Свобода людям, независимость нациям!

Korrupsiya gölməçəsinin qurbağaları

2502 17.07.2022 16:18 Колумнисты A A

Gömrük generalı Məsum müəllim zindana atılan kimi onun qarasıyca danışanlar yağışdan sonra göbələk kimi ortaya çıxdılar. Halbuki, dünənə qədər həmin adamlar Məsum müəllimin qapısında ona salam vermək üçün gecə saat 3-dən dayanıb növbə tutardılar. Bizdə həmişə belə olubdur. Rüşvətxora, oğruya, dələduza hörmətimiz yüksək səviyyədədir. Ta ələ keçənə qədər. Bacarana baş qurban. Bacar, ilişmə. İlişdin, bizdən deyilsən. Ona görə bizim ellərimizdə təmiz, namuslu, düzgün adamların qara qəpiklik dəyəri yoxdur. Elə adamların kasıblığını ələ salarıq, uşağını döyərik, arvadını məclislərə buraxmarıq, hələ kefimiz istəsə çəpərini uçurub, evini daşa basarıq. “Kasıbın sözü, yulğunun közü” – belə ata sözümüz var, bilirdinizmi? Yulğun düzənlik, çayqırağı yerlərdə bitən kol bitkisidir, fərli oduncağı olmadığı kimi, fərli közü də olmaz. “Dünya kasıba zindandır, varlıya meydan”, “Kasıb geyəndə soruşarlar haradandır, Varlı geyəndə deyərlər mübarəkdir”, “Kasıba oğul olunca, dövlətliyə qul ol”, “Varlının çörəyi kasıbın çənəsini yorar”, “Varlı əlini kəsəndə kasıb köynəyini parçalayar”, “Varlıya toxun keç, kasıbdan qorun keç”, “Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə “bəli” deyərlər” və sairə - bunlar milli folklorumuzdan kasıb-varlı temasında kiçik arayışlardır. Ulu babalarımız bizim bu mövzuya baxış kodlarımızı yaxşı bilirmişlər.

Mən dünən hətta bir bülbül-deputatımızın gömrük generalı haqda şaqraq zənguləsini dinlədim, deyirdi sən bu yaramaza bax, əsgərlərin siqaretini oğurlayırmış.

Pah, pah. Nə gözəl yer tapıblar vurmaq üçün... Bilirlər millət üçün əsgər mövzusu həssas mövzudur, üstəlik son veteran intiharlarından qəzəblənmiş kütlənin emosiya axarını yönəltməyə təzə suç keçisi tapılıbsa, niyə gen-bol istifadə edilməsin? Bir də gördün Siraqəddin müəllim Məsum müəllimin “şotuna” Sirat körpüsündən keçdi, getdi.

Əslində gömrük generalının əsgər siqaretini oğurlaması deyə bir mövzu çox qurama mövzudur. Ən əsas da ona görə ki, bizim ümumqoşun əsgər normalarında tütün məhsulları heç nəzərdə tutulmayıb və doğru ediblər siyahıya salmayıblar. Tütün, siqaret zəhərdir, narkotikdir, bunu əsgərinə niyə verəsən ki? Hələ cəbhə xəttində, keşik mövqelərində siqaret çəkmək birbaşa düşmənə, onun snayperlərinə hədəf olmaq anlamına gəlir. Sadəcə, tütün alışqanlığı, asılılığı olan əsgərlərə müəyyən mənada göz yummaq praktikası var, o cümlədən əsgərlərə dövlət tərəfindən siqaret məhsulları müxtəlif üsullarla çatdırılır. Yardım kimi, evdən göndərilir, özləri hərbi hissə ərazisindəki mağazadan alır və sairə. Bu gömrük generalına da tapşırılıbmış ki, sərhəddə qaçaqmalçılıqla keçirilən tütün olsa, onu müsadirə edəndən sonra əsgərlərə göndərsin. O isə əsgərlərə yox, öz dükançısına göndərib satdırırmış. Məsələnin qısa mahiyyəti budur. İndi buna istəsən “əsgərin siqaretini satan əclaf” yarlıkı da yapışdırmaq olar. Ancaq qaçaqmalçılıq olmasa, nəyi satacaqdı?

Yaxud, daha dərindən düşünək: ordunun təchizatı MN-ə aiddir. (Bunu həm maliyyə, həm müdafiə nazirlikləri kimi oxumaqda sərbəstsiniz). Gömrük idarəsinin ordu təchizatına nə dəxli?

Belə mövzuları həm qəsdən qarışdırırlar, həm də biz özümüz qarışdırırıq. Necə deyərlər, ocağı söndürüb külüylə oynaşırıq. Total korrupsiyanın, qanunsuz hərəkətlərin, iqtisadi inhisarların fonunda, həmçinin vəzifə səlahiyyətlərini quldur kimi istifadə edən o gömrük generallarının başqa əməllərinin yanında beş-on qutu siqareti satdırmaq çox gülünc cinayətdir. Dənizdə damladır. Bizi isə dənizə yox, damlaya yönəldirlər. Korrupsiya dənizini də hasarlayıblar, xalqa qurbağa gölməçələrində eşələnmək təklif edilir.

Yuxarıdakı folklorumuz da göstərir ki, bizə belə xoşdur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости