Свобода людям, независимость нациям!

Korlanmış kağızlar

1914 21.10.2022 08:40 Колумнисты A A

 

“Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur”

(ata sözü)

Siyasi partiyalar haqda təzə qanun hazırlanır. Keçən ay həmin qanunu yüksək sürətlə səsə qoyub qəbul etmək istəyirdilər, lakin nəsə birdən pişik asqırdı, parlamentin iclası təxirə salındı. İndi isə xəbər çıxıb, deyir qanun üzrə ictimai dinləmə olacaq, bütün partiyalar təkliflərini qoltuğuna vurub üzü yuxarı dırmaşsın. Milli Məclisin binasına. Partiya Badamdarda yerləşirsə, aşağı yellənsin.

Mən o qanunu oxumamışam, ancaq müxalifətçilərin orada-burada cükküldəşməyindən belə başa düşmüşəm ki, iqtidar qanuna nəsə mürtəce dəyişikliklər etmək fikrindədir. Guya başqa cür mümkündür... Şəxsən mən bir dənə də mütərəqqi qanun dəyişikliyini yada sala bilmirəm. İstənilən qanunu götür, başda ana qanun konstitusiya olmaqla - son 20 ildə onların yalnız pisləşdirilməsi müşahidə edilir.

O baxımdan, siyasi partiyalar haqqında qanun niyə fərqlənməlidir? Ümumiyyətlə, iqtidar bizdə siyasi partiyalar üçün hansı fəaliyyət sahəsi buraxıb? Tərpənmək mümkün deyil. Sərbəst toplaşmaq, mitinq, piket cəhənnəmə, adicə iki müxalifətçi çayxanada oturub nəlbəkidən çay hortdatsın, dərhal çevik polis alayının azı bir taboru peyda olacaq, müxalifətçiləri limon qarışıq doğrayıb samovarda dəmə qoyacaqdır. Bəhanə də bu olacaq ki, siz çay içəndə ağzınız marçıldayır, şəhərimizin nəğməli qonaqları azalır, iqtisadiyyatımıza ziyan dəyir, analar ölü uşaq salır, Ukraynaya raket düşür, Qreta Tunberq qrip olur və sairə.

İnsafən, iqtidar tam haqsız da deyil: mən qədim zamanların müxalifət qəzeti yazarı kimi bir çox müxalifətçilərin çay içəndə çox qeyri-harmonik, sonor səslər çıxarmasına şahidəm. Ona görə Hacıbala müəllim şəhərin müdiri olanda çayxanaları dibindən bağlamışdı. İndi bir az azadlıq verilib. Min şükür. Tək oturub çay içmək olur.

Siyasi partiyaların özünü göstərmək üçün əsas iş yeri seçkilərdir, onu da srağagün zəngilanlı ağsaqqal yaxşı təhlil elədi: “Gedin o Məzahir Pənahova deyin, kağız-kuğuzu korlamasın”. Həqiqətən, bizdə seçkilər həmişə kağız-kuğuz korlamaqdan ibarətdir.

Maraqlıdır ki, bizdə üzvlərinin sayı az qala 1 milyonu keçmiş (axırıncı dəfə neçə il qabaq 700 min üzərində dayanmışdılar, ondan bəri xəbərsizəm) Yeni Azərbaycan Partiyasının özü də siyasi sistemdə sıfıra bərabər aktivliklə məşğuldur. Müxalifət yoxdur, bunu başa düşdük, ancaq iqtidar partiyası da axı yoxdur! Siyasi mühitimiz havasızlıqdan, vakuumdan, boşluqdan ibarətdir. Məsələn, biz yaxşı xatırlayırıq, qədim əyyamlarda YAP-ın cürbəcür, rəngarəng, odioz, mafioz, boz, türkün sözü, salyanqoz (qafiyə üçün yazdım, mənası yoxdur) fiqurları gündəmə mövzular verərdi. Müsahibələri, açıqlamaları ara qatardı, baş kəsərdi, qan tökərdi. Lakin son illər YAP-ın da çırağını söndürüb, ucqar kənd tövləsində divardan asıblar. Yüz minlərin partiyasından “tıss” da çıxmır.

Bəs çıxış yolu nədir? Məncə, ağrımayan başımıza buz bağlamağın mənası yoxdur: uca millətimizə siyasi partiyalar lazım deyil. Siyasi partiya bir ideoloji, düşüncə platforması ətrafında birləşən, nəyisə dəyişməyi qarşıya məqsəd qoyan adamların birliyidir. Biz də birləşəndə ya kafe açırıq, ya xına yaxırıq, ya da ən yaxşı halda MAXE oluruq. Siyasətə qarışmaqla aramız yoxdursa, siyasi partiyalar haqda qanun da bizim üçün arxaizmdir, rudimentdir, canım sənə desin, atavizmdir.

İndi təzə qanunu pisləyən müxalifətçilərə də demək istəyirəm ki, köhnə qanunla nə qələt eləyə bildiniz, təzəyə mız qoyursunuz? Qanun yox imiş, səhər açılmırdı... Xalqla işləmək, fikirlərini yaymaq, təsir gücünü artırmaq üçün iqtidarın hansısa qanunu dəyişəcəyini gözləyən müxalifətə bir quş.

Ona görə, Sahibə xanıma da deyin, kağız-kuğuzu korlamasın.

 

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости