Свобода людям, независимость нациям!

Mərifətsiz terrorçular, “nümunəvi terrorçular”

2226 14.11.2022 11:47 Колумнисты A A

İndinin terrorçuları qanacaqsız, mərifətsiz adamlardır, vaxtaşırı nəsə bir təzək yeyirlər, amma irəli durub məsuliyyəti boyunlarına götürmürlər.

Qabaqlar başqa cür idi, hansı terror təşkilatı harada bir qələt qarışdırırdısa, olayın saatı tamam olmamış başqa versiyalara əl yeri qoymurdu, təşkilatın mətbuat xidməti açıqlama yayırdı ki, biz eləmişik, özü də filan şeyə görə.

Hərçənd sonradan bu işin zibili çıxdı. Çeçenistanda bir Salman Raduyev vardı, Rusiyada nə qədər təbii fəlakət, texnogen qəza olurdu, bəyanat verirdi ki, biz eləmişik. Bir dəfə Sibir tərəfdə bir çayın hövzəsində tikilmiş bənd partlamışdı, sel-su oraları basmışdı, Raduyev dedi, bizim işimizdir, amma rusiyalı mütəxəssislər dedilər, bənddə erroziya-korroziya səbəbindən çatlaq əmələ gəlib, ona görə partlayıb, terror aktı deyil.

Adamın gerçək terror aktları törətməsi də olmuşdu, amma axır vaxtlar eyzən yalançı teraktlar törədirdi. 2000-ci ildə tutdular, türmədə öldü. Son felin arxasına “dürüldü” də artırmaq olar, çünki Salman öz əcəli ilə öləcək yaşda deyildi, 35 yaşı vardı.

Törətdiyi terror aktlarını boynuna götürən terrorçuların ən parlağı “Çaqqal” ləqəbli venesuelalı İliç olub. Üsamə bin Ladendən əvvəl dünyanın “1 nömrəli terrorçusu” o idi. Amma bin Laden ortaya çıxandan sonra “Çaqqal”ı tutub qoydular içəri, indi daha “1 nömrəli terrorçu deyil”, ya 1234 nömrəli dustaqdır, ya da 4321 nömrəli.

Tam adı İliç Ramires Sançes olan bu yaratıq 1975-ci ildə başının dəstəsi ilə birlikdə OPEK-in Vyanada keçirilən sammitində 100 əcnəbi vəzifəli şəxsi girov götürüb. Özünü marksist elan edən “Çaqqal Karlos” guya ideoloji dava aparırmış, haqq-ədalət uğrunda savaşırmış, amma girovlara görə 50 milyon xərac alandan sonra onları buraxıb.

Əlbəttə, bu 50 milyonluq xəracın da izahı var. inqilabi işə sərf olunacaq.

Axtarsan, Sançesin törətdiyi teraktlar sayına və miqyasına görə bin Ladenin törətdiyi analoji cinayətlərdən çox olub, amma müşahidəçilərin fikrincə, bin Ladenin 11 sentyabr teraktı (ABŞ-da əkiz qüllələrin, Pentaqonun binasının təyyarələrlə taran edilməsi) analoqsuzdur, məhz bu səbəbdən “terror kralı” tacı “Çaqqal”dan Üsaməyə keçmişdi. (Məlum olduğu kimi, ona da qismət olmadı, vurdular, getdi).

Bin Ladenin Sançesdən bir fərqi də o idi ki, sonralar etdiyini boynuna almırdı, görürdü ki, ziyan eləyir, zərərçəkənlər qayıdıb üstünə cumurlar, deyirdi, mənim xəbərim yoxdur, özləri edib. O səbəbdəndir ki, bu gün dünyada milyonlarla adam inanır və 21 ildir təbliğat aparırlar ki, ABŞ əkiz qüllələri özü yerlə-yeksan edib ki, Əfqanıstana hücum etmək üçün əlində bəhanə olsun və gedib orda təzədən 1-2 trilyon dollar ziyana düşsün.

İndi Türkiyədə törədilən terror aktına görə heç kəs məsuliyyəti öz üzərinə götürmür. Təşkilatçılar bilirlər ki, elə bir şey eləsələr, Türkiyə dövləti onları sonuncu nəfərinə kimi sorğu-sualsız zərərsizləşdirmək hüququ qazanacaq. Amma etiraf etsələr də, etməsələr də, kəşfiyyatı, çuğullar şəbəkəsi olan dövlət daşın ona hansı bostandan atıldığını bilir.

Necə ki, biz ötən əsrin 90-cı illərində məruz qaldığımız terror aktlarının müəllifini tapmaqda çətinlik çəkmirdik, dərhal ermənilərin etdiyini bilirdik, Türkiyədə də belə cinayəti kimin törətdiyini anındaca bilirlər. Çünki hər kəs öz düşmənini də, onun dəst-xəttini də yaxşı tanıyır.

Bir də əvvəllər nümunəvi irland terrorçular vardı, vaxtaşırı haranısa partladırdılar, amma elə edirdilər ki, insan itkisi olmurdu, eləcə hansısa boş bir obyekti darmadağın eləyirdilər, ölkədə aləm bir-birinə dəyirdi, onlar da deyirdi, biz elədik və davam edəcəyik.

İspaniyadakı bask terroçuları da axır-axırda belə “məxməri teraktlar” törədirdilər. Hamıya elə gəlirdi ki, beynəlxalq terrorizm yumşala-yumşala gedir. Amma Əfqanıstan və Pakistanda müsəlman terrorçular öz aktlarını cümə gününə camaatın kütləvi şəkildə namaz qıldığı vaxta salaraq, bacardıqca çox dindaşlarını öldürərək dünyaya sübut etdilər ki, “haqq-ədalət və din-iman” yolunda belə şeylər etmək günah-filan deyil.

Fəqət, bu işə qol qoyanlar hələ də anlamırlar ki, bu üsulla heç nə əldə etmək mümkün deyil. Əksinə, daha da pis olur, dövlətlər terrordan qorxmurlar, daha da qızışır, sərtləşir, amansız olur və bu cinayətlərə qarışan adamları ağır şəkildə cəzalandırır. Bircə pis odur ki, hər terror aktında çox vaxt heç bir günahı olmayan, məsum insanlar ölür, yaralanır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости