Свобода людям, независимость нациям!

Lənətlənməli gün – 23 fevralda yaranan ordu mülyonlarla insanın qanını töküb

2137 23.02.2024 12:02 Колумнисты A A

O sovet dövründə qaldı. Hər ilin bu gün kollektivlərdə (orta məktəblərdən tutmuş elmi-istehsalat birliklərinə qədər) qızlar, qadınlar kollektivin kişi qismini “ordu günü” münasibəti ilə təbrik edər, 12-13 gündən sonra, 8 martda qarşılığını alardılar.

Bu, bir ənənəydi, illərlə formalaşmışdı və heç kəs “kişilər günü” kimi təsbit olunan 23 fevrala və “qadınlar günü” hesab edilən 8 marta etiraz etməzdi. Hərçənd burada yüngül bir ayrı-seçkilik də vardı: 8 mart istirahət günüydü, 23 fevral isə deyildi.

Əslində isə 23 fevralın bizim üçün elə bir təntənəsi, əhəmiyyəti olmamalıydı. Çünki 1918-ci ildə sovet ordusu yarananda Azərbaycanın oxumuş adamları müstəqil dövlətçilik uğrunda mücadilə verir, öz dövlətimizi, ordumuzu yaratmaq istəyirdilər. Ölkəmiz, paytaxtımız erməni daşnak-kommunist-eser və sair başıpozuq quldurların əlindəydi.

1920-ci ilin aprelində isə həmin ordu Yalama stansiyasında yüzlərlə vətənpərvər əsgərimizi qətlə yetirərək Azərbaycana daxil olmuş, əvvəlcə Bakını, daha sonra ölkənin yerdə qalan hissəsini işğal etmiş, Gəncədə qırğın törətmişdi.

Sonradan yaltaq-yaltaq “11-ci Qızıl Ordu” (rusların “krasnıy” sözünü “qızıl” kimi tərcümə etmək bizim ədiblərin ağlına gəlmişdi) adlandırdığımız həmin qırmızı ordunun cinayətləri sovet-kommunist təbliğatının basqısı ilə insanların cari yaddaşından çıxarılmışdı. 1941-45 müharibəsi, bu müharibədə yüz minlərlə gənc vətəndaşımızın həmin ordu sıralarında alman nasizminə qarışı vuruşması qırmızı orduya münasibəti xeyli dəyişmişdi.

Ona görə də ta 1990-cı ilə qədər sovet ordusunun yaranması günü ölkəmizdə də qeyd olunur, yuxarıda dediyimiz kimi, oğlanlar və kişilər kütləvi şəkildə təbrik olunurdular.

Ancaq 1990-cı ilin 19-20 yanvar günü qırmızı ordunun əsl siması ölkəmizdə ortaya çıxdı. Həmin ordu xalqımıza əl qaldırdı, silah işlətdi, qan tökdü, yüzlərlə vətənpərvəri əsir götürdü.

O ordu bundan əvvəl, 1962-ci ildə Novoçerkassk şəhərində də xalqa əl qaldırmışdı, amma o zaman ordunun bir hissəsi xalqı gülləbaran etməkdən imtina etmişdi. 1986-cı ildə Almatıda isə ordu tərəddüd etmədən xalqa atəş açmışdı.

1991-ci ildəki “avqust qiyamı” (QKÇP) zamanı sovet dövlətinin rəhbərliyi, o cümlədən müdafiə naziri Dmitri Yazov orduya etiraza qalxmış xalqa atəş açmaq əmri versə də, generallar əmri yetirməmişdilər. General Aleksandr Lebed sonradan qürur duya-duya, öz avtobioqrafiyasının şanlı səhifəsi saya-saya deyirdi ki, xalqa silah qaldırmaq əmrini icra etməyib.

Amma məhz bu şəxs 1 il 8 ay əvvəl, 1990-cı ilin yanvarında Bakıya soxulmuş ordunun tərkibində paytaxtımızda mülki insanların qətlində iştirak etmiş, Nəsimi rayonunun hərbi komendantı olmuşdu. Bakıya polkovnik rütbəsində gələn Lebed Bakıdakı xidmətinə görə buradan general-mayor rütbəsində getmişdi.

Belə çıxırdı ki, bu ölkədə iki cür ordu var: biri etiraza qalxan ruslara atəş açmır, o biri haqlı etirazını bildirən qeyri-xalqları qırıb-tökür. Bu ordu bizdən əvvəl Tiflisdə, bizdən sonra Litvada eyni hərəkəti etmişdi. Hələ 1947-ci ildə Berlində, 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqada törətdiyi hərbi cinayətlərdən bəhs etmirik.

Yəni bir az tarixə varanda, araşdıranda görürsən ki, 23 fevral nəinki təntənə ilə qeyd olunmalı gün deyil, hətta tam əksinə, lənətlənməli gündür.

Məhz bu gün yaranan ordu SSRİ-nin tərkibində olan müttəfiq respublikalara, eləcə də onunla qonşu olan ölkələrin hamısına çoxsaylı faciələr bəxş edib – Polşadan Koreyaya qədər.

O, bir işğal ordusuydu, cəza dəstəsiydi, çəkməsinin dəydiyi məkanların hamısına bədbəxtlik aparırdı.

Belədirsə, bunun nəyi bayram edilməlidir?

Təəssüf ki, bizdə inersiya üzrə hələ də 23 fevralda kişilərə təbrik ünvanlayanlar, bu günü “kişilər günü” hesab edənlər var. Bu qədər yazılır, danışılır, gerçəklər açıqlanır, xeyri yoxdur, vaxtilə bu günü qeyd etmiş adamların bir xeylisi hələ də o düşüncədədir.

Yaxşı ki, gənc nəsil fərqli düşünür. Onlar üçün 23 fevral adi təqvim günlərindən biridir. Onlar yad bir ölkənin, yad və terrorçu bir rejimin süni bayramlarımı qeyd etmək fikrində deyillər.

Birdəfəlik bilmək lazımdır ki, 1917-ci ilin oktyabrında Rusiyada hakimiyyəti ələ keçirən bolşeviklər öz dövrlərinin İŞİD-i olub, eynilə onlar kimi hərəkət edib, milyonlarla insanı məhkəməsiz-filansız qətlə yetiriblər. Gerçək budur.

P.S. Həmin ordunun varislərinin Ukraynada törətdiyi cinayətlər isə başqa mövzudur.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости