Свобода людям, независимость нациям!

Mini islahat

3513 15.06.2022 21:19 Колумнисты A A

Üzeyir Hacıbəyovun 1908-ci ildə “Tərəqqi” qəzetində “Biz necə iş görürük” adlı uzaqgörən essesi çap olunmuşdur. Həmin yazıda bəy bizim işlərdə ilk növbədə nərdivanın çatışmadığını göstərir. Tədricən, təkamül yoluyla çalışmağa səsləyir. İkincisi, yazır ki, bizim millət həmişə yekə işlərdən yapışır, nəticədə balaca işləri də bacarmır.

Bu yazı Azərbaycan mini futbol komandası Slovakiyada keçirilən Avropa çempionatında qalib gələndən sonra yadıma düşmüşdür. Açığı, bu çempionat haqda hansısa məlumatım yoxdur, dövlət başçısı komandanı təbrik üçün qəbul edərkən söylədiyi kimi, heç onlardan qələbə gözləyən də yox idi. Yarış necə keçdi, hansı oyunlar oldu, kim qol vurdu, kim qol buraxdı... Qəti bilməmişik. Birdən, qəfildən elan olundu ki, komandanız çempion olmuşdur. Sonra video paylaşdılar, komandanın oyunçuları meyxana qoyub oynaşırdılar, hətta ortada nəsə cırıq-cırıq bir kubok var idi. Təbrik edirəm, axarıncı olsun, gün o gün olsun mini futbol üzrə dünya çempionatını Bakıda keçirək, yollar probka olsun, camaat mələşsin, ilahi, amin.

Bir qeyd də edim: bu mini futbolun qayda-qanunları haqda hər hansı bilgilərim yoxdur. Onun topunun adi futbolun topundan ağır olmasını belə təzəlikcə öyrənmişəm. Uşağa top almalıydım, biri nəsə ağır gəldi, satıcıdan səbəbini soruşdum, dedi mini futbol topudur. Sən demə, meydança balaca olduğu üçün topu ağır düzəldirlər ki, hər dəqiqə, hər zərbədən sonra uçub qırağa getməsin. Bunun özü gözəl tətbiqat üsuludur, millətimiz gərək özünü ağır aparsın, yoxsa kimə təpik vururlar, qaçır xaricə düşür.

Hərçənd, son illər klassik futbola da o qədər yeniliklər, qaydalar əlavə edilib, dəyişilib ki, artıq bundan da başım çıxmadığını etiraf eləyirəm. Ən son dəfə 5 oyunçu dəyişməyi qəbul etdilər. Məncə bu, mənasız, səhv dəyişiklikdir, çünki oyunda dramatizmi azaldacaq. Futbolu xoş tamaşaya çevirən detallardan biri onun sürprizləri, çətinlikləriydi. Cəmi 3 dəyişiklik şansı vardı, bunu səmərəli istifadə etməliydin, bəzən hər üç imkandan yararlanırdılar, kimsə zədələnirdi, məcbur olurdular az adamla oynasınlar. Yaxud, qapıçı zədələnib çıxırdı, müdafiəçi onun yerinə keçirdi və sairə. İndi 5 dəyişikliklə kefin istəyən kimi, arxayın yaşa özün üçün. Bu minvalla FİFA gələcəkdə 11 dəyişikliyə keçəcək, ondan sonra çal oynasın Əjdər əmi... Məncə mübahisəli anlara videobaxış şansı – VAR sisteminin tətbiqi də futbola zərər vurub. Oyun həm də hakim səhvləri, hansısa epizodun gözdən yayınmasıyla dramaturgiya qazanırdı. Camaat əliylə qol vururdu, heyf o günlərdən...

Mövzudan çox uzaqlaşdım, sözümün canı odur ki, əgər biz bu cür mini oyunları yaxşı bacarırıqsa, niyə mayanı bura qoymayaq? “Tofiq Bəhramov”u, Olimpiya stadını bölsək neçə mini futbol sahəsi çıxar. Burax uşaqları, kef eləsinlər, oynaşsınlar. Bizdə 100 metri qaçmaq alınmır. Nəfəsimiz çatmır. Bala-bala oynamaq yaxşıdır.

Sözgəlişi, təzəlikcə Tibb Universitetinin kitabxanasına tələbələrin mini yubkada, şortikdə buraxılmadığı açıqlanmışdı. Məncə çox səhv hərəkətdir. Futbolçularımızın göstərdiyi kimi, mini yaxşı şeydir.

İkincisi, gələcəyin həkimləri kitabxanada insan bədənini, anatomiyanı öyrənməlidirsə, niyə onların qabağında yarıçılpaq modellər olmasın? Hətta yaxşı olardı kitabxanada lüt-ətcəbala oturmağa icazə verilsin. Yoxsa tələbənin geyiminə mız qoyursan, axırda savadlı həkim tapılmır. Bunlar bədən görməlidir, dərzi kursu oxumurlar pal-paltara baxsınlar.

Mini-islahatlar paketində nazirliklərin, dövlət idarələrinin balaca formalarının yaradılmasına baxmaq olar. Mini icra hakimiyyəti çox gözəl işləyərdi. Səmərəli, çempion kimi. Yoxsa birbaşa maksi qoyuruq, o da gedir camaatın cibinə girir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости