Свобода людям, независимость нациям!

Kinoyeyənlər

1324 26.12.2023 12:42 Колумнисты A A

Erməni rejissorun çəkdiyi “Amerikatsi” (“Amerikalı”) adlı film “Oskar” mükafatının “ən yaxşı xarici film” nominasiyası üzrə seçimlərinə qatılıb. Orda prosedur belədir, öncə uzun siyahı seçilir, axıra qısa siyahı qalır, akademiklər də qısa siyahıdan qalibi seçirlər. Ümid eləyək bu erməni kinosu nəinki qalib gəlsin, heç qısa siyahıya da düşməsin. Çünki adamın pisinə gəlir. Millət olaraq qibtə etməli olursan - Vasif müəllimin populyar əhvalatındakı kimi. 

“Amerikatsi” internetdə, pirat saytlarda rus dilində var, mən baxdım. Açığı, elə gözəl sənət əsəri-filan deyil. Prinsipcə, “Oskar” ödülünə namizədlər, o cümlədən ödülün qalibləri kino sənəti baxımından çox zaman üstün əsərlər olmur. Nobel ödülü kimi, burada da siyasət, sənətdən kənar məsələlər rol oynayır. Bizim üçün mənfi haldır ki, bu “Amerikatsi” filmində də müəyyən dərəcədə qondarma erməni soyqırımı  mövzusuna yer verilib. Filmin qəhrəmanı olan erməni uşaq vaxtı Osmanlı dövləti ərazisində bütün nəslini itirir, özü isə sandıqda gizlənib sağ qalır. Gedir çıxır Amerikaya. 1948-ci ildə Stalin dünya ermənilərini SSRİ-də yaşamağa dəvət edir. Bu zaman həmin erməni də qayıdır, lakin Ermənistan SSR ərazisində onu həbs edirlər, repressiya ilə üzləşir. Amerikanın casusu adıyla. Bəhanə də bu olur ki, guya onun... rəngli qalstukları var. 

Süjeti, filmin necə bitdiyini burda yazmaq fikrim yoxdur. Bəs bu temanı niyə açdım? Bugünlərdə Hesablama Palatası Mədəniyyət Nazirliyinin kino idarəsində apardığı yoxlamaların nəticəsini açıqlayıb. Külli miqdarda yeyinti varmış. O dərəcədə ki, Palata işi prokurorluğa yönləndirməyə məcbur olubdur. Qısaca yazsam, son illərdə dövlət büdcəsindən kino çəkilişi üçün bir neçə milyon manat ayrılıb. Pullar yeyilib, kino isə çəkilməyib. Yəni, biri var nəsə çəkəsən, bəyənilməyə, biri də var ümumiyyətlə əlini ağdan qaraya vurmadan büdcəni basmarlayasan. Kinoçəkənlərimiz ikinci metoda üstünlük vermişdir. Heç formal olaraq hansısa toy videosundan-zaddan çəkib dəftər-kitabın arasına qoymayıblar ki, Palata yoxlayanda “ala, bax, bını çəkmişik” desinlər. Hətta bəhanə olaraq belə arqument də gətirmək mümkün idi: “Siz qanmırsınız, əslində kino sənəti budur. Artxausdur, sürrealizmdir, nə bilim, absurd filmdir və sairə”. Əksini necə sübut etmək olar? Heç cür. Ünlü tayvanlı rejissor, Tsai Ming-liang (Tsay Min Lyan) 2014-cü ildə “Qərbə səyahət” adlı film çəkib. Bütün film buddizm dininə məxsus rahibin evdə yerindən qalxıb küçəyə çıxması, yol getməsindən ibarətdir. Yavaş-yavaş hərəkət edir, vəssalam. Şəxsən mənə o film çox ləzzət verib. Sözümün canı odur ki, “sənət sənət üçündür” prinsipiylə çox şeyi, çox hökumət idarəsini yola vermək olardı. Lakin yuxarıda yazdım, bizimkilər ümumiyyətlə heç zad etməyiblər. Təmiz yeyinti ediblər. Halal olsun. Korrupsiyaya haram qatmayıblar. 

Əlbəttə, mövzunu “ermənilər kino çəkir, bizimkilər də pul yeyir” müstəvisinə gətirmək fikrim yoxdur. Cəhənnəmə çəksinlər. Biz də real həyatımızı yaşayaq. Ancaq həmin “Amerikatsi” filminin girişində söylənən bir cümlə mənə ideya verdi. 

Orda titrlərdə yazılmışdı: “Stalinin dəvətiylə 300 min dünya ermənisi Ermənistana gətirildi. Onlardan 100 mini amerikalı idi” və sairə. Hadisə 1948-ci ildə olub. Bu, sizə nəsə deyirmi? Mənə deyir. Həmin vaxt Ermənistandan təxminən elə o sayda azərbaycanlılar (türklər) Azərbaycana zorla sürgün ediliblər. Dağlıq bölgə sakinlərini Beyləqanın, Şəmkirin çöllərində məskunlaşdırıblar. Çünki 300 min ermənini xaricdən gətirirsənsə, onları yerləşdirməyə evlər, kəndlər də lazım idi. Stalin isə azərbaycanlıları qovmaqla bu problemi özü üçün həll edib. 

Buyurun. Hazır temadır. Ermənistandan zorla köçürülən o azərbaycanlıların sonrakı həyatından, insan talelərindən neçə-neçə dramatik filmlər çəkmək olar. O filmlərin ssenarisini yazmağa qadir ən azı 2 yaradıcı şəxs də tanıyıram: həmin köçün övladlarından yazıçı Məmməd Oruc və yenə həmin bölgədən yazıçı Azər Abdulla. Səhv etmirəmsə, hər ikisinin bu temalarda yazıları da olmalıdır. Azər Abdulla rəhmətə gedib, Məmməd Oruc isə sağdır. Sifariş verin, ssenari yazsın. Kinonu çəkin, sonra lap yeyinti edin. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости