Свобода людям, независимость нациям!

Məğlub qalibin əlini sıxacaqmı? – Müxalifəti Ərdoğan olacaq Türkiyə

2679 04.04.2023 18:56 Колумнисты A A

Qardaş ölkədə prezident və parlament seçkilərinə 40 gün qaldı. 14 may tarixi yaxınlaşdıqca xüsusən də prezidentliyə iddiaçıların az qala hər sözü, hərəkəti, jesti, keçirdiyi görüşü, çəkdirdiyi şəkli sövq-təbii ciddi ictimai reaksiya, rezonans doğurur. Bu reaksiyalar, yaxud hər hansı ehtiyatsız fikir, uğursuz davranış konkret namizədi elektoratsız qoyub seçkilərədək bitirə də bilər, vaxtından əvvəl qalib də edə.

Ərdoğanın amerikalı səfir Cefri Fleykin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə bir neçə gün öncəki görüşünə sərt münasibəti isə daha çox başqa amillə - Vaşinqtonun müxalifətin əli ilə Ərdoğanı devirmək planı ilə bağlı idi. Halbuki artıq ölkədə təbliğat kampaniyası gedir və son sözü onsuz da əlahəzrət seçici deyəcək.

O zaman özünü “demokratiya beşiyi” sayan ABŞ-ın öz simpatiyasını belə açıq ifadə eləməsinə, tələsməsinə nə hacət? Axı olduqca həssas Türkiyə cəmiyyətində bu, müxalif iddiaçı üçün əks-effekt də verə bilər. Özünə, xalqına güvənən prezidentliyə namizədin gözü xaricdə, orada-burada olmamalıdır hər halda...

Sirr deyil ki, Ağ Ev başçısı Co Bayden hələ 2020-də prezidentliyə namizəd olarkən Ərdoğanın hakimiyyətdən getməsi üçün əlindən gələni edəcəyini bildirib. İllər öncə - 2016-cı ilin iyulundakı hərbi çevriliş cəhdinin arxasında ABŞ-ın durduğu da bəllidir (Bayden onda vitse-prezident idi).

Görünən həmçinin budur ki, Vaşinqton qardaş məmləkəti təzədən sözəbaxan, “ikinci sort” dövlətə çevirmək üçün hərəkətə keçib, “düyməyə basıb”. Bunu da ana müxalifətin hesabına reallaşdırmaq istəyir. Ərdoğanın kəskin reaksiyasının bir səbəbi də bu.

Yəni belə çıxır, Kılıçdaroğlu sadəcə, Ərdoğanın seçki rəqibi deyil, eyni zamanda, nə yolla olur-olsun, onun “torbasını tikməyə” görəvlənmiş bir şəxs, ABŞ-ın əsas adamı və namizədi...

İstefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ isə deyir ki, ABŞ Türkiyə daxilində qarşıdurma yaratmaq niyyətindədir.

Sitat: “Ortada kirli bir plan var. Kılıçdaroğlunu dəstəkləməklə hər iki halda ABŞ imperialist maraqlarına xidmət edir: Kılıçdaroğlu seçkilərdə qələbə qazansa, onunla istədikləri kimi yollarına davam edəcəklər, məğlub olsa, bundan daxili vəziyyəti gərginləşdirmək üçün faydalanacaqlar. Əgər Ərdoğanın prezident seçilməsi halında sözügedən ittifaqdakı partiyalar seçki bülletenləri doğru sayılmadığını, saxtakarlığın olduğunu desələr və əhalini küçələrə çıxmağa çağırsalar, bilin ki, ABŞ-ın kirli planı artıq səhnədədir”.

Bu kimi çirkin planları önləməyin tək yolu isə seçkinin 1 və ya 2 turda keçirilməsindən asılı olmayaraq məğlub namizədin qalibi elə həmin gün təbrik eləməsi, əlini sıxmasıdır. Normal dövlətlərdəki kimi. Çünki məğlubiyyəti etiraf eləmək də bir mədəniyyətdir.

Ərdoğan bunu edərmi? Bizcə, edər. Çünki qüdrətli dövlət səviyyəsinə gətirib çatdırdığı Türkiyənin və millətinin maraqları, gələcəyi onun üçün hər şeydən öndə. Lazım gəlsə, ana müxalifətə keçib bir müddət sonra təzədən iqtidar da ola bilər. Nədən ki, müxalifəti Ərdoğan olan hakimiyyətin Qərbin havasına oynaması ona baha başa gələr...

Bəs məsciddə namaz xalçası üzərində ayaqqabıda şəkil çəkib poza verən və bununla da dini-mənəvi dəyərləri kobud şəkildə aşağılayan Kılıcdaroğlu necə, Ərdoğanın qələbəsini etiraf edərmi?

Söyləmək çətindir. Əgər bunu etməyəcəksə, demək ki, ermənipərəst “Sem dayı”nın “yol xəritəsi” əsasında hərəkət edir. Belə vəziyyətlərdə sonuncudan xeyir görən millət və ölkə isə yoxdur, olmayıb. Zira, “havayı pendir yalnız tələdə olur”...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости