Свобода людям, независимость нациям!

Kəsici-deşici alətlər üzrə tədqiqat

2313 19.04.2023 09:43 Колумнисты A A

“Çernil, qrafil, pero, qarandaş -

İcad edəni olaydı şil, kaş!"

(Sabir)

Təzə kənd təsərrüfatı nazirimizin hələ bu vəzifəyə qoyulmazdan lap az öncə verdiyi bir müsahibəyə baxdım. Açığı, Məcnun müəllimi heç tanımasam belə, ona müəyyən rəğbətim yarandı, hətta arada romantikaya dalıb belə xəyallara qapıldım ki, bu nazir kəndlilərimizi Məcnun kimi sevəcəkdir, süfrələrimiz dolub-daşacaqdır, xaricdən bir çürük soğan almağımıza da ehtiyac qalmayacaqdır. Nəyə görə bu xəyalplova iştahlandım? Çünki orada Məcnun müəllimdən holland sindromu haqda soruşurlar, o da deyir ki, hazırda Azərbaycan iqtisadiyyatı elə bu sindromu yaşayır, çünki iqtisadiyyatımızın 95 faizi neft-qaz sektorundan asılıdır. Daha dəqiqi, elə bundan ibarətdir.

Kim bilir, bəlkə dövlət rəhbərliyi də bizim kimi o intervüyə baxıbdır və Məcnun müəllimi çağırıb tapşırıbdır: “Madam sən belə tənqid eləyirsən, həqiqətpərəstsən,  indi zəhmət çək, qeyri-neft sektorunu özün düzəlt”.

Düzələcəkmi? Şübhə edirəm. Çünki bu iş, birincisi, təkcə nazirdən, onun kimliyindən asılı məsələ deyil, kompleks məsələdir. Kənd təsərrüfatını dirçəltmək ilk növbədə siyasi addımlardan asılıdır. Çox üzərində dayanmıram, çünki siyasətə qarışmıram. İkincisi, korrupsiya ilə mübarizə yoxdursa, ərzaq bolluğu yaranmaz, kəndli də dirçəlməz (bəlkə də siyasətə qarışdım, üzr istəyirəm). Üçüncüsü, kəndlinin iqlimdən də çox asılılığı var. Necə deyərlər, yağmadı yağış, bitmədi qamış, buna neyləsin nazir yanmış...

Çağdaş dünyamızda kənd təsərrüfatını qaldırmaq üçün elmin tətbiqinə də böyük ehtiyac var. Elmsiz mümkün deyil. Texnologiyalar lazımdır, alimlər araşdırma aparmalıdır, gen mühəndisliyindən tutmuş süni intellektə qədər min cür şeylər işin içində olmalıdır. Yoxsa kotan-çomaq, alabaş-yabı dövrü çoxdan keçib. Bizdə elmin kəndə tətbiqindən danışmaq lətifəyə oxşamırmı? Bir Aqrar Universitetimiz var, ora 230 balla girmək mümkündür, keçən ildən rektor da tapıb qoya bilmirlər. Bir dəfə dünya universitetləri arasında 13 mininci yeri tutmuşdu. Gəl gör oradakı hansısa tədqiqatlardan, araşdırmalardan danışaq... Bakıdakı bitkiçi alimlərimizin son elmi işlərindən biri isə rozmarinin çoxaldılması üsuluna dövlət idarəsindən patent alınması olmuşdur. Vacib olan rozmarindir yəqin ki... Məsələn, deyirlər onun qurudulmuşunu kababın üstünə səpəndə aromat verir.

Maraqlı yerə gəldik çıxdıq, istəyirəm elə “buradan qazım” - bir köhnə lətifədə deyilən kimi. Srağagün çox üst-üstə düşən iki əhvalat oldu. Birincisi, elm və təhsil nazirimiz ölkədə 2 tədqiqat universitetinin qurulacağını müjdələdi. Deyir araşdırırıq, universitetlərimizin fəaliyyətini təhlil edirik, hansıları kriteriyalara cavab versə, onların bazasında belə universitetlər qurulacaq.

Doğrudan da, olduqca önəmli məsələdir. Sivil dünyada elmi araşdırmalar əslində çoxdan universitetlərin bazasında aparılır. Burada alimlər həm dərs deyir, həm kəşflər edir. Nəticədə elm gəlir gətirir, dövlətə, millətə xeyir verir. Bizdə isə elm və təhsili haçansa şaqqalayıblar, ayırıblar. Elmi laboratoriyalar universitetlərin içində olmaq əvəzinə AMEA-nın ölü idarələrində qurulub, ya da heç qurulmayıb, yalandan adı olub.

Lakin dünya sürətlə irəliləyir. Bugünlərdə Google şirkətinin süni intellektlə bağlı araşdırma mərkəzinin müdiri açıqlama vermişdi ki, yaratdığımız süni intellekt proqramı bizi həyəcanlandırıb, hətta qorxuya salıb. Sən demə, süni intellekt özü, durduğu yerdə, heç bir yardım almadan... banqladeş dilini öyrənibmiş. O cümlədən inflyasiya haqda elmi məqalələr yazıb, istinad etdiyi elmi ədəbiyyat isə... saxta imiş. Bəs biz nə edirik? Biz də hələ araşdırırıq ki, görək araşdırması olacaq universiteti harada qayıraq. Çətin işdir.

Ancaq mümkündür. Bayaq “iki əhvalat” yazmışdım, yadınızdasa. Birincisi tədqiqat universitetlərimizin anonsu idi, bəs ikinci? Sizi çox intizarda qoymaq istəmirəm, buyurun: “Tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib. Hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir” (musavat.com, 17 aprel). 

Necə deyərlər, maşallah. Nazir 2 universitet axtarır, burda isə 3-ü var! Götür, bazasında tədqiqat qur. İndiki dünyada kəsici-deşici alətin düzgün və səmərəli, millətə lazım olan formada istifadəsi də vacibdir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости