Свобода людям, независимость нациям!

Kölələrin narazılığı

2880 03.05.2022 07:18 Колумнисты A A

Öncə bir pritça yazaq, bu əziz günlərdə oxucularımızın maddi-mənəvi rifah halının yüksəlməsinə hökumətlə bahəm dəstək olsun.

Deyir bir gün bir qartal ağacın başında oturub dincəlirmiş, ora-bura tamaşa eləyirmiş. Ağacın altından keçən dovşan bunu görür, deyir, Qartal əmi, olarmı mən də sizin kimi boş-bekar oturum, heç zad eləməyim. Qartal deyir, olar, nöş olmasın. Bizdə demokratiyadır, hər cür azadlıqlar vardır. Dovşan həvəsə gəlir, oturur ağacın dibində, başlayır dincəlməyə. Bu zaman tülkü peyda olur, dovşanı tutur yeyir.

Bəs əhvalatımızın müdrik nəticəsi nədir? Odur ki, əgər sən istəyirsən oturasan və heç bir iş-zad görməyəsən, həmişə laaap yuxarılarda oturmalısan.

İndi keçək əsas söhbətə. Söhbət odur ki, uca millətimiz paxıllıqdan ciddi şəkildə əziyyət çəkməkdədir. Uzun zaman imperiyanın qulu, daha sonra da hökumətimizin köləsi olduğumuza görədir, dini səbəbləri var, ya hansısa başqa problemlərdən qaynaqlanır, dəqiq bilmirəm, onu bilirəm ki, bizdə insanların azadlığını, sərbəstliyini gözü götürməyən böyük, amansız, qəddar, zalım, düşük, bambılı kütlə formalaşıbdır. Havadan yazmıram, faktları sadalayacam, özünüz görün.

Bu yaxında bir cavan qızın iti ölmüşdü. Qız itinin ölməyinə ağlaşma qurdu, sonra dedi burada yaşamaq mənə haram oldu, çıxıb gedirəm və sairə. Şair demişkən: “Mən çıxıb gedirəm, qoy hamı qalsın”. Bizdə heyvanların vəziyyəti problemlidirmi? Bəli. İnsan hüquqları pozulur, gəl gör heyvan haqları olsun. Bəs o yazıq qızın itinə qurduğu ağlaşmaya insanlar necə davrandı? Qətiyyən xoşgörülü yanaşmadıq. O ələ saldı, bu hırıldadı, başqası söydü və sairə.

Yaxud, heç bir hökumət qulluğunda olmayan adam iftar süfrəsi şəkli paylaşar, hamı onu danlayar: “Aclar var, qırılırıq” və sairə. Xoşun gəlmir, baxma. Burda nə problem var? Büdcə vəsaitini yesə, oğru olsa başqa məsələ. Bizdə isə oğruların iftar şəkillərinə adətən “Allah qəbul eləsin”, “Allah balanı saxlasın” şərhləri gəlir. Yetimin üstünə getməyin, varlıya, vəzifəliyə yaltaqlanmağın ustasıyıq. (Yeri gəlmişkən, oxşar vəziyyət Türkiyədə də var. Bu yaxında Bülənt Ərsoyu hansısa bahalı iftar süfrəsinə görə tənqid eləmişdilər. Halbuki, o adamlar Bülənt Ərsoyu küçədə görsələr boynuna sarılıb şəkil çəkdirməkdən ötrü ölərlər. Xoşun gəlmir, niyə izləyirsən?)

Qız uşağını tez ərə verirlər, danlayırıq. Qız uşağı hansısa mənsəbə çatanda isə dalıyca söz qoşuruq. Adam evlənmir, bizləyirik. Evlənir, qeybətini eləyirik. Həkimə qanuni pul vermək istəmirik, əvəzində rüşvət verib ölürük. Müəllim dərs keçir, maraqlanmırıq, məktəb xaraba qalır, dızıldaşma düşür. Yazıq məktəb, onun dərdini ağlaşmaq üçün bir yaxşı ağıçı lazımdır, çünki bu yaxında bir saxta təyin edilən deputat da məktəbləri tənqid eləmişdi.

Dini etiqad hər kəsin şəxsi işidir. Şiə məzhəbində başına Quran, hansısa dini yazı qoyub dua eləmək adəti var. Bu yaxında Hacı Şahinin belə videosu yayıldı. Nə qədər tənqid, təhqir eləyən vardı... Halbuki, dindarın başına kağız qoyub dua eləməsinin başqa kimə ziyanı var? Kimə dəxli var? Heç kimə dəxli yoxdur və buna mız qoyanlar, tənqid edənlər gülünc adamlardır. Dindarın başına kitab keçirəni min dəfə az təhlükəlidir, nəinki baş kəsəni.

İndi də bir qadın avtomobilinə “Şəhid xanımı” yazısı vurub, onu söz edirmişlər. Bunun başqa kimə istisi-soyuğu var? Əri vətən üçün qurban gedəndə, sizdən icazə almışdı? O yazı kimə mane olur? Dünyanın bir çox ölkələrində adamlar hətta maşının nömrə yerinə istədiyi sözü yazdıra bilir və buna ilişənlər yoxdur. Rüsumunu ödəyirlər, sadəcə. Şəhid xanımından rüsum almaq istəyirsinizsə, başqa məsələ. Açıq deyin. Yəqin buna da “mərifətiniz” çatar.

Azad adamların ölkəsini qurmalıyıq. O zaman belə mənasız söz-söhbətlər olmayacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости