Свобода людям, независимость нациям!

Kraliça öldü, yaşasın Rəsulzadə!

3736 11.09.2022 18:15 Колумнисты A A

 

Britaniyada 70 il davam edən əslində, matriarxat idarəetmə Elizabetin vəfatı ilə başa çatdı. Onu ekranda görəndə mənə nədənsə, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı xatırladırdı. Gəncliyində çox saraylar görmüş, “paltarımın ətəyini 20 nəfər götürürdü” deyən, amma son illərini kasıblıq içində yaşamış o  xanımı...

Biz tarixən monarxist deyilik, respublikaçılıq bizə daha yaxındır, Məhəmməd Əmin Rəsulzadəyə əbədi sevgi və rəğbətimizin də  əsas səbəbi budur.

İngilis hökumətinin Azərbaycanın çətin günlərində Bakıya nə məqsədlə qoşun yeritdiyi haqda tarixi yenidən qurdalamağın mənası yoxdur. Ermənilərdən Osmanlıya və Azərbaycanın müstəqilliyinə qarşı necə istifadə etdikləri də bilinən faktlardır. Hətta “Böyük Ermənistan” xəyalını ermənilərin boş başlarına yerləşdirməsində ingilis hökumətinin xüsusi rolu olub. Rəhmətlik olmuş Böyük Britaniya kraliçası vaxtilə bir çox İslam dövlətini müstəmləkəyə çevirmiş ölkəyə rəhbərlik edirdi. Ona görə də müsəlmanların ingilis monarxiyasına da, kraliçaya da münasibəti birmənalı deyil...

İndi isə dünyada ən çox müzakirə olunan mövzulardan biri ingilis monarxiyasının bundan sonrakı taleyidir. Böyük Britaniyada 18-ci əsrdə formalaşmış konstitusion monarxiya modeli real hakimiyyətin (qanunverici və icraedici orqanlar tərəfindən təmsil olunur) və nominal hakimiyyətin (monarx tərəfindən təmsil olunan) aydın şəkildə ayrılmasını nəzərdə tutur. Kral ailəsinə siyasi məsələlərlə məşğul olmaq qəti qadağandır ki, bu da ona siyasi böhranlar zamanı nazirlərin uğursuzluğa düçar olduğu zaman həmişə öz “şərəf yerində” qalmasına kömək edir.

Amma Böyük Britaniyada kralın və ya kraliçanın səlahiyyətinin müharibə və sülh elanı olması ilə yanaşı, monarx Anqlikan Kilsəsinin rəhbəri kimi (bu, mütərəqqi ingilislərin nöqteyi-nəzərindən həm də zamanın yadigarıdır ) Lordlar Palatasının üzvlərini təyin edir. Belə ki, parlamentin yuxarı palatası demokratik yolla seçilmir, xalqın seçdiyi parlamentarilərin hazırladığı qanun layihəsinə isə veto qoymaq hüququna malikdir. Üstəlik, baş nazir kraliça(indi kral) qarşısında müəyyən mənada “hesab verir”.

Böyük Britaniyada monarxiyanın populyarlığı şübhəsiz ki, Elizabetin şəxsi populyarlığına əsaslanırdı. Bu, İngiltərədəki antimonarxist təşkilatların əksəriyyətinin indiyənədək əsas arqumenti idi. İngilislərin kraliça Elizabetə münasibətinin belə isti olmasının səbəbi də məlumdur. Çünki ölkə əhalisinin əsas yaşlı insanları kraliçanın taxtda olduğu 70 ildə doğulub, yaşlaşıb. Amma indi vəziyyət dəyişə də bilər.

 

Uels şahzadəsi Çarlzın taxta oturması ilə kral hakimiyyəti institutunun populyarlığının sarsılacağı haqda iddialar artıb. Belə görünür ki, “xalq şahzadəsi”, Çarlzın birinci xanımı Diananın  faciəvi ölümündən 20 il sonra da yeni kralın reputasiyası tam bərpa olunmayıb. Son sorğulara görə, hələ də əksər britaniyalı yeni kralı və onun sevgilisi, sonra isə xanımı olan Kamillanı Dianın ölümünə görə bağışlamayıb. Çarlzın taxt-taca oturmasından narazı olanların sayı da yüksəkdir-27 faiz...

Britaniya monarxiyasının gələcəyi ilə bağlı daha bir problemin pulla bağlı olacağı deyilir. İndiyə qədər də ingilislər zaman-zaman kral məhkəməsinin xərclərindən narazı idilər, lakin “kraliçaya xərac”a açıq etiraz etməyə cəsarət etmirdilər. Elizabetin dəfni də hazırda ciddi problemlərlə üzləşmiş Böyük Britaniya iqtisadiyyatına kifayət qədər baha başa gələcək. Respblikaçılara yaxın ABŞ mediası yazır ki, Elizabetin ölümü ilə kral məhkəməsinin maliyyələşdirilməsi məsələsi yenidən gündəmə gələcək ki, əslində hər britaniyalı kral sarayının saxlanmasına ildə cəmi 61 pens xərcləyir...Demək, söhbət təkcə pulda deyil, monarxaya rejiminin özündən narazılıqlar artmaqdadır.  

Deyirlər, vəfat edən şəxs haqda ya yaxşı danışırlar, ya susarlar. Elizabet əlbəttə ki, tarixi bir epoxa idi və ona qalmayan dünya heç kimə qalmayacaq. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədrinin Elizabetin vəfatı ilə bağlı bir fikrini oxudum, sonluq üçün uyğundur: “O da hamımızla eyni insan, şəraitin və zamanın qulu idi. Biz hamımız Uca Yaradana məxsusuq, hamımız Ona qayıdırıq...”

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости