Свобода людям, независимость нациям!

MTN-in quzuları

2357 17.09.2022 09:50 Колумнисты A A

“Bir nəfər məni istintaq eləmək istəmişdi. Mən onu lobyalı sousla, diri-diri yedim”

 (“Quzuların susması” filmindən)

 

Ləğv edilmiş MTN-in istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisləri, polkovniklər Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun (axırıncı rəis müavini olub) məhkəməsi başa çatmaq üzrədir. Onlar ümumilikdə 14 milyon manatdan çox rüşvət almaqda, hədə-qorxu ilə 5 milyon manatdan çox ələ keçirməkdə, o cümlədən, səlahiyyət həddini aşmaqda, sübutları saxtalaşdırmaqda və sairədə suçlanırlar. Artıq dövlət ittihamçısı Şıxəliyevə 14, Vüsal Ələkbərova 15, Yasin Məmmədova 12, Sahib Ələkbərova isə 10 il azadlıqdan məhrumetmə cəzası istəyib. 20 sentyabrda hakim hökmü oxuyacaq, hələliksə “dostlarımız” son sözlə çıxış ediblər.

 

Dünənə qədər millətə qan udduran bu yoldaşlar məhkəmədə məsum quzular kimi ağlaşırlar. “Mən bu dövlətə canımı fəda eləmişəm. Balalarımı atasız, evsiz-eşiksiz qoymayın” - Yasin Məmmədovun son sözündən sitatdır. “Vicdanıma, namusuma and olsun heç bir günahım yoxdur” - Vüsal müəllim deyir.

 

Adamın lap yazığı gəlir, istəyirsən gedib məhkəmənin qabağında aclıq elan edəsən. Halbuki, bu adamların MTN-ə basıb soyduğu şəxslər intihar edirdi, anaların ürəyi partlayıb ölürdü, zərgərlər qızıl dükanı işlədəndə gözləri qapıda qalırdı ki, indi Eldarın adamları gələcəklər.

 

Vəziyyəti tragikomik edən isə həm də odur ki, Yasin müəllim MTN ləğv olunandan sonra vəkil işləməyə başlayıbdır. Sahib Ələkbərov da vəkilliyə başlayıb. Belə bir situasiyada Elçin Sadıqov kimi vicdanlı vəkilin türməyə salınmasını anlamaq çətin deyil.

 

Keçmiş çekistlər bir ağızdan günahsız olduqlarını, əmr yerinə yetirdiklərini söyləyirlər. Əlbəttə. Adolf Eyxman da 1962-ci ildə - düz 60 il bundan öncə İsraildə məhkəməsi qurulanda belə demişdi. Fağırın heç yəhudi xalqının əzablarından da xəbəri olmayıbmış, sadəcə qaz kamerasını işlədirmiş. Mexaniki işdir da bə. Burda nə suç var ki? Qaz borusunun klapanını aç, bağla, vəssalam. Ancaq namərd israillilər nədənsə Adolf müəllimin səmimiyyətinə şübhə elədilər, kişini asdılar, cəhənnəmə vasil oldu getdi.

 

General Mövlam müəllimin çıxışından bir hissə lap şedevrdir: “Biz hədə-qorxu ilə heç kimdən pul almamışıq. Xahiş edirdik. Görünür pul verənlər xahişi səhv başa düşüblər”. Onlarla iş adamını idarədəki qanunsuz türməyə salıb evlərini, maşınlarını, hətta bankları ələ keçiriblər, lakin sən demə bunun hamısı xahiş imiş... Bilmirsən Mövlam müəllim məhkəməni ələ salır, yoxsa səmimi-qəlbdən belə çıxış edib özünü müdafiəyə çalışır.

 

Ancaq insafən çekistlərin son sözündə hüquq sistemimizin durumunu göstərən detallar da var. Məsələn, onlar deyir ki, əgər biz həmin adamları tutub idarədə soymuşuqsa, bəs bu işlərə sanksiya verən prokurorlar - Zakir Qaralov və Rüstəm Usubov niyə dindirilmədi? Bir iş adamını soyub pulları (8 milyon manat - xırda bir şeydir, əşşi) deputat Ziyad Səmədzadəyə verdiklərini söyləyiblər, onu da çağırıb dindirən olmayıb. Amma bizdə kimsə “filan jurnalist pul alıb” deyən kimi bütün dövlət maşını işə düşür. Niyə? Deputatın, keçmiş baş prokuror və onun müavininin hüquqları sadə adamların, jurnalistlərin hüquqlarından çoxdur? Ən əsası, bunlara başçılıq edən Eldar Mahmudovun ifadəsi hanı?

 

Daha sonra deyirlər ki, o iş adamlarına qarşı açılan cinayət işləri üzrə hökmlər ləğv edilməyib, bəs bizim günahımız nədir? Bu da başqa qəribə, gülünc vəziyyətdir. 10 il qabaq sən kiməsə cinayət işi açmısan, tutub soymusan, indi o saxta cinayət işi də yerində durur, bu da. Bəs günahkar kimdir? Pişik budursa, ət hanı, ət budursa pişik hanı?

 

Ancaq çekistlər gərək rəngləri çox tündləşdirib “bizə tapşırıq verənlərin adını çəkərik” kimi çıxışlar yapmasın. Düşər-düşməzi olar. İndiki halda bu hökmlərdən qorxmaq lazım deyil. Uzağı 2-3 ilə əfvə düşüb çıxarsınız. Belə şeylər bizim tariximizdə çox olmuşdur.

 

“Ah, Klarissa, sizin probleminiz həyata çox ciddi yanaşmağınızdadır” - yuxarıda adını çəkdiyimiz filmdə deyilən kimi.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости