Свобода людям, независимость нациям!

MƏZAHİRİN SON XƏBƏRİ

22640 23.08.2010 09:22 Колумнисты A A

***

Qəbul eləyə bilmirəm, sindirəmmirəm içimə. Bu qədər odun-alovun içindən çıx da, Rusiyanın, Ukraynanın ölüm və qəriblik qoxuyan şəhərlərini bir-birinə vur, arada dinlənmək, övladlarının üzünü görmək üçün vətənə dön... Və...

***

Son telefon danışığımız 17 avqustda oldu (saat 10.27-də): “Gəlmişəm,.. Gədəbəydəyəm... “

“Mən də Tovuza  yaxınlaşıram, nə gözəl, en buralara, görüşək...”, - dedim. - “Qardaşım uşaqlarınnan gəlib (Rusiyanın hansısa ucqarlarından), onun uşaqlarının üzünü illərdi ki, görmürəm... Görüm, imkan eliyə bilsəm, enəcəm, Novruz Əminin də qohumunun yas yerinə dəyəcəm... Olmasa, hələ burdayam, Bakıya gələndə, orada görüşərik”,- dedi.

***

Onun doğmalarına olan həsrəti can dostumla son görüşümə imkan vermədi.  Son görüş... Nə zaman oldu, səninlə son görüşümüz... Hə, Bakıdaydın, Norveç səfirliyinin Filarmoniyada tədbiri vardı; dedim gəl sən də gedək, bütün hərəkat elitası orada olacaq, köhnə dostlarla da görüşər, dərdləşərsən. Elə də oldu...İsa bəy, Arif bəy, Azad, digər dostlar... Keçmiş hərəkatçılar... Onların çoxu  Azərbaycanın tanınmışlarıdı, Norveç səfirliyi dəvətiyyə verib, milli bayramına çağıracaq qədər mühüm adamlardı... Amma onların hamısını Məzahirlə ülvi bir keçmiş birləşdirir -  Hərəkat yoldaşlığı... Yüksək rütbəli Azərbaycan zabiti, milli azadlıq hərəkatının tanınmış siması olan Məzahir indi (onda) Ukraynaya köçməyə məcbur olan iş adamıydı...  

***

“Gələcəm, seçkilərində sənnən olacam axıra qədər ”. Məndən çox istəyirdi deputat olmamı. İçimizdən birinin parlamentə düşməsini mühüm sayırdı. “Mehdi sənə kömək eliyə bilir?...” Ukraynadan hər zəngində bunu soruşardı. Hətta məndən xəbərsiz dairədəki potensial iddiaçılardan biri ilə (o da Hərəkatdanmış)  gedib görüşmüşdü, Baklda olarkən... “Sən namizədliyini burdan niyə verirsən ki, Rauf verib, ona kömək elə...”

***

Bağırov Məzahir Ziyəddin oğlu milli azadlıq hərəkatının fəal və tanınmış üzvlərindən, Azərbaycanın Milli Qvardiyasının ilk qurucularından, həm də ilk komandir və rəhbərlərindən biri olub. Milli Qvardiyanın birinci komandanı, mərhum qardaşımız Tahir Məmmədovun (Surət Hüseynovun caniləri tərəfindən 4 iyun 1993-cü ildə Gəncədə şəhid edilib - Red.) silah və can dostu...

***

Təxminən eyni yaşlardaydıq hamımız. Hərəkatın və
Savaşın uşaqları... Allah bizi Bakıda, Meydanlarda tanışdırdı, mübarizələrdə birləşdirdi. Döyüşlərdə sınadı... Sanki bizləri ana yox, bir başa Azərbaycan özü doğmuşdu... Bioloji analarımızın yalvarışlarına və göz yaşlarına qarşılıq, Azərbaycanımızın uğrunda şəhid olma sırasındaydıq. Bizi o sıradan o zaman da ölüm ayırırdı... İndi də...

***

Elçibəyi o qədər sevərdi ki... Liderinin ölüm günündə  ölüm xəbəri gəldi. Bu gün  -  22 avqustda da torpağa veriləcək.
Mən xəbəri alanda Qabil, Mehdi, Arzu, digər dostlar yoldaydılar artıq...
İstirahət günləri sübh namazından sonra telefonları səssizə qoyub, bir az artıq yatıram -  həftənin yorğunluğu canımdan az da olsa çıxsın deyə. Baxdım ki, səhər tezdən Mehdidən (keçmiş Bələdiyyə Polisinin keçmiş rəisi), Arzu bəydən və Novruz Əmidən zəng gəlib. Sırasıyla öncə Əmiyə zəng elədim... Və duydum. Daha heç kimə telefon açammadım...

***

Cənazəsinə yetişəmmədim. Ancaq təsəllim budu ki, digər silah arkadaşlarımız oradadılar, Məzahir də Ukraynada yox, doğma elində, Gədəbəyindədi, vətəndədi... Ölüb deyəmmirəm ... Dilim dönmür ki.. Haqqa yürüdü...  

***

Səndən gələn son xəbər çox ağır oldu, Məzahir.  Bizi belə tez tərk edəcəyini düşünməzdim. Dostun Tahirin ölümündən sonra dünyaya gələn oğlun Tahiri , doğmalarını, dostlarını, - səni tanıyan və sevən hər bir kəsi yetim buraxdın, qardaş.

***

Tahir şəhid olanda, o zaman, 1993-də bir şeir yazmışdım. 

Yaşımız 30-dan aşağı
Göz yaşımızı
Özümüzdən əvvəl
Şəhid etdik bu yolda...

***

İndi yaşımız 50-dən aşağı... İçimizdən biri öləndə arxasınca ağlamağa bir damcı göz yaşı da tapammırıq içimizdə.

Qardaş! Deyən  biz hamımız  -  kimlər ki o zaman o savaşlarda şəhid olammadı ”“ çox yaşadıq axı...

***

Allahdan ruhun üçün, onun əbədi rahatlıq tapması və cənnətə qovuşmasına xatir dua etdim, səninçün və sənin əvəzindən bir neçə dəfə namaz qıldım, olmuş və ola biləcək bütün günahlarımız üçün əfv dilədim... Yolun açıq olsun, Allah sənə rəhmət eləsin.
Buralarda görüşəmmədik... Allah mərhəmətlidir, nə bilmək olar... Bəlkə də ən yaxşı görüşümüz hələ qabaqdadır...
Vətən sağ olsun...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости