Свобода людям, независимость нациям!

Məhkəmə islahatına riyazi baxış

1491 26.04.2022 10:10 Колумнисты A A

“Yaşasın bizim məhkəmə! Dünyanın ən humanist məhkəməsi!”

(“Qafqaz əsiri” filmindən)

3-4 il qabaq hakimiyyət islahatlar kursu elan edəndə camaatın ən çox dəyişiklik gözlədiyi sahələrdən biri məhkəmələr idi. Çünki bizim məhkəmələrin korrupsiya bataqlığında boğulduğu heç kəsə sirr deyil, o cümlədən Avropaya. Orada hər il ölkəmiz əleyhinə çoxlu qərarlar kəsilir və bu qərarların ana səbəbi yerli məhkəmələrimizin pis kökdə olmasıdır. 2020-ci ilin statistikasına görə Azərbaycan Avropa Məhkəməsinə müraciətlərin bədnam statistikasında ilk 6 dövlətdən biri idi. Əleyhinə ən çox qərar çıxarılan dövlətlər sırasında isə Azərbaycan Rusiya, Türkiyə, Ukrayna və Rumıniyadan sonra 5-ci yeri tutmuşdu.

Yeri gəlmişkən, Avropa Məhkəməsində maraqlı, “unikal” birinciliyimiz də var: Azərbaycan həmişə seçki hüquqlarının pozulmasına görə birinci yerdə gedir. Ancaq bu gün mövzumuz bu deyildir. Üstəlik, Almaniya dağılır. Bizim öz dərdimiz var, özümüzə bəsdir. Mövzumuz islahat gözləntisi idi.

Bəs əhali gözlədiyi “şirniquşu” aldımı? Aprelin 22-də Məhkəmə Hüquq Şurası (MHŞ) hesabat xarakterli iclas qayırıb, orada bəzi rəqəmlər səslənib. Sitat: “Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub” (MHŞ sədri, ədliyyə naziri Fikrət Məmmədovun çıxışından).

MHŞ 2005-ci ildə yaradılıb. 17 il üçün bu rəqəmlər, cəza tədbirləri yetərli sayıla bilərmi? Məncə, çox azdır. Təbii, bizə bu cəzaların hansı müddəti əhatə elədiyini ona görə açıqlamırlar. Müqayisə etmək imkanımız olmasın deyə.

Elə Fikrət müəllimin çıxışından növbəti cümlə şübhələrimizi doğruldur: “Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb”. Gördüyümüz kimi, burada müddət, hesabat dövrü açıqlanıb. Əgər əvvəlki cümlədə “200 hakim işdən çıxarılıb” hissəsi ilə bunu toqquşdursaq, daha doğrusu, 60 nəfərin son 3 ildə işdən çıxarıldığını nəzərə alsaq, yerdə neçə nəfər qalır? Ay sağ olasan: 140 nəfər. Bunu da 14 il arasında bölüşdürsək, ilə ortalama 10 nəfər düşür. Düşünürəm ki, bu da cüzi cəza tədbirləridir - o boyda şikayətin qabağında.

Üstəlik, nədənsə biz qanunları pozan, işdən çıxarılan hakimlərin adlarına hesabatda, xəbərlərdə adətən rast gəlmirik. Bəyəm bu dövlət sirridir? Xalq öz “qəhrəmanlarını” tanımalıdır. Bəlkə onları bir rayonda işdən çıxarıb, başqa rayonda təzədən işə qoyursunuz, haradan bilək? Ad yox, ünvan yox... Belə islahatı mən də kompüterimin ekranında ayda 30 dəfə apararam, nə çətin işdir? Bax elə indicə 45 məmuru rüşvət üstündə qovdum getdi. İnanmayan daşa dönsün.

Hakimlərin işə qoyulması da bizdə ciddi problemlərdən sayılır. MHŞ saytındakı statistikadan (ərinməyib saymışam, qədrimi bilin) Azərbaycanda hazırda 631 hakimin olduğu görünür. 72 hakim yeri isə vakant, yəni boş imiş. Bu da o deməkdir ki, Azərbaycanda hər 100 min nəfərə təxminən 6 hakim düşür. Müqayisə üçün, Avropanın inkişaf eləmiş dövlətlərində hər 100 min nəfərə düşən hakim sayı minimum 20 nəfər olur.

Təsəvvür edin, əhalisi 80 min nəfərə çatan Hacıqabul rayonunda cəmi 1 hakim var. 100 mindən çox əhalisi olan Biləsuvarda da 1 hakim var. Ümumilikdə 27 rayonumuz var ki, oralarda cəmi 1 məhkəmə hakimi işləyir. Yaxşı, o bədbəxt hakim hansı ədalətlə cinayət işi araşdıra bilər? Onun buna vaxtı varmı? Məcburdur basabas üsulu ilə, konveyerlə işləri dalbadal peçatlasın, camaatı içəri bassın, ya da hansısa başqa qanunsuz əməllər törətsin. Hələ mən onu demirəm ki, bu 1 hakimin qarnı ağrısa, xəstəliyə düçar olsa, sağalana qədər rayon camaatı məhkəməsiz qalmağa məcburdur.

MHŞ-nin son 3 ildə işə qəbul elədiyi hakim sayı 44 nəfərdir. İşdən qovulanların sayı yadınızdadır? 60 nəfər. Deməli, burada da ziyandayıq və hakim sayı getdikcə artmaq yerinə, azalır.

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости