Свобода людям, независимость нациям!

Liberalizmin bayramı

1654 28.04.2023 12:51 Колумнисты A A

Öncə mən zəhmətkeşlərimizi 28 aprel – Azərbaycanda Sovet hakimiyyətinin qurulması günü münasibətiylə təbrik edirəm. Çünki biz 30 ildən çoxdur müstəqillik qazansaq da, SSRİ hələ canımızda qalır. Şair demişkən, bir mən var məndə məndən içəri.

Camaatın çoxu rus-sovet familiyalarını fəxrlə daşımaqdadır. Hətta mən bu yaxında dostum, cəsur kəşfiyyatçı İlham Ağalar-ın soyadını çaşıb “Ağalarov” yazmışdım, mənə zəng vurub haqlı etirazını çatdırdı. Adam əziyyət çəkib bütün sənədlərdə soyadındakı rus şəkilçisini silib, mən isə “bərpa eləmişəm”. İşin karikatur tərəfi isə həm də odur ki, özüm soyadımı çoxdan dəyişmişəm, sənədlərdə Hacı-dır, lakin mənə Hacıyev deyənlər var.

Buna xırda iş kimi baxmayın. “28 aprel” millətimizin soyadında da yaşamaqdadır.

Kolxoz-sovxozun xiffətini çəkənlər itinə tök qədər. Nərimanovun heykəli təpənin üstündə Mariya Zaxarovaya əl yelləyir. Prinsipcə, hərəkət azadlığımız da son 3 ildə SSRİ dövründəkinə oxşamağa başlamışdır. O zaman pasport-qeydiyyat işinə ciddi nəzarət vardı, kimsə istədiyi yaşayış yerini sərbəst seçə bilməzdi. Bəlkə bu baxımdan biz – homo sovetikus cinsindən insan növləri koronavirusun karantin qaydalarına daha yaxşı öyrəşdik, hazırda da operativ qərargahın şıltaqlıqlarına məmnuniyyətlə dözürük. Gördüyümüz budur, neyləyək.

Yeri gəlmişkən, Bakıda doğulmuş bir sovet yazıçı-jurnalisti vardı, Eduard Topol adında. Onun hansısa əsərində SSRİ-nin həmin pasport qeydiyyatı işgəncəsinə dair maraqlı, sənədli hadisə təsvir edilirdi. Bir yəhudi Moskvaya qeydiyyata düşmək üçün hansısa yaşlı qarıya rüşvət verir, onunla saxta nikaha girir. (Saxta nikahlar o zaman şəhərlərə pasport qeydiyyatında çox istifadə edilirdi. Bəzən başqa yol qalmırdı, əlacsızlıqdan edirdilər). Təbii ki, qarının evində yox, başqa evdə qalırmış. Ancaq ərazinin sahə müvəkkili, milis işçisi yəhudini nəyəsə görə (çoxdan oxumuşam, xırdalıqların hamısını xatırlamıram) incitmək qərarına gəlir və ona deyir ki, sənin qeydiyyatda olduğun evdə yaşayıb-yaşamadığını hər gün yoxlayacağam. Əgər orda qalmırsansa, deməli nikah saxtadır. Təsəvvür edin, milis hər gün səhər və axşam saat 10-da qarının evinə gəlir, yəhudinin orda qaldığını qeydə alırmış. Bu yetim də məcburən hər səhər və axşam bir neçə dəqiqəlik də olsa qarının evinə baş çəkirmiş. Axırda bu işgəncəyə dözməyən yəhudi SSRİ-dən mühacirət edir.

Hərçənd, indi belə şeyləri balacalara danışanda inanmırlar. (Türkiyədə SSRİ, solçu-kommunist aşiqləri xüsusilə çoxdur. Adam xəyal edir ki, kaş onlar da SSRİ rejimini canlı yaşayardılar, bunun nə yuvanın quşu olmasını görəydilər). Dünən də bir məktəbli görün mənə nə sual verir: “İndi bizdə hansı quruluşdur? Liberalizm demək olarmı?” Çay içirdim, çeçədim. Dedim bu hardan ağlına gəlib? Deyir dərsliyimizdə təsvir edilmişdi, o üzdən fikirləşdim yəqin bizim hazırkı quruluş liberalizm olar.

Əlbəttə. Liberalizmin lap ənkə-böyüyü bizdədir. İnsan azadlıqları xirtdəyə qədər. Azadlıqdan boğaza yığılmışıq, millət hər gün hökumətin qabağında piket keçirir, deyirlər xahiş edirik azadlığımızı əlimizdən alın, əvəzində 2 kilo yelpənək xiyarı verin. (Burada fürsət ikən bəzi satıcıların piştaxtaya bu xiyarın adını yanlış olaraq “yerpənək” kimi yazmasına etiraz edirəm. Düzgünü “yelpənək”dir. Yadda saxlayın, bir də gördün qəbul imtahanına düşdü. Əlbəttə, bunun 28 aprelə o qədər dəxli yoxdur bəlkə də).

Sovet hökuməti araya girdi, nədən yazacağım da yadımdan çıxdı. Həmişə belə olur. Bolşeviklərdən kim xeyir görüb, siz də görəsiniz?

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости