Свобода людям, независимость нациям!

Mədəniyyət evinin bağlanması “Bu məscidə bu namaz da çoxdur”

1255 09.06.2023 11:24 Колумнисты A A

Zamin Hacı

(Azərbaycan ata sözü)

İranın Azərbaycanda mədəniyyət mərkəzi var imiş. Bakıda yerləşirmiş. Son çağların agent tuthatutundan sonra hökumətimiz mərkəzi qıfıllayıb, onun əməkdaşlarını da buradan qovubdur. Alqışlanası hərəkətdir. Bəlkə hökumətimizin son çağlar gördüyü ən yaxşı işlərdən biridir. Gərək biz müsbət şeyləri də görək, həmişə tənqid edəsi deyilik.

İran hara, mədəniyyət mərkəzi hara? İnsanları 21-ci əsrdə küçənin ortasında, uşağın-böyüyün gözü qarşısında krandan asan, zənənləri geyiminə görə, kişiləri deyiminə görə təqib edən rejim dünyaya, o cümlədən Azərbaycana hansı mədəniyyəti təbliğ və təşviq edə bilərdi ki? Orda “mədəniyyət” deyəndə yalançı, fanatik din tacirliyi başa düşülür. Bir də narkotik ticarəti. Ola bilsin İran Mədəniyyət Mərkəzi zəhmətkeşlərimizə tiryək və ot arasında fərqləri, onların hansından istifadə eləsən mədəni fantaziyalar güclənər kimi istiqamətləri öyrədirmiş. (Bu yöndə rejissor Terri Gilliamın “Las Veqasda qorxu və nifrət” - orijinal adı “Fear and Loathing in Las Vegas” - filminə baxmağı məsləhət görərdim).

Ancaq ədalət naminə, İrandan bizə maraqlı ədəbiyyat da gətirilirdi. 1990-larda Bakının İstiqlaliyyət küçəsində İranın “Əlhudə” adlı kitab dükanı vardı, mən ordan çox gülməli kitablar almışdım. Biri hələ də kitabxanamın incilərindəndir, Qumda nəşr olunub, “Cənnət nemətləri” adlanır. Məsələn, orda yazılıb ki, cənnətdə huri ilə cinsi əlaqənin müddəti 75 saat çəkir və dünya qadını ilə 500 əlaqəyə bərabər həzz verir. Oxucular üçün maraqlı olsa, vaxtaşırı həmin kitabdan sitatlar verərəm, oxuyub ləzzət alsınlar.

İranın mədəniyyət mərkəzinin bağlanmasına reaksiyası da gülməli idi, deyir sizdən incimişik, gərək açıq qalardı. Sitat: “İran İslam Respublikası öz qonşuları ilə münasibətlərində həmişə xoşniyyətli olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə həll etmək, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən qaçmaq istəyib”. Sitatın sonu.

Təsəvvür elə, Tehrandakı səfirliyimizi gülləbaran ediblər, 1 vətəndaşımız qətlə yetirilib, o vaxtdan səfirlik bağlıdır. Nə istintaq var, nə cəzalanan. Günaşırı biz tərəfdə İran agentləri tutulur, topdan şəkildə. Bu isə deyir mədəniyyət mərkəzimizi saxlayardınız. Yəqin buna “diplomatik həyasızlıq” deyirlər.

Səfirlikdə “arvadını axtaran” kalaşnikovlu cani necə, məntiqli və emosional hərəkət etmişdi? Bəlkə Tehran polisi ona salam verib, “buyur, ağa, səfirliyə basqın elə” deyə göstəriş verəndə gərginliyi azaltmaq istəyirmiş?

Öz mədəniyyətimiz xirtdəyə qədər bəsimizdir, başqa mədəniyyətlərə ehtiyacımız yoxdur. Namxuda, artıq Mədəniyyət Nazirliyində aparılan dərin struktur islahatları bəhrəsini verir. Bildiyiniz kimi, orada nazirin birinci müavini postu ləğv edildi. Mədəniyyət Nazirliyində 2 birinci müavin ştatı var idi, bunlar isə vaxtaşırı korrupsiyada, vəzifə pozuntularında suçlanır, işdən çıxarılırdı. Hətta birinci müavinlərdən biri hazırda türmədə saxlanır. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, mədəniyyətimizin inkişafına maneçilik törədən əsas detal Mədəniyyət Nazirliyində birinci müavinlər institutunun varlığıdır. Nazir gözünü yumsun, beş dəqiqəyə harasa, lap elə “mədəniyyət evinə” getsin, vəssalam, birinci müavinlər fürsətdən sui-istifadə edərək nazirliyi soyub-talayırmış. Adından göründüyü kimi, birinci müavin deyirsən! Elə-belə müavin olsa, oğurluq edə bilməz.

Bundan başqa, təzəlikcə Mədəniyyət Nazirliyimiz Tik-tokla əməkdaşlığa başladığını açıqladı. Qısa, gülməli, nəsihətverici, yolgöstərən videolar çəkib paylaşacaqlar. Yaxşı olar bəzi Tik-tok fenomenlərinə gələcəkdə xalq artisti adı verilsin. Yeni dövrün tələbləriylə ayaqlaşmalıyıq. 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости