Свобода людям, независимость нациям!

Meymunlar planeti

2550 22.05.2024 09:40 Колумнисты A A

(olduqca dərin köşə) 

Rusiyanın forpostu olmaqdan bir şey çıxmadığını görəndə erməni qonşularımız Hindistan-İran-Ermənistan xətti üzərində çalışırlar. Hətta İranda bir limanda yer götürüb işlətmək fikrində idilər, axırı necə oldu, xəbərsizəm. Bəlkə o zaman Ermənistanın dəniz ölkəsi olmaq arzusu ürəyində qalmazdı. İndi üstəlik, İranın işləri yaxşı getmir, oranı ağlamağa bir babat çalmalı molla lazımdır. 

Hindistan niyə yadıma düşüb, bunu yazım. Daha doğrusu, köhnə dostum, elm fədaisi Yalçın İslamzadənin danışdığı əhvalatı xatırlamışam. Deyir, uşaq vaxtımda bizim kənd klubuna bir kino gətirmişdilər, mənalı, təsirli hind kinosu idi:  “Meymunla sərsəri arasındakı emosional bağdan danışırdı, meymun əla oynayırdı və sairə. Görünür, rayon mərkəzindəki prokat idarəsi "hind kinosunun fərqi nədir" məntiqi ilə vermişdi, bizim klubun operatoru da gətirmişdi. Lakin kino başlayandan 15 dəqiqə sonra camaat klubu tərk elədi, iki nəfər axıra kimi baxmışdıq, sakitçilikdə - ona görə yaddaşımda qalıb. Birində də kinonun lap əvvəlində güllə atdılar, oğlan yıxıldı yerə. Kəndin davakar cayıllarından biri ayağa qalxdı, arxadakı operatora qışqırdı ki, “Bu nə kinodu gətirmisən, ə? Kino başdıyan kimi əsərin qəhrəmanı öldü!” Sonra kinonun qəhrəmanı tullandı ayağa qalxdı - gülləni dişiynən tutubmuş, camaat sakitləşdi".

Hərçənd sonralar bütün dünyanın lağ elədiyi hind filmlərinin oxşarları öz studiyalarına milyardlar qazandırdı. Məsələn, çox məşhur, yanılmıramsa, ən azı 4 seriyası çəkilən “Matrisa” filmində də elə güllədən yayınan adam təsvirləri var. Sadəcə, bu filmdə qəhrəman gülləni dişi ilə tutmurdu, əyilirdi, güllə keçirdi. Maraqlı deyilmi? Əlbəttə, maraqlıdır. Bu başqa temadır. 

Sözü ona gətirmək istəyirəm ki, indiki dünyamızda nəyin yalan, nəyin doğru, nəyin reallıq, nəyin əfsanə olmasını seçmək çətinləşib, bəzən mümkünsüz şəkil almaqdadır. Xüsusilə süni intellekt sahəsində kəşflər hər şeyin zibilini çıxartmaq üzrədir. Bəzən internetdə hansısa tarixi foto paylaşırlar, o qədər orijinal görünür ki, bunun süni intellektin məhsulu olmasına inanmaq çətin olur. Nəyi istəsən saxtalaşdır. İmkanlar hüdudsuzdur.

Yazda (açığı, indi hansı fəsil olmasını dəqiq bilmirəm, mənə elə gəlir yaz apreldə qurtardı - bəlkə bu da təbiətin “intellektində”, proqramında pozuntunun əlamətidir) dükandan balaca dibçəkdə iki gül almışdım. Biri qırmızı, o biri göy rəngdə idi. Satıcı dedi ki, bunların əsli ağdır, suyuna-torpağına maddə, rəng qatırlar, belə rəngdə çıxır, çiçək açır. İnanmadım. Evdə bir-iki gün ərzinə baxdım ki, doğrudan da dibçəyə tökdüyüm su altdan rəngli çıxır. Göy çiçəyin suyu göy, qırmızınınkı qırmızı axır. Bəlkə solmayıb uzun müddət qalsalar çiçəklər ağaracaqdı, xoşbəxtlikdən bunların sortu qısa ömürlüdür. 

Dükanın çörək bölməsində durmuşdum, yanımda bir xanım satıcıya müraciət elədi: “Fürf förəy farmı?” İnandığınız haqqı, təxminən belə dedi, gopa basmıram. Satıcı çaşbaş qaldı, soruşdu nə deyirsiniz, xanım yenə oxşar səslər çıxardı. Biz bu anlaşılmazlığa diqqətlə baxdıq, sən demə xanım əfəndi dodağını elə əcaib şəkildə şişirdib ki, artıq düzgün danışa da bilmir. “Türk çörəyi varmı” - bunu deyirmiş! 

Axı nə məcburdur? İnsan da özünü bu kökə salarmı? Belə iyrənc görkəmləri dəbə salan kimdir? Doğrudanmı bu cür “gözəllikləri” xoşlayanlar vardır? Saxtakarlıq yaxşı deyil. 

İndi söz əlaqədar təşkilatlarındır. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости