Свобода людям, независимость нациям!

“Kitayski” səfir

2516 23.04.2023 20:15 Колумнисты A A

Yaxud suverenliyin də “podoriqinalı” olurmuş

Çin Xalq Respublikasının (ÇXR) Fransada bir səfiri var, adı Lu Şay-dır. Şəxsən mən bu Şay müəllimi əziz Ramazan bayramının yiyəsinə tapşırıram, ona bildiyini eləsin, ilahi, amin. Biz özümüz müsəlman dünyası olaraq da hansısa tədbirlər görə bilərdik, sadəcə, başımız qarışıqdır, göyün üzündə Ayı axtarırıq. Tərslikdən hava da iki gündür buludluqdur. Xeyirli olar, inşallah. Səbr eləmək lazımdır. Səbr edən dərviş, murada ərmiş. Səbr ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar, tut yarpağından. Odur, İlon Mask səbr eləmədi, uzundraz raketi göydə partladı. Gərək raketi vaxtında uçurdasan. İranda bir hamam var, təkcə şamla qızdırırlar. Nəsə, mövzudan uzaqlaşmayaq.

Mövzu isə Çinin Fransa səfiri idi, əgər yadınızdadırsa. Bu adam iki gün qabaq Fransa jurnalistinə intervü verib, ağzına gələni danışıbdır. Məsəl üçün, deyir Krım həmişə Rusiyanın torpağı olub, gərək Ukrayna ordan gözünü çəksin. Tarixdən qandığı qrafa yoxdur. Bəs Krım xanlığı? Lap dərinə getsək, yunanlar nə etməlidir?

Ancaq ən pisini bizim ölkəmizin də olduğu çevrə üçün söyləyib. Deyir SSRİ dağılandan sonra suverenlik qazanan respublikaların müstəqilliyi şübhəli bir zaddır, gərək o işlərə təzədən baxılsın. Deyir bunların arasında suverenlik üzrə sənədləşmə-zad aparılmayıb, sərhədlərini təyin etməkləri də mümkün deyildir.

Sənin başın haqqı. Görünür bu da torpağın təsiridir, kim Parisdə səfir işləyirsə, Makrona oxşamağa başlayır. Makron da görürsən hərdən dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə çəp baxır. Hərçənd, bu dəqiqə adamın Makrona yazığı gəlir, çünki hansı regiona getsə fransızlar onu yumurta atəşinə tuturlar. Son illərdə Makronun başına o qədər yumurta çırpıblar ki, əgər mən Parisdə aşbaz olsaydım menyuya təzə yemək adı daxil eləyərdim: “yumurta-makron”. Yumurta-pomidor çığırtmasının yeni növü kimi. Gərək heç bir işin şitini çıxartmayasan. Fransız qərdeşlərimiz hazırda dövlət başçısını aşağılamağın həddini aşıblar. Lakin düşünürəm o qədər də yox. Tarixi təcrübəyə görə orda kralların başına daha pis münasibətlər bəslənmişdir.

Yenə qayıdaq Çin səfirinə və onu sarsaqlamağına. Bu dəqiqə Baltikyanı ölkələr – Estoniya, Litva-filan Çin səfirinə etiraz edirlər. Gərək Azərbaycan da bu etirazlara vaxtında qoşulsun, Çin səfiri bizdən üzr istəsin. Çünki suverenlik və müstəqillik mövzularında demaqoqiyalara icazə vermək olmaz, axırda zibili çıxır. Üstəlik, bu cür ucuz işlərlə Çin kimi BMT TŞ üzvü məşğul olursa, qalanlarından nə gözləyəsən? Necə deyərlər, ağıllınız kimdir, qabaqda gedən...

Bəyəm biz Çinə deyirik niyə müsəlman uyğur türklərini repressiya edirsən? Milyonlarla uyğur həbs düşərgələrində saxlanılır. Özü də bu uyğurlar Azərbaycan türklərinə dil, adət-ənənə, folklor baxımından yaxın toplumdur, biləsiniz. Ən çox bu adamı yandırır.

Yaxud, Çin ordunu basıb yazıq buddistlərin dövlətini – Tibeti işğal eləyəndə guya suverenlik, müstəqillik, sərhədlər üzrə beynəlxalq razılaşmaları nəzərə alırmış. Təklif edirəm Tibetin müdiri Dalay Lamanı Bakıya çağıraq. Düzdür, Lama müəllim də son zamanlar şit zarafatlara yoluxub, məsələn, balaca uşaqlara dilini sormağı təklif edir. Ancaq əsas Tibetin müstəqilliyidir. O cümlədən, Tayvanla əlaqələrimizi möhkəmləndirək. Harda qırılar, qırılar.

Biz bundan koronavirusun hesabını soruşmalıyıq, bu bizim suverenliyimizə mız qoyur. Kürşat hardadır görəsən?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости