Свобода людям, независимость нациям!

Məşuqə olmağın qürurverici və təhlükəli tərəfləri

2361 10.06.2022 09:40 Колумнисты A A

2021-ci il “Eurovision”unda əvvəlcə üzümüzü ağardan, sonra Norveç təmsilçisi Tixlə öz adına söz çıxararaq qanımızı qaraldan müğənni Samirə Əfəndinin yeni açıqlaması dünən ölkə saytlarını başına götürmüşdü. Allah tərəfi, başlıq çox cazibədar idi: “Oliqarx sevgilim var, Abramoviç səviyyəsində bir şəxsdir”.

Bu yerdə ağla gələn ilk sual belə ola bilərdi: “Bəs Tix necə oldu, qız? Ərə gedib Norveçə köçəcəkdin axı. ”Ərim harada, məndə orada" demirdinmi?"

Amma bu heç, o sferada belə mövqe dəyişiklikləri tez-tez olur, adı üstündə - şou-biznes. Tez-tez şou göstərməlisən ki, biznesin getsin.

İndi gələk şəxsi həyatının incəliklərini ictimailəşdirməyi sevən müğənni xanımın yeni sevgilisi olan “Abramoviç səviyyəsində olan şəxs”ə sarı. Əgər o, doğrudan da Abramoviç kimidirsə, demək, yaşı 55-i keçib, yüksək vəzifəsi, böyük biznesi, şəxsi təyyarəsi, uzun yaxtası var. Ən ümdəsi, adamın arvad-uşağı da var və xanım Əfəndi ilə münasibəti aşiq-məşuq müstəvisindədir, yəni o oliqarx xanımla ailə qurmayacaq, eləcə saxlayacaq.

Bu informasiyalardan çıxış edərək “Abramoviç”in psixoloji portretini də cızmaq olar. O, şöhrət düşkünüdür, yaşadığı və ya işlədiyi şəhərdə yüzlərlə seçmə modeli hüzuruna gətirtməkdənsə, adı məşhur olan qadınla oturub-durmağı sevir, onu Milan aeroportundan götürüb Avstriyaya aparır, sonra geri qaytarır, yəni 5 dəqiqəlik söhbət üçün o qədər xərc çəkir (hərçənd Abramoviçin o cür qələtlər etməsi barədə informasiyalar yoxdur).

Əlbəttə, bu onların şəxsi işləridir. Müğənni xanımlar istəyərlər, Norveç, İsveç tərəfdə yaşayan həmkarlarına ərə gedərlər, istəyərlər, 3 “Abramoviç”ə eyni vaxtda məşuqə olarlar, belə lap, işlərinə gəlirsə, magistral yolun kənarında durub TIR-lara minərlər, yaxud “Mən bir də bu ”KamAZ"a minməyəcəm" deyib nazlanarlar, burası bizi ilgiləndirməz. Bunu o xanımların özləri və təmsil etdikləri nəsillərin başıpapaqlıları bilər.

Ancaq bu yaxınlara qədər ayıb sayılan şeyi qürur duya-duya, kimlərəsə acıq verə-verə, bir az da lovğalana-lovğalana ictimailəşdirmək, minlərlə gənc qıza, qadına pis örnək olmaq nə deməkdir? Bu sözləri oxuyan nə qədər gözəgəlimli qız ailə qurmaqdansa, “Abramoviç” kimi birini tapmaq, “Malpenza” aeroportundan “Hitrou”ya, oradan “Arlando”ya, axşam da “Şarl de Qoll”a uçmaq istəyəcək. “Quş” olandan sonra könlü hey uçmaq istəyəcək - qayda budur.

Yəni “oliqarx sevgililər”i ilə fəxr edənlər gərək bir az təvazökar olsunlar. Bu, həm də təhlükəli işdir. Düzdür, Cinayət və İnzibati Xətalar məcəllələrində oliqarxla sevgili olmağa görə cəza nəzərdə tutan müddəa yoxdur. Amma təhlükə təkcə qanunlardan gəlmir ki. Bax, o vaxt dünya şöhrətli aktrisa Merilin Monro rəfiqələrinə “məni Robert Kennedi saxlayır, hələ qardaşı Conla da söhbətim var” deməsinin güdazına getmişdi. “Dozadan artıq narkotik qəbulu” boş söhbətdir, xanıma o dozanı artıq miqdarda yeridən FTB əməkdaşı Norman Hoces ölüm ayağında olarkən “bu sirr mənimlə qəbrə gedəcək” deməmişdi və hər şeyi etiraf etmişdi.

Düzdür, bizdə məşuqələri öldürtmək ənənəsi yoxdur, amma bağışladıqları evi və maşınları əllərindən almaq, intim görüntülərini yaymaq kimi haqq-hesablar olur. Bəzən bu xüsusda daha ekstremal hadisələr də baş verir, məsələn, 3-4 il qabaq nazirliklərin birində gənc nazirin arvadı ərinin iş yerinə gələrək, məşuqə kimi adı hallanan qadını foyedə saçlayaraq itsürütməsi etmişdi. Biabırçılıq olmuşdu. Hətta bu kadrları yüksək texnologiyaya adi cihazlarla çəkib ictimailəşdirmişdilər.

Bu da ona görə olmuşdu ki, bildiyiniz kimi, dünyanın çox yerində xəyanət edən kasıb ərdən boşanırlar, amma oliqarx-nazir ər uğrunda mübarizə aparırlar. O xanım da çox düzgün hərəkət etmişdi və ərinin sevgilisini o kökə qoymuşdu. Belə situasiyalarda məşuqənin daha hazırlıqlı və çevik olması rol oynamır, dili gödək olduğu üçün müdafiə olunmaq, əldən və aradan çıxmaq zorunda qalır. Saçlamaq, sürümək kimi eksklüziv hüquqlar isə, türkün sözü, nikahlı qarıda olur.

Ona görə də “oliqarx”, “həci”, “rəis” sevgililəri olan manıskalar bu işlərini sirr kimi saxlasalar yaxşıdır. Həm gənclərə pis örnək olmazlar, həm də saç düzümlərinə təhlükə yaranmaz. Ad onsuz da bədnamdır.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости