Свобода людям, независимость нациям!

Lüks oteldə “mıa da şükür” deyilməzmi?

4070 24.07.2023 20:14 Колумнисты A A

 

Adam gərək nankor-naşükür olmasın, əlində-ovcundakının, qalxdığı mərtəbənin, əldə etdiyi, edə bildiyi hər şeyin qədrini bilsin və salyanlı qardaş kimi “mıa da şükür, mıa da şükür” deyə bilsin.

Fəqət, insan oğlu elə deyil, 10 il boyunca arzu etdiyi avtomobili, nəhayət, alar, yarım il sürər, sonra küçədə daha yaxşı bir marka görən kimi deyər, bu nədi, sürürəm, ayıbdır, gərək dəyişim. Ev-eşik məsələsi də həmçinin. 20 il kirayədə yaşayan, ikiotaqlı mənzil üçün dodağı yeddi yerdən çatlayan adam bir az pullanınca 9 otaqlı ev tikdirir, sonra xeyirdə-şərdə gileylənir ki, darısqallıqdır, gərək bir az böyük villa tikdirim.

Belə misallar çoxdur, hətta bu xüsusda bir lətifə də var, böylədir: Bir milyarder okeandakı yaşıl adanın sahillərinə yaxın yerdə lövbər salan yüz milyonluq yaxtasında balıq tutur. Adamın tilovunun qarmağı qızıldandır, ona şampanı, kokteyli qızıl fujerdə gətirirlər, masasının üstündə qara kürü var, bir az aralıda, yaxtanın hovuzunda model qızlar çimişir. Bircə pis iş var ki, milyarderin tilovuna balıq düşmür. Birdən yaxtanın yanından avarlı qayıq keçir. Milyarder baxır ki, qayıq balıqla doludur və sərxoş balıqçı oxuya-oxuya sahilə yan alır. Milyarder ona həsədlə baxır və deyir: “Dünyanın ədalətinə ta nə deyim. Bir adama o qədər balıq qismət eləyib, o birinə bir kilkə də vermir”.

Çox adam məhz belədir, özünün sahib olduğu şeylərin dəyərini bilmir. Dünən baxıram ki, milli mətbuat günü münasibətilə bəzi jurnalistlər vaxtında yaxşı sənət seçmədiklərinə görə özlərini qınayırlar və gənc jurnalistlərə tövsiyə edirlər ki, vaxtında ağıllı olun, qaçın bu sənətdən.

Guya ki, özləri vaxtında başqa sənət seçsələr, Mark Zukerberq və ya Ceff Bezos kimi milyarder olacaqdılar. And içərəm ki, onlar jurnalistikaya gəlməsələr, uzağı, “Sədərək” yarmarkasında, ya da “Çerkizovo”da, “Aşan”da icarəyə dükan götürəcəkdilər və qadın, uşaq geyimləri satacaqdılar. Söz yox, aralarında yaxşı kafel-metlax qoyanlar da ola bilərdi. Başqa nə edəcəkdilər? Karlı dayıları yox, xüsusi istedadları yox, savad da bir yerə qədər. Yenə 3-4 cümləni ard-arda düzmək qabiliyyətləri olub deyə canları işsizlikdən və ya qara işlər görməkdən qurtarıb. Amma şadlıqlarına şitlik edirlər.

Eləsi var, hətta jurnalist olduğu üçün indiyədək ən azı 20 ölkədə səfərdə olub, bütün xərclərini dəvət edən tərəf çəkib, qısa səfər olanda 3 gün, çox vaxt isə bir həftə başqa ölkələrdə yeyib-içib, gəzib, dincəlib, qara qəpiyi çıxmayıb. Yalnız qayıdanbaş düti-fridən evdəkilərə şokolad, ətir-zad alıb, ya almayıb. Vəssalam. Gecəsi 4-5 yüz dollar olan 5 ulduzlu otellərdə prezidentlərlə, baş nazirlərlə eyni mərtəbədə yaşa, gündə 3 dəfə delikates təamlarla qidalan, min avroluq uçuşlarla ölkələri gəz, sonra da qayıt de ki, “jurnalistika bizi bədbəxt elədi”.

İndi deyəcəklər ki, bu, hamıya qismət olan şey deyil. Vallahi, müxtəlif tədbirlərdə rastlaşdığım həmkarlarla söhbət edərkən görürəm ki, tam əksəriyyəti daha çox turistlik edib, nəinki jurnalistlik. Bəlkə sənətə yeni başlayanların xarici pasportunda giriş-çıxış möhürü az ola – o da pandemiyaya görə. Yerdə qalanlar möhürə yer olmadığı üçün vaxtından qabaq pasport dəyişirdilər. Jurnalistika yazıqları belə bədbəxt eləmişdi.

Son vaxtlar xaricə səfərlər bəlli səbəbdən azalsa da, namxuda, daxili səfərlər artıb. Nə vaxt baxırsan, həmkarlarım hündür avtobuslarda gedirlər – bu Şuşa, o Suqovuşan, o biri Ağdam, bu biri Füzuli, Zəngilan, Hadrut, Kəlbəcər, Laçın... Hələ bunun Şahdağı, Şabranı, Şamaxısı, Şəkisi, Nabranı, İsmayıllısı, Qəbələsi, Lənkəranı, Masallısı var. Avtobuslar eyzən o rayonlarda keçirilən tədbirlərə jurnalist daşıyır.

Dediyim odur ki, adam naşükür olmaz. Bir sənətdir, seçmisiniz, pis-yaxşı maaş alırsınız, yaşayırsınız, gəzirsiniz. Daha yaxşısını istəyirsinizsə, daha əlasına layiq olduğunuzu düşünürsünsə və özünüzə, fərasətinizə əminsinizsə, özünüzü verin o sahəyə, qabağa gedin, biz də deyək, halal olsun, 3-4 il əvvəl bir yerdə işləmişik, indi gör hansı uğurlar əldə edib. O zaman “uğur hekayəsi” yazarsınız. “Mən bu peşəni nahaq seçdim” statusu isə uğursuzluq hekayəsidir.

Bir nəfər də yazıb ki, bir qohumu Bakıdakı normal işini atıb, 3 otaqlı evini və maşınını satıb, gedib Avropaya, bir az bekar qalandan sonra işə düzəlib, indi restoranda qab yuyur.

Burda o adama günü 100 dollardan əməkhaqqı versələr, o işi görməzdi. Danışdırsaq, deyəcək ki, “zato” azad ölkədə yaşayır, gələcəyindən naümid deyil və sair və ilaxır.

Ta nə bilim. Hərənin ağlı bir cür kəsir. Kim başqa peşədə və ya ölkədə özünü tapacaq, xoşbəxt olacaqsa, qoy olsun, amma heç olmasa, o zaman “mıa da şükür” deməyi unutmasın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости