların üstünün açılmasından bəhs edən minlərlə sənədli film var. Bəzilərinin əsasında bədii filmlər, seriallar da çəkilib, ancaq sənədli filmlər daha effektivdir, faktolojidir, təxəyyül ədvası vurulmayıb.

O sənədli filmlərə baxanda, ABŞ və Avropa ölkələrindəki müəmmalı qətllərlə Şərq ölkələrindəki, xüsusilə də postsovet məkanındakı qətllərin, o cümlədən digər ağır cinayətlərin (serial zorlama, quldurluq və s.) üstünün açılması prosesini müqayisə edərkən belə bir gerçəklik göz önündə canlanır: hər ikisində cinayətin təhqiqatı və mühakiməsi mükəmməl deyil, hər ikisində qüsurlara, pozuntulara yol verilir.

Məsələn, ABŞ-da tamamilə təqsirsiz olan birinin 20 (bəzən 30) il həbsxanada yatdıqdan sonra tam təsadüf nəticəsində günahsız olduğu ortaya çıxır və 25 yaşında cavan oğlankən ömürlük həbsə məhkum edilmiş adam 45-50 yaşında azadlığa çıxır. Bir prokurorun, müstəntiqin, hakimin səhlənkarlığı nəticəsində adamın ömrü gedib.

Yaxud belə epizodlar da olur: törədilmiş qətlin şübhəlisi yaxalanır, cinayət alətində adamın barmaq izi, cinayətin motivi var, şahidlər məhz bu adamın qətlə yetirilmiş şəxsi izlədiyini, hətta hədələdiyini deyirlər, çatışmayan şey yalnız qatilin etirafıdır və o da bunu etmir. Adamın vəkili həqiqəti bilə-bilə iri məbləğli qonorar müqabilində özünü “ülgücləyir”, nəhayət, məhkəmə son verdiktini elan edir: “Dəlil yetərsizliyi səbəbindən şübhəli şəxs sərbəst buraxılsın”. Beləcə, manyaklığa meylli qatil cəmiyyətə qarışır və onu bir də növbəti qətllərini törədəndə, “dəlil yütərsizliyi” olmasa, həbs edirlər. Ara yerdə bir neçə məsum adam onun qurbanı olur.

Bu tərəflərin uyğun praktikası isə başqa prizmadan qeyri-mükəmməldir. Burada bir qatili azadlığa buraxmaqdansa, 2-3 günahsız adamı həbsxanada yatırtmaq təmayülü var. Bir çox Şərq ölkələrində, postsovet məkanında müəmmalı qətllərin təhqiqatı və mühakiməsi zamanı “dəlil yetərsizliyi” söhbəti yoxdur, əksinə, adamın günahkar olduğunu təsdiq edən dəlillər həddən artıq çox olur. Adama torbanı, necə lazımdır, tikirlər. Üstəlik, şübhəlinin özünün etirafı da var. Düzdür, o məhkəmədə bu etirafın ondan fiziki təzyiq yolu ilə alındığını deyəcək, amma bu da “özünümüdafiə” fəndi hesab edilərək hesaba alınmayacaq. İlkin Süleymanov hadisəsi buna parlaq misaldır.

Bu tərəflərdə ağır cinayət işlərinin istintaqı zamanı “fiziki təzyiq” əsas qətimkan tədbiridir. Az-az hallarda bunsuz ötüşmək olur. Hətta sovet dövrünün ən mülayim, qanunpərəst vaxtlarında da belə şeylər tətbiq olunub.

Bununla bağlı danışan köhnə rəislərdən biri “profilaktik tədbir” adı qoyduqları əmələ haqq qazandıraraq deyirdi: “Yaxşı, necə olsun? Adam ya qatildir, ya da qatilin kimliyini bilir. Biz onunla xoş danışsaq, heç nə deməyəcək. Amma bir acı şapalaq nəticəsində qatil cəmiyyətdən təcrid olunacaqsa, bunu niyə etməyək? Çox vaxt heç buna da ehtiyac olmur. İlk eyhamlardan cinayətətkarların çoxu aqibətinin nə olacağını bilir, bir şillə vurmamış bildiyinin hamısını deyir. Yoxsa buralar Çikaqoya, Palermoya dönər”.

Bir baxımdan məntiqli açıqlamadır. Ancaq anus dəliyinə butulka yeridiləcəyi hədəsi ilə üzləşən günahsız şübhəlinin rüsvayçılıq şoku qarşısında yuxarı mərtəbələrdən özünü atması halları da olub. Düzdür, belə sıradışı olaylarda günahı olanlar çox zaman sistemdən xaric edilir, hətta bəzilərinə qarşı cinayət işi də açılır, ancaq qısa müddətdən sonra şübhəli şəxslərdən “səmimi ifadə”lər almaq taktikası bərpa edilir.

Məhz buna görə bir neçə gün öncə “Rossia Today” telekanalının rəhbəri Marqarita Simonyan “Krokus” qatillərinin cəzalandırılmasından danışarkən “bura Norveç deyil” deyirdi. Yəni “bura Norveç deyil, terrorçular ağır cinayət törətdikləri üçün artıq heç bir hüquqları qalmayıb, hər cür qeyri-insanı rəftar görəcəklər”.

“Krokus” qətliamına görə həbs edilənlərin içində bir ailənin üç üzvü var: ata İsrail İslamov və iki oğlu – Dilovar və Amincon. Tacikdirlər. Onlara teraktda iştirak ittihamı verilib. Günahları da odur ki, terror aktı zamanı istifadə olunmuş “Reno” markalı avtomobil əvvəllər bu ailəyə məxsus olub və onu şübhəli şəxslərə satıblar. Vəssalam. Bundan başqa, istintaqın əlində heç bir dəlil-sübut yoxdur. Heş baxmırlar da ki, həmin maşın bu ailədən yalnız birinin adına olub və maşını o satıb. Bəs o birilərin günahı nədir? Əgər ailədə 11 oğul olsaydı, maşın alqı-satqısına görə yenə hamısı tutulacaqdımı?

Açıq-aşkar ortadadır ki, Rusiyanın hüquq-mühafizə orqanları bu işlə bağlı daha çox adam həbs etmək, işi böyütmək, böyük bir cinayət şəbəkəsini faş etdikləri barədə rəy yaratmaq istəyirlər. Bu gedişlə terrorçu-bərbər Fayzova baş qırxdıranları da tutacaqlar.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости