Свобода людям, независимость нациям!

Məzahir müəllimin lüzumsuz təvazökarlığı

1214 28.05.2023 15:55 Колумнисты A A

“Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz”
(Azərbaycan ata sözü)

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov hələ mayın 26-da iclasda Türkiyədəki seçkilərin birinci turuna münasibətlə söyləmişdir: “Türkiyə bütün dünyaya seçki nümunəsi göstərdi. Bu seçkilər dünyaya demokratik seçkilərin necə keçirilməsini sübut etdi. Hətta deyərdim ki, Türkiyədə seçki kimi dünyanın heç bir ölkəsində demokratik seçki keçirilməyib”. Sitatın sonu. Güman edirəm 28 may seçkisinə də Məzahir müəllimin uyğun şərhi olacaqdır.

Lakin qeyd etməyə məcburuq ki, yuxarıdakı açıqlamada Məzahir müəllim bir növ təvazökarlıq etmişdir. Axırıncı cümləsini nəzərdə tuturam. Necə yəni “dünyanın heç bir ölkəsində belə demokratik seçki keçirilməyib”? Bəs Azərbaycan? Axı ölkəmizdəki seçkilərə azı 20 ildir Məzahir müəllim baxır, burdakı vəziyyəti hamıdan yaxşı bilməlidir.

Başa düşürəm, özünü tərifləmək istəmir. Bəlkə göz dəyəcəyindən çəkinir. Düşmənləri ətrafımızda sıx birləşdirmək istəmir. Bütün hallarda, bu cür təvazökarlıq həm alqışa layiqdir. Həm də layiq deyildir. Mənim üçün Məzahir müəllim haqda yazmaq həm asandır, həm çətindir. O həyatın keçməkeşli dolaylarında çox seçkilər görmüşdür. Ancaq yenə də biz ağa ağ, qaraya qara, qırmızıya qırmızı deməliyik. Öz qəhrəmanlarımızı dünyaya tanıtmalıyıq. Bizdə elə xalçalar var, naxışlarında spektrin rəngləri əks olunub. 11 iqlim qurşağından 9-u Azərbaycandadır. Beyləqan quzusunun kababı bütün ətlərdən dadlıdır. Haramıda bitən dombalanın kilosu İtaliyada 1000 avrodur.

Biz özümüzü tərifləmədikcə, hətta lüzumsuz özünütənqidlə məşğul olduqca özgələr sərvətlərimizə göz dikir, imkan düşdükcə oğurlamağa çalışır. 19-cu əsrdə bir alman olub, Bodenştedt soyadında. Gəlib Gəncəyə, Mirzə Şəfi Vazehin şeirlərini alıb, aparıb Almaniyada öz adından çap edib, çox məşhuri-cahan olubdur. Çünki Vazeh doğrudan da böyük şairdir. Hələ bu şeirinə diqqət elə, gör düz yazıram, yoxsa yalan:
“Ağlımla qəlbimin özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni”.

Burada şəxsiyyətin psixoloji ikiləşməsi, ağıl və hisslər arasında çarpışma, sevginin romantikası və gündəlik həyatın praktik axarının toqquşması mükəmməl şəkildə təsvir olunmuşdur. Nəyə görə bu cür dahi şair Avropada, dünyada bizim şair kimi tanınmayıb? Günahın yarısı Bodenştedtin plagiatıdırsa, ikinci yarısı bizim təvazökarlığımız, özümüzə qapanmağımızdır. Əgər vaxtilə Məzahir müəllimin təşkil elədiyi parlament seçkilərinin hər hansı biri, hətta dairə, məntəqə seçki komissiyası formasında olsun, beynəlxalq aləmdə təbliğ edilsəydi, bəlkə biz indi ATƏT-in başçısı olardıq.

Çox adam bilmir, Məzahir müəllimin birinci ixtisası fizikadır. 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru adı almışdır. Vikipediyadan oxuyuruq: “Elmi fəaliyyəti mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi sahəsində olmuşdur. Metal-izotop heterokeçidli yarımkeçirici kontaktından ibarət mürəkkəb strukturlu bərk cisimlərdə elektron və optik hadisələrin nəzəriyyəsini işləyib və ilk dəfə bu tip mikrosistemlərin Volt-Farad xarakteristikasında Mott rejiminə uyğun məxsusiyyətin mövcud olduğunu aşkar edib”. Buyur. Görək bu elmdən seçkilərdəki neçə namizədin xəbəri var? Mott rejimindən xəbərləri olmaya-olmaya hər motalsifət deputatlıq iddiasındaydı.

Biz Məzahir müəllimin başını seçkilərlə qatmasaq o elektrikli avtomobili İlon Maskdan, ayfonu Stiv Cobsdan, kompüteri Bill Geytsdən, Amerika seçkilərini Trampdan qabaq düzəldərdi.

Gəlin öz içimizdə düşmən axtarmayaq, öz uğurlarımızla fəxr edək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости