Свобода людям, независимость нациям!

Mərsiyənin amplitudası

1637 05.07.2022 09:40 Колумнисты A A

“Molla seyidi bəyənməz, seyid mollanı, axund hər ikisini”

(Azərbaycan ata sözü)

Pambıqçılıq rayonlarında zəhmətkeşlərin kimyəvi maddələrlə zəhərlənməsi halları hər il ardıcıl olaraq baş vermiş və ölkəmizdə bu istiqamətdə aparılan islahatlar üçün mühüm töhfə yaratmışdır.

Əlbəttə, mən töhfənin adətən “verildiyini” bilirəm, bu cümləmə mız qoymaq istəyən filoloqlar gedib dombalaq aşsınlar. Sadəcə, cümlənin birinci hissəsində artıq “baş vermiş” yazmışdım, əgər ikinci hissədə töhfəni də versəydik, nəticədə eyni cümlədə iki dəfə “vermək” feilindən yararlanardıq. Bu isə ana dilimizin qorunması üzrə dövlət proqramının mahiyyətinə ziddir. Qanuna görə bir cümlədə yalnız bir dəfə verilməlidir. Məcburən “yaratmaq” sözündən istifadə etdik. Sözgəlişi, “baş vermək” ifadəsi də axmaq bir ifadədir, bunu dilimizə salan adama lənət oxuyuram. Bəzən lap absurd cümlələr yazırlar: “Ölüm hadisəsi olub”. Ölüm özü elə hadisədir də. Olmaq da hadisənin sinonimidir. Qısaca “Filankəs ölüb” yazsanız əliniz qırılar?

“Hadisə olub” desək yenə bunun nəsə anlamı vardır, “hadisə baş verib” nədir? Sanki kiminsə başını qoparıblar. Ölkəmizdə insan hüquqlarının qorunduğu, xüsusilə 2 gün qabaq milli polis gününü təntənəli şəkildə qeyd etdiyimiz halda, baş vermək olmaz. Uzağı gənclər sevişərkən bir-birinə qəlbini verə bilər, bu, dövlət qanunlarına tam uyğundur.

Nəsə, mövzudan çox uzaqlaşdıq, hazırda mən Saatlının Azadkənd kəndində pambıq suvarıram. Nə edə bilərəm, əgər Əli bəy gəlib öz yurdunda əkin-biçinlə məşğul olmursa, Bakıda müxalifətçilik edirsə, məcburuq onu əvəzləyək. İnşallah, bu il pambıq bol olar, ondan ağ parça düzəldib əhaliyə paylayarıq. Fani dünyadır, kim gedəndə özüylə milyardları aparır?

Lakin pambıq sahələrində boğma-sıxma aksiyalarının paytaxt arenalarında da hansısa növləri kəşf edilməli idi, dünən bəzi dükan və mağazalarımız bu üsulun patentini almışlar. Bakıda dükanlarda kütləvi zəhərlənmə oldu. Öncə bunun qidadan olması ehtimal edildi, ancaq bu versiya dərhal rədd edildi, çünki dükan işçilərinə yemək verilməsi bizdə hələlik qeydə alınmayıbdır. Dükanlarda cavan uşaqlar, ayı 2 manata kölə kimi işlədilir, səhər saat 6-dan, gecə saat 12-yə qədər. Heç 19-cu əsrin birinci yarısında Rusiyanın Voloqda vilayətində işləyən təhkimli kəndlilər və ya eramızdan öncə Misirdə Tutanxamonun kəcavəsini tutan cavanlar bu qədər əziyyətə düçar olmurdular.

Yemək versiyası dərhal aradan qalxdı, araşdırma getdi və dükanlara... qaz buraxıldığı bilindi. Guya qonşuda hansısa müəssisədə kimyəvi qazla nəyisə qurudurmuşlar, qaz ordan dolub havatəmizləmə qurğusuna, ordan gəlib dükana və sairə. Kimə kələk gəlirsiniz? Guya biz eksperimentin davamını bilmirik? Eyxman da təxminən bu cür başlamışdı, İsrail tutub öldürməsə bəlkə indi Yevlaxda orta məktəbdə uşaqlara dini dərs öyrədirdi.

Yeri gəlmişkən, o yevlaxlı qadın müəllimi başa düşməyə çalışıram, alınmır. Rəhmətliyin qızı, sənin dərsin riyaziyyatdır, burda uşaqlara Xomeyni haqda mahnı öyrətmək nə deməkdir? Heç olmazsa hansısa müsəlman riyaziyyatçıdan danış, çarşab örtməyin radiusunu, namaz qılmağın bucaqlarını, nə bilim, Ayın çıxması qrafikini öyrət, uşaqlar da yekəlib gedib Şamaxı rəsədxanasında işə düzəlsinlər, dini bayramların vaxtını, salavat çəkməyin dəqiqəsini-filanı xalqa açıqlasınlar. Sən niyə nəğmə müəlliminin bazarına girirsən? Zaurun verilişində iranlı müğənnini qovmağımızın söz-söhbəti, tozanağı heç yatmayıbdır, sən də bir tərəfdə aləmi qarışdırırsan. Xalqımız musiqi temasında çox həssasdır. İstəyirsən yıx, başını kəs, ancaq musiqisinə dəymə.

Dükanlara qaz buraxmaq fəaliyyətini kəskin şəkildə pisləməklə yanaşı, burada fərqli üsulların olduğunu da yazmalıyam. Məsələn, yuxarıda adını çəkdiyim Eyxman müəllim zəhmətkeşlərin qaz hamamına gətirilməsi prosesinin çox vaxt aldığını düşünərək birbaşa avtomobillərin tüstü borusunu yük salonuna birləşdirmişdi, bunun patentini almışdı. Görün nə edirsiniz.

İndi söz əlaqədar təşkilatlarındır. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости