Свобода людям, независимость нациям!

Kresloda 20 il oturmadınsa... – qoca lordlar və qurdlar Trassı “yedilər”

2635 21.10.2022 12:35 Колумнисты A A

 

İngiltərənin baş naziri Liz Trassın 44 günlük savaşdan, mübarizədən sonra istefa verməsi yadıma 1992-93-cü illərdə rayonlarda dövlət vəzifəsi tutan cəbhəçilərin hərəkətini saldı.

Onların çoxu cibində istefa ərizəsi gəzdirirdi. İH başçısı ünvanlarına tənqidi fikir deyəndə, bir dözürdülər, iki dözürdülər, amma yeni başçı özünü köhnə raykomlar kimi dotələb aparanda bəylər ciblərindəki hazır istefa ərizəsini çıxarıb qoyurdular masanın üstünə və deyirdilər: “A bəy, beş manat qazancım yox, gün-dirriyim yox, ailə-uşaq üzü görmürəm, səhərdən axşamacan ora qaç, bura qaç, onu et, bunu et, axırda da üzüm danlansın? Allah məni nökər-qaravaş yaradıb? İşləmirəm, vapşe” (bu “vapşe” söhbəti mütləq idi).

Ondan sonra başçı məcbur olurdu səsinin tonunu aşağı salsın, istefa verən bəyi dilə tutsun, işində qalıb nökərçiliyinə davam etməyə razı salsın. Dilə tutmaq üçün təsirli sözlər də vardı: “Gənc dövlətik. Demokratiya yolundayıq. Yeni ölkə qurmalıyıq. Fədakarlıq etməliyik. Biz də etməsək, kim edəcək? Hər əziyyətə qatlaşmalıyıq ki, gələcək nəsillər xoşbəxt yaşasın” və sair və ilaxır. Bu sözlərin qabağında durmaqmı olardı? Onda görürdün ki, istefa ərizəsi dörd büküldü, təzədən getdi cibə.

Şəxsən mən özüm İH başçısının birinci müavinində, sovxoz direktorlarında, idarə rəhbərlərində elə ərizələr görmüşəm və giley-güzarlarını eşitmişəm. Hərçənd hər cür danlağa baxmayaraq, vəzifəsindən dördəlli yapışan karyeristlər də vardı. Bunlar köhnə komandanın təmsilçiləriydilər və vəzifənin xeyrini, mənfəətini yaxşı bilirdilər. Biri hətta gedib İH başçısının ayağını qucaqlamışdı ki, onu İH aparatındakı vəzifəsindən çıxarmasın.

İndi hiss olunur ki, Liz Trass da köhnə kadrlardan deyil, yenilərdəndir, ona görə də ilk fürsətdəcə istefa verdi.

Halbuki biz və ingilis xalqı ona nə ümidlər bəsləyirdik, “yeni dəmir ledi gəlir”, “Consondan da artıq qətiyyət göstərəcək”, “Avropaya nümunə olacaq” deyirdik. Əslində ledi Lizin baş nazirliyinin bizə o qədər də dəxli yox idi, çörəyimiz gəlmirdi, suyumuz gəlmirdi, biz, sadəcə, həmişə olduğu kimi, yeni liderlərə azarkeşlik etmək hüququmuzdan yararlanırdıq.

Elə bu üzdən idi ki, Elizabetin əri ola-ola başqa bir kişidən ikinci uşaq doğmaq pəstəhasına, bunu ona irad tutan ərinə “narahat olma, böyük oğlan səndəndir” deyib təskinlik verməsinə anlayışla yanaşanlar vardı, deyirdilər, bu, xanımın şəxsi həyatıdır, özü bilər, bundan çıxış edərək onun siyasi karyerasına, yaxşı baş nazir olacağına ağız büzmək olmaz.

Güclü arqument idi, ona görə də Liz Trassa bir söz deyən olmadı. Hərçənd müdafiəçiləri olmasa, onu trasda durub “KamAZ”-a minənlərə döndərəcəkdilər.

Allah tərəfi, ledi işinə pis başlamamışdı, bərk gedirdi, qətiyyət göstərirdi, yaxşı bəyanatlar verirdi. Amma bu, İngiltərədir, qoca lordlar, qoca qurdlar ölkəsidir, burada cavan quzular baş çıxara bilməz. O Marqaret Tetçer idi ki, öz iti ağlı, dəmir iradəsi ilə hamının öhdəsindən gəlirdi.

Bizim camaat belə şeyləri qəbul eləmir. Kim ki vəzifəsindən tez istefa verir, xəlayiq onun haqqında pis düşünür, orda-burda dalınca deyirlər, işləyə bilmədi, ailəsinə, uşaqlarına gün ağlamadı. Hamı o tərəfə, vəzifədən istefa vermiş adamın qohumları ondan üz döndərirlər, deyirlər, yüz ildə bir nəslimizdən birinin əlinə vəzifə düşmüşdü, heç bizi nəzərə almadı, gül kimi işindən çıxdı, hamımızı yaman günə qoydu.

Bizə görə, vəzifə elə şeydir ki, gərək ondan dördəlli yapışasan və ən azı 20 il əldən verməyəsən, daha yaxşı olar ki, 40 il saxlayasan. Məsələn, bu günlərdə Cəbrayıln baş həkimini işdən çıxarıblar, 47 il imiş ki, rayonun baş həkimiymiş. Deyilənə görə, çox yaxşı adam olub, heç kəs ondan narazı qalmayıb, ona görə də dəyib-dolaşan da olmayıb.

Hardan baxsan, baş nazirlik üçün 44 gün azdır. Düzdür, bundan az müddətdə baş nazirlik edənlər olub, amma onları ya deviriblər, ya da həyatlarına sui-qəsd ediblər, öz xoşuna istefa verənlər olmayıb, olubsa da, nadir hallarda olub.

Bir sözlə, bəlkə də Liz Trass vəzifədən getməkdə düz eləmədi, amma görünür, qulaq dincliyi daha önəmlidir. İndi o, gedib rahatca üçüncü uşağını da doğa bilər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости