Свобода людям, независимость нациям!

Mini-bar soyan ata, sevgilisinə 8 milyonluq peşkəş edən oğul

3411 28.12.2022 12:15 Колумнисты A A

 

Nemət Pənahlının Vasif Talıbovun otel sərgüzəştləri barədə “TV Musavat” danışdığı əhvalata gülməmək mümkün deyildi. Gerçəkdən də məzəli əhvalatdır.

Hadisə belədir. Uzun illər öncə elə olur ki, Nemət bəy və Vasif Talıbov Türkiyədə “Şeraton” otelində qalırlar. 5 ulduzlu otelin mini-barında spirtli içkilər və sair məmulatlar görən Talıbov onları öz çantasına yığırr. Otel xidmətçisi mini-barı təzədən doldurur, Talıbov yenə nə varsa, silib-süpürür. Axırda N.Pənahlı biabır olmamaq üçün başqa otelə keçir.

Amma bir iş var ki, N.Pənahlı onun üstündən keçib, söhbətin mabədini danışmayıb. Məsələ belədir ki, mini-bardakı içkilər, şokoladlar və s. şeylər heç də müftə deyil, əksinə, 5 qat bahadır. Sən oradan 30-40 dollarlıq nəsə götürüb içə, yeyə bilərsən, amma çıxışda səndən 150-200 dollar tələb edəcəklər.

Ona görə də Talıbovun mini-bardakı içkiləri, yeməli şeyləri müftə hesab edərək çantasına doldurması haqq-hesabının ardı da olmalıydı ki, bilək, o, həmin şeyləri yenidən qaytarıb otelə verib, yoxsa cibindən bir qom pul çıxararaq otel adminstratoru ilə ödəşib.

Mini-bar pullu adamlar üçündür. Bir dəfə xaricə ezamiyyətə göndərdiyimiz əməkdaşımız da mini-bardakı içkiləri sümürmüşdü, çıxışda saxlamışdılar ki, 200 dollar borcun var, o da dərhal redaksiya rəhbərliyinə zəng eləmişdi ki, bəs, belə bir işə düşüb.

7-8 il əvvəl mini-barla bağlı mənim də başıma bir hadisə gəlib. Ukraynada beynəlxalq media forumuna qatılmışdıq, “Prezident” otelində qalırdıq, çıxışda mənə dedilər ki, mini-bara filan qədər borcun var. Sakitcə dedim ki, cənablar, düzü budur ki, mən sizin o mini-barın otağın harasında olduğunu belə bilmirəm, üstəlik, mini-barlardakı zəhrimarların qan qiymətinə olduğunu bilirəm. Araşdırdılar, 1-2 dəqiqədən sonra üzr istədilər ki, yanlışlığa yol veriblər.

Bir dəfə Almatıda “Riksos” otelində türk əsilli bir milyarderin mini-bardakı viskiyə əl vurmadığını, otel işçisinə pul verib üzbəüzdəki supermarketdən viski aldırdığını görmüşəm. Bəlkə də o, ona görə belə edirdi ki, mini-bardakı viski şüşəsi 250 qramlıq idi, amma adam 700 qramlıq aldırmışdı.

N.Pənahlının söhbətindən belə anlaşılır ki, həmin hadisə Talıbovun kasıb vaxtında baş verib. Görünür, ona qədər Talıbov nə 5 ulduzlu otel görübmüş, nə də mini-bar. Görən adam elə şey eləməz. Belə şeylərin hamısı görməmişlikdən olur.

Söz yox ki, Naxçıvana “xanlıq” etməyə başlayandan, yavaş-yavaş əvvəlcə milyonçuya, sonra isə milyarderə çevriləndən sonra Talıbov vaxtaşırı zəngin mini-barı olan 5 ulduzlu otellərdə qalıb, amma onların soyuducusunu boşaltmayıb. Ona görə ki, artıq görmüşdü, bilirdi ki, birincisi, bunlar havayı deyil, ikincisi, düşünürdü ki, puluna nə gəlib, istəsə, nəinki bu mini-barladakı şeyləri, hətta oteli topdan alar.

Hərçənd kim bilir, kleptomaniya deyilən bir psixoloji xəstəlik var, ona yoluxanlar milyonçu və ya milyarder olsalar da, alış-veriş mərkəzlərindən 1-2 dollarlıq nəsə çırpışdırırlar. Belə etməsələr, rahat olmurlar. Bu da bir növ manyaklıqdır. Təsəvvür edin, adamın şəxsi təyyarəsi, yaxtası, lüks avtomobilləri, villaları var, amma supermarketdən saqqız oğurlayıb, cibinə qoyur, pulunu vermədən çıxır və sevinir ki, 50 sent qabağadır.

Hər halda Talıbovun bugünkü varidatının, sərvətinin miqyası göstərir ki, Nemət Pənahlının yanında yol verdiyi qəbih hərəkətdən sonra mini-barlarla işi olmayıb, maksi-barlara, dövlət büdcəsinə girişib.

Bu yazının nöqtəsini qoyanda uşaqlardan biri danışdı ki, Talıbovun oğlu müğənni sevgilisinə röyasında belə görməyəcəyi hədiyyə bağışlayıb – 8 milyonluq villa verib. Hətta xanzadənin arvadı bu işin üstündə həmin müğənnini Bakıdakı otellərdən birində saçlayıb, dəhlizdə sürüyüb. Ancaq bunlar şayiə ola bilər, bilirsiniz ki, yıxılana balya çalan çox olur.

Yenə də inkişafa, tərəqqiyə baxın, ata mini-bardan 250 qramlıq viski əkişdirsin, oğul bir qadına 8 milyonluq hədiyyə peşkəş eləsin.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости