Свобода людям, независимость нациям!

Kiçik Qaladərəsi təxribatının böyük xətası

1409 06.06.2022 14:28 Колумнисты A A

Necə deyərlər, başımızı açağı salıb işimizlə məşğul olduğumuz vaxt erməni deyir “şələni qoy yerə, gəl, dalaşaq!” Təbii ki, bu, erməninin hünəri ola bilməz, savaş 44 gün yox, 54 gün davam etsəydi, indi Xankəndidə izi-tozu qalmamışdı bunların. Qızışdırırlar yenə də. Əks halda, Xankəndinin başının üstündəki Şuşanın kəndində Azərbaycan maşınlarının qarşısına çıxmağa nə hədləri vardı?

Yəqin internet üzərindən yayılan kadrları görmüsünüz, iyunun 5-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneçilik törədiblər. Hadisə Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında baş verib. İnsidentə rus sülhməramlılarının da müdaxilə etdikləri xəbəri yayılsa da, təfərrüatlar barədə açıqlama verilməyib. Hələlik Azərbaycanın rəsmi qurumları da bu barədə hər hansı məlumat yaymayıb. Amma belə görünür, rəsmi məlumat o ərazidəki erməni qurldurları qolubağlı Qobustana gətiriləndən sonra yayıla bilər. Hələ müharibədən sonra bəlli idi ki, rus hərbçilərinin müvəqqəti yerləşdiyi digər ərazilər kimi, Şuşanın Kiçik Qaladərəsi kəndində də erməni silahlıları qalıb. Yəni terrorçu dəstələr. Müharibə il yarımdır bitib, amma silahlar da qalır, silahlılar da. Onları dərhal torpaqlarımızdan rədd etməli olan Rusiya sülhməramlı kontingenti isə... Bu barədə bir az sonra.

Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiyaya səfər etmək istəyirdi, amma uça bilmədi. Daha doğrusu, Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın rusiyalı nazirə hava məkanını bağlaması səbəbindən diplomatın səfəri baş tutmadı. Görün işi hansı yerə çatdırıblar ki, toxunulmazlıq statusu olan diplomata belə, hava dəhlizi vermirlər. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, Lavrov iyunun 6-7-də Serbiyaya səfərində bu ölkənin prezidenti, xarici işlər naziri ilə görüşüb-danışacaqmış. Alınmadı. Səbəb: Rusiyanın Ukraynada törətdikləridir.

 Naziri ölkədən kənara uça bilməyən həmin bu Zaxarova Suriyanın şimalında Türkiyənin yeni antiterror əməliyyata başlamaq hazırlığına müdaxilə etmək cəhdi göstərib. “Ümid edirik ki, Ankara Suriyada onsuz da narahat olan vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcək. Eyni zamanda, Suriyanın sərhəd bölgələrindən Ankaranın Türkiyənin milli təhlükəsizliyi üçün yaranan narahatlığını anlayırıq”, - Zaxarova bildirib. Mariya deyib ki, Suriyanın qanuni hökumətinin razılığı olmadan atılacaq belə bir addım bu ölkənin suverenliyi və ərazi bütövlüyünün birbaşa pozulması olacaq və bu, ölkədə gərginliyi daha da artıracaq.

Bəli, qardaş Türkiyə dediyini edən dövlətdir, onun lideri Rəcəb Tayyib Ərdoğanın kişi adam olduğunu, dediyi sözün arxasında durduğunu hətta Zaxarovanın prezidenti də etiraf etmişdi. Deməli, deyilibsə, olacaq! Cənab Ərdoğan bildiribmişdi ki, hədəf Təl-Rıfat və Mənbiçdəki terrorçulardır! Zaxarova və ölkəsi niyə terrorçulara qarşı tədbirdən narahatdır? Hansı ki, Rusiya 100 gündən artıqdır suveren Ukraynada “terrorçu axtarır”. Türkiyəyə qarşı yarım əsrə yaxındır xain hücumlar edən terrorçuların indi məhv edilməsi əməliyyatından niyə rəncidə olur şimal qonşumuz? Terrorçular at oynatsın və Türkiyəyə sığınan 5 milyon qaçqın da evinə, yurduna dönə bilməsin sonsuzadək? Bu mənada NATO ilə savaş halında olan Rusiyanın terrorçulara münasibəti PKK-çıları qoynuna aldığı halda Alyansa üzvlüyə can atan Finlandiya və ya İsveçin mövqeyindən ciddi şəkildə fərqlənmir.

Necə ki, on illərdir Rusiya və Qərb arasında konfrantasiya bu mərkəzlərin Qarabağdakı separatçılara münasibətində ciddi fərqə gətirib çıxartmadı. Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Azərbaycana qarşı yumşaq desək, hörmətsiz davranıb. Bir neçə dəfə Azərbaycan tərəfi xəbərdarlıq edib ki, “Dağlıq Qarabağ” yoxdur, Qarabağ və Şərqi Zəngəzur var, amma Rusiya Müdafiə Nazirliyi sonuncu – 5 iyunda yaydığı məlumatında da eyni sayğısızlığı təkrarlayıb: “Dağlıq Qarabağ”, “Stepanakert”, “Mardakert”, “Martuni“ və s. Bu yandan da Tərtər tərəfdə sülhməramlıların aktivləşməsi xəbəri yayılıb.  

Nə demək istəyirlər? Bəlkə özünü separatçıların “dövlət katibi” adlandıran Artan Beqlaryan adlı separatçı qırığı ilə müsahibəni götürüb yayan RİA Novostinin Azərbaycanda bloklanmasının cavabıdır bazar gününün xəritəsi və ya açıqlaması?! Belə davam etsələr, sonu yaxşı olmayacaq, Qarabağdakı ermənilər üçün, eyni zamanda qonşuluq münasibətlərinin gələcəyi baxımından. Bu yaxınlarda Qarabağın ermənilər yaşayan hissəsində, həmçinin İrəvanda keçirilən sorğuda 57 faiz deyib ki, Qarabağ ermənilərinin xilası Azərbaycanın tərkibində yaşamaqdır. Yəni silahlı quldurlardan, terrorçulardan qorxan girov ermənilər anonim də olsa, gələcəklərini Azərbaycanın daxilində görürlər. Amma sülhü təmin etməyə gəldiyini iddia edən rus kontingent isə deyir yox, nə sülh, nə gələcək, bizsiz gələcək gəlməyəcək...

Məhz bu kimi davranışlardır erməni separatçıları əl-qol açmağa həvəsləndirən. Yoxsa Araik adlı baş terrorçu 44 günlük müharibədə bizə qarşı döyüşən “keşiş” libaslı terrorçunu Kəlbəcərdəki alban məbədinə “baş keşiş” təyin etmək cəsarəti göstərməz, gəlib oralarda sülənməzdi. Bir neçə ay əvvəl elə sülhməramlıların gözü qarşısında Azərbaycanın Kəcbəcərə yük aparan maşınlarını saxlayıb yoxlayan erməni quldurların cavabı verilsəydi, qolları burulub qoduqluğa basılsaydı, bu gün Şuşanın kəndində belə özbaşınalıq etməzdilər. Hərbi ekspert Ədalət Verdiyevlə tamamilə razıyam. Sitat: “Belə bir hadisə ilk dəfə baş vermir. Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə dəfələrlə vətəndaşlarımıza, maşın karvanlarımızın sürücülərinə qarşı hörmətsizlik edilib. Mən də bunun şahidiyəm. Sözügedən məsələ haqqında çoxlu material var. Əvvəllər də vurğuladığımız kimi, rus sülhməramlıları oradakı fəaliyyətlərlə bağlı Azərbaycana hesabat verməlidir”.

Bəli, Azərbaycanın razılığı əsasında ölkəmizə daxil olmuş rus hərbi kontingenti hər bir təxribatın qarşısını almağa borcludur və bütün məsələlər məhz Azərbaycanın müvafiq qurumları ilə müzakirə edilməlidir. Bu ölkədə yalnız Azərbaycan qanunları işləyir! Əks halda Fərrux əməliyyatı Şuşanın kəndlərində təkrarlana bilər. Xoşagəlməz hadisələrin təkrarlanmaması üçün Rusiya sülhməramlılarının başında dayanan komandan – adını da unutmuşuq, deyəsən, Volkov idi - Bakıya dəvət olunmalı, onunla tet-a-tet danışılmalıdır. Həm də xəbərdarlıq edilməlidir, baş diplomatına uçmağa belə imkan verilmədiyi bir dövrana gəlib çatdığı anladılmalıdır. Müttəfiqlik belə olmur!

Dünən Qəbələ RLS-ə uzaqdan baxanda xatırladım ki, vaxt vardı burda rus hərbçiləri dolaşırdılar, artıq yoxdurlar! Gün gələcək Qarabağdakı rus hərbçilər də “ev”lərinə dönəcəklər, yerlərini bilməsələr, bəlkə də 5 ildən də tez. Odur ki, ermənilər ağlını başına yığsa, yaxşıdır…Hər halda, Kiçik Qaladərəsi təxribatının böyük xətası ona başa salınsa, yaxşıdır. “Dəmir Yumruq” misalı…

Yeri gəlmişkən, iyunun 10-da Lavrov İrəvana “Soros uşaqları”nın rəhbərlik etdiyi ölkəyə uçacaq(mı?)

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости