Свобода людям, независимость нациям!

Londonda məşhurlaşan bombeyli oğlanın Nyu-York vaqiəsi

1959 23.08.2022 19:10 Колумнисты A A

Nə qəribədir, 1994-cü ildə İranın xarici işlər naziri Əli Əkbər Vilayəti və onun müavini Vaizi bəyan edəndə ki, Salman Rüşdi haqqında Ruhulla Xomeyni tərəfindən verilən ölüm fətvası dəyişdirilə bilər, ABŞ səfirliyinin işçisi Larri Robinson yazıçıya zəng edərək deyib ki, ehtiyatlı ol, İran “heç bir adiyyatının olmadığı” sui-qəsd hazırlaya bilər.

Yəni Rüşdiyə dair verilmiş ölüm fətvası ləğv olunur, az sonra yazıçı öldürülür, İran rəsmiləri isə bəyanat verirlər ki, bizim bu işdən xəbərimiz yoxdur, biz fətvanı ləğv etmişik.

Hətta yazıçının özü və yaxınları güman edirmişlər ki, bu sui-qəsd aktı onun hansısa zalda mühazirə və ya kitabından parçalar oxuduğu zaman baş verə bilər.

İşə baxın, 28 ildən sonra Salman Rüşdiyə qarşı sui-qəsd deyildiyi kimi də baş verdi.

777.jpg (46 KB)

Daha bir mistik məqam. “Şeytan ayələri” romanının yaponiyalı və italiyalı tərcüməçiləri boyunlarından bıçaqlanmışdılar (birinci ölmüş, ikinci sağ qalmışdı), Rüşdi də boynundan vurulacağını düşünürmüş və axırda elə də oldu.

1989-cu ildən ta bu ayın 12-ə qədər ölüm hökmü altında yaşaya-yaşaya başının salamatlığını qoruyan yazıçı, heç demə, yaddan çıxmayıbmış.

Salman Rüşdinin öz başına gələnlər haqda yazdığı “Cozef Anton” avtobioqrafik romanında Xomeyninin fətvası altında keçirdiyi günlərin, yaşadığı həyatın bütün detalları təsvir olunub.

O, gerçəkdən də böyük qorxu içində, müdhiş təhdid altında, çoxsaylı mənzillər dəyişə-səyişə yaşayıb. Yazıçının mühafizəsi ilə məşğul olan xüsusi idarənin zabit və sıravi işçiləri onu zirehli avtomobildə gəzdirsələr də, bir çox hallarda onunla mühafizə olunan şəxs kimi yox, dustaq kimi davranıblar.

17090556_101.jpg (69 KB)

 

Bununla belə, romanda qeyd olunan detallardan o qənaətə gəlmək olar ki, yazıçı özü də azacıq aşın duzu olmayıb, dəvət olunduğu ölkələrə səfərlərdən, yazıçı dostları ilə ziyafətlərə qatılmaqdan çəkinmirmiş. Bu müddətdə o, dəfələrlə ABŞ-a, Fransaya, Avstriyaya, Danimarkaya, Norveçə, Çexiyaya səfərlər edib, siyasilərlə, yazıçılarla görüşlər keçirib.

“Britaniya hava yolları” onu öz təyyarələrinə minməyə qoymurmuş. Fransada ona gecə qalmağa icazə vermirmişlər, görüşlərini keçirən kimi mühafizə karvanıyla birbaşa aeroporta aparıb, Osloya yola salırmışlar. ABŞ-da onu hava limanından gedəcəyi yerə 9 avtomobillik karvanla, yolları bağlamaqla, gülləkeçirməz maşında aparırmışlar.

İngiltərəli deputatlar və ayrı-ayrı qəzetlər vaxtaşırı bir yazıçının mühafizəsinə ayrılan pulları hesablayırmışlar və bəyan edirmişlər ki, bu, dövlət büdcəsinə baha başa gəlir. Bir dəfə Rüşdi onlara belə bir sarkastik cavab verib: “Ona qalsa, şahzadə Çarlzın mühafizəsinə daha çox pul gedir, amma şahzadə ümumiyyətlə maraqlı heç nə yazmayıb”.

Təqib altında olduğu zaman yazıçı ABŞ prezidenti Bill Klintonla, İngiltərənin baş naziri Marqaret Tetçerlə, onun xələfi Con Meycorla, Çexiya prezidenti Vatslav Havellə, digər ölkələrin rəhbərləri ilə görüşüb, onlardan İran rəhbərlərinə ölüm fətvasını ləğv etmələri üçün təsir göstərməyi xahiş edib.

Ancaq İran rəhbərləri – dini lider Əli Xamneyi, prezidentlər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, xarici işlər naziri Vilayəti, ayətullahlar Sənai və Cənnəti hər il, fətvanın elan edildiyi 14 fevralda yenidən təkrarlayıblar ki, fətva qüvvədə qalır və o, icra ediləcək. Sənai hər dəfə Rüşdinin başına kəsilən pulun məbləğini artırırmış.

62818726_401.jpg (40 KB)

                              Əziz Nesin, Günter Valraf və Salman Rüşdi

Rüşdinin avtobioqrafik romanında türkiyəli yazıçı Əziz Nesinlə münasibətlərinə dair də qeydlər var. Özü də əqidəli ateist və sekulyarist olan Əziz Nesin “Aydınlıq” qəzetinin baş redaktoru olarkən müsəlman dünyasında “Şeytan ayələri”ndən parçalar dərc etməyə yeganə cəsarət göstərən adam olub. Amma Salman Rüşdi bundan xəbər tutanda bu hərəkəti “plagiat” adlandırıb və belə anlaşılır ki, Əziz Nesindən dərc olunan parçalara görə pul tələb edib. Onsuz da maddi sıxıntılar içində yaşayan və həmin parçaları sırf təqib olunan Rüşdiyə dəstək üçün dərc edən Əziz Nesin həmkarının bu münasibətindən çox narazı qalıb. Hətta ortaq dostları olan alman yazıçı Günter Valrafın vasitəçiliyi ilə Kölndə görüşərkən o, Rüşdiyə üz verməyib. Onları barışdırsalar da, Əziz Nesin Salman Rüşdi ilə bir daha nə bir araya gəlib, nə də kəlmə kəsib.

“Cozef Anton” kitabında özünün yazdığından belə anlaşılır ki, 13 yaşına qədər Bombeydə yaşayan, sonradan Londonda kollecdə oxuyan Salman orta və ali təhsil aldığı illərdə fağır, sözəbaxan, amma çalışqan biri olub. Onun sekulyarist olan atası Anis Əhməd Rüşdi soyadını müsəlman filosof İbn Rüşdidən götürüb.

Dünən son 33 ildə ilk dəfə olaraq Müsəlman Dünyası Liqasının baş katibi Məhəmməd bin Əbdül Kərim Əl-İssa Salman Rüşdüyə edilmiş sui-qəsdi İslam dininə zidd cinayət adlandırıb. Dini lider deyib ki, dini və intellektual məsələlər, o cümlədən dindarların heysiyyətinə toxunan müxtəlif mübahisəli mövzular ətrafında insidentlər zorakı yollarla həll edilə bilməz.

Pakistanın sabiq baş naziri İmran Xan da deyib ki, yazıçının yazdıqları həyatına sui-qəsd etməyə əsas vermir.

Bunu 30-33 il öncə etmək, Rüşdinin nə yazdığına baxmaq və ona sanballı intellektual cavablar vermək lazım idi. Yazıçının bir qərinə boyunca təqibi dünyada islamofobiyanın şiddətlənməsindən başqa bir işə yaramadı.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости