Свобода людям, независимость нациям!

“Kərimə dövləti”nin qandallanan sərbazları...

2039 14.03.2023 12:55 Колумнисты A A

 

II dünya müharibəsindən sonra uzun müddət heç bir böyük dövlət başqa dövlətə qarşı ərazi iddiası ilə çıxış etmədi. Udanlar udmuş, uduzanlar uduzmuş, dünya yenidən bölüşdürülmüşdü. Hamı pis-yaxşı qane olmuşdu, bölgüdən narazı qalanlarda isə iddia irəli sürəcək güc, hünər və həvəs yox idi.

Amma təxminən 40 illik fasilədən sonra yavaş-yavaş bəzi dövlətlər yenidən öz sərhədlərindən kənara aşmağa başladılar. “Soyuq müharibə” illərində güclü dövlətlər başqa dövlətin ərazisini ilhaq edib özünə birləşdirməsə də, bu və digər şəkildə işğal və istismar edirdi. Məsələn, SSRİ Əfqanıstana, ABŞ Panamaya, Qrenadaya soxulmuşdu.

Sonradan sosialist düşərgənin dağılması, kommunist imperiyaların (SSRİ, Yuqoslaviya) çökməsi nəticəsində yaranan kiçik dövlətlərin bir-birinə ərazi iddiaları artdı və sanki dünyanın yenidən bölüşdürülməsinə start verildi.

Ərazi iddialarının yeni trendi beləydi: aqressiv dövlət qoluna qolay saydığı dövlətdən ərazini birbaşa özünə birləşdirmir, açıq ilhaq prosesi həyata keçirmirdi, bölüb götürmək istədiyi ərazidə etnik yaxınlıq zəminində qondarma bir “dövlət” yaradır, onu de-fakto özünə birləşdirir, məsələnin de-yure hissəsini 30-40 il sonraya saxlayırdı.

Konkret olaraq, Ermənistan Qarabağı bu yolla özününkü etmək istəyirdi. Çünki bu yol beynəlxalq sazişlərə, konvensiyalara zidd deyildi. Heç bir dövlət başqasının ərazini qopara bilməzdi, amma həmin dövlətdə yaşayan etnik azlıq öz müqəddaratını həll edə bilərdi. Erməni siyasilər tülkücəsinə bu müddəanın altında gizlənirdilər (hələ də ordadırlar), öz aləmlərində beynəlxalq birliyə kəf gəlirlər.

Rusiya Abxaziyada, Cənubi Osetiyada, Moldovanın Dnestryanı bölgəsində eyni üsuldan yararlanıb, bu bölgələri de-fakto özünə birləşdirib. Ancaq Kreml eyni hərəkəti Krımda etmədi. Moskva Krımı birbaşa ilhaq etdi. Ukraynanın Donetsk və Luqansk bölgəsində isə yeni köhnə üsula əl atdı, bölgədə iki qondarma “dövlət” (DXR və LXR) yaratdı.

Başqa dövləti ya tam şəkildə, ya da onun bir hissəsini öz nəzarəti, sonradan isə öz yurisdiksiyası altına almağın bir yolu da var. Bu, aqressiya qurbanı olacaq ölkədə dövlət çevrilişi həyata keçirmək, hakimiyyətə öz adamlarını, vassallarını gətirmək, dövlətin konstitusion quruluşunu (yeri gəlsə, adını) dəyişmək və de-yure ilhaqı zamana buraxmaqdan ibarətdir (Yəni sonradan iki “qardaş”ölkə referendum keçirir və birləşmə qanuniləşir).

İranın Azərbaycana qarşı ikinci yolu tutduğu bir müddətdir ki, açıq-aşkar ortadadır. “Kərimə dövləti” deyilən avantüranın məğzində bu durur.

31 il öncə Azərbaycan Rusiyadan qopub müstəqil dövlətə çevrildikdən bu günə qədər İranın ölkəmizə qarşı yeritdiyi açıq-gizli siyasətin son dayanacağı “Kərimə dövləti”nin qurulması, daha sonra isə ölkənin bütövlükdə İrana ilhaqıdır.

Bir ara din mantiyasına bürünmüş və İrana rəğbət bəslədiklərini gizlətməyən, hətta bütün şəraitlərdə üstünə basa-basa niyyətlərini elan, bəyan, izhar edən adamlar Azərbaycanda şəriət dövləti qurmaq istədikləri barədə açıq təbliğat aparırdılar. Bu zaman onlar hətta Tehran, Qum ləhcəsi ilə danışırdılar. Adamların ağlına gəlmirdi ki, bu, ağır dövləti cinayətə qol qoymaqdır və bu hərəkətin ağır cəzası var.

Cəzasızlıq mühiti və qurulası şəriət dövlətində tutacaqları yüksək mənsəblər bu cür tərəfdarların başını hər gün İrandan ölkəmizə ixrac olunan tonlarla həşişdən və başqa narkotik vasitələrdən daha artıq dumanlandırmışdı.

İranda da dini, siyasi, hərbi xadimlər tez-tez Şimali Azərbaycanın tarixən İran torpağı olduğu barədə açıqlamalar verir, sanki hər iki dövlətin əhalisini belə bir perspektivə hazırlayırdılar. Yavaş-yavaş çox adamda belə qənaət hasil olurdu ki, İrandan idarə olunan adamlar burada hakimiyyətə gələcək, onlar yeni dövlət quruluşu təşkil edəcəklər, sonra tarixi qovuşma baş verəcək.

Nə qədər utopik görünsə də, belə bir plan vardı və hələ də mövcuddur. Hazırda “casus” damğası ilə həbsə alınanlar məhz bu avantüranın icraçılarıdır. Onların çoxu casus olmaya, İrana hər hansı bir dövlət sirrini satmaya bilərlər, amma tam əksəriyyəti İranın əsgəri, potensial kadrı idi.

Gerçəkdən də bir dövlətin başqa dövlətin içində casusu, kəşfiyyatçısı 5, 50, uzağı,100 ola bilər və onlar da gizli çalışar, yaxşı pərdələnər, özlərini hələm-hələm ələ verməzlər.

İranın Azərbaycanda saxladığı, maliyyələşdirdiyi, vaxtaşırı təlimatlandırdığı insanların sayı o qədər çoxdur ki, söhbətin casus şəbəkəsindən yox, yarımhərbi birləşmələrdən (alay, diviziya) getdiyi anlaşılır. Həm də onlar son aylara qədər qətiyyən pərdələnmirdilər, açıq-aşkar İran təbliğatı aparırdılar. 7-8 il öncə onlar Təhsil Nazirliyinin önündə “hicaba azadlıq” şüarı ilə kütləvi aksiya keçirirərkən öz qüvvələrinin bir hissəsini büruzə vermiş, məhz ondan sonra Azərbaycan dövləti üçün nə kimi təhlükə kəsb etdikləri aydın olmuşdu.

Hazırda Azərbaycan öz dövlətçiliyini, konstitusion quruluşunu, dünyəviliyini qorumaq uğrunda mübarizə aparır. İşin gedişatında məlum olacaq ki, “casus” ittihamı ilə tutulanların neçə faizi casus, nə qədəri isə eləcə, “Kərimə dövləti”nin sərbazları imiş.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости