Свобода людям, независимость нациям!

Kəmərin üstündə odun sobası

2056 13.09.2022 10:10 Колумнисты A A

Jurnalist işləməyin pis cəhətlərindən biri də yaddaşını mənasız-mənasız şeylərlə doldurmaqdır. Məsələn, bu dəqiqə qızıl payız yaxınlaşır, buludlar uçur, yağış çisələyir, nə bilim, camaat türkün sözü, əski sevgililərini xatırlayıb nostalji olur, bəs mən nə edirəm? Mənim yadıma Paolo Pərviz düşüb. Təsəvvür elə. Gör nə qədər axmaq həyat yaşayırıq. Bəs niyə Paolo müəllim yadıma düşüb, onu yazsam hörmətli oxucuların da gözünü-könlünü mənasızlıqla doldurmuş olaram, o səbəbdən yazmıram. Sonra siz də birdən payız gələndə Paolo Pərvizi xatırlasanız, günahkar mən olmarammı? Yalnız bircə cümlə yazım ki, Paolo müəllim qədim əyyamlarda bizim polad, armatur, boru işlərinə baxırdı. Təxminən Hüseyn Arabulun dəmir-dümür variantı idi. (İki cümlə oldu, dayanıram).

Yaxud camaat təyyarəyə minib harasa uçur, biz isə təyyarə idarəsindən məlumat almaqla məşğul oluruq. Orada da təzəlikcə mətbuat katibini dəyişiblər. Əla xəbərdir, təbii ki. Hər bir dəyişiklik ölkəmizi kommunizmə doğru aparır. Sadəcə, camaat təyyarə biletlərinin qiymətində dəyişiklik gözləyirdi. Elə bil ki. Bəlkə də gözləmirdilər. İnşallah, qiymətlərin təzəsini görərik. Çətini mətbuat xidmətini dəyişməkdir.

Bayaq eşq-meşq söhbəti elədik, bu işdə də jurnalistikanın başı dərd içindədir. Pis mənada anlamayın, təzəlikcə mən biləni heç kimin videosu çıxmayıb. Sadəcə, camaat sevgi məktubları alanda, biz qəzetçilər şikayət məktubu alırıq. Gəlin onlardan birini bərabər oxuyaq. Ağstafanın Poylu kəndindən Qasım Əhmədli yazır:

“15 sentyabr. Möhtəşəm və uğurlu dərs ili başlayır. Bunu sizə mən vəd edirəm. Təcrübədən bilirəm, müəllim olmuşam. Sizi bu münasibətlə qabaqcadan  təbrik edirəm.

Uçulub, sökülüb, dağılmaqda olan Poylu məktəbi də 15 sentyabr gününə “ciddi” hazırlaşır.

Məktəb 1977-ci ilin sentyabrında istifadəyə verilib. İndiyədək əsaslı təmir olunmayıb (mərkəzə necə məlumat verildiyindən isə xəbərimiz yoxdur. Olmayacaq da). Müxtəlif yerlərə müraciətlərimizdən sonra  xırda-para bəzəklər vurulub. 624 yerlik məktəbin kənardan görünən dam örtüyü (daxili hissə yox) dəyişdirilib. Şagirdlərin vətənpərvərliklə sındırdıqları ikiqat pəncərə şüşələri isə bir qat olaraq dəyişdirilib. Yağan yağış dəhlizlərə, siniflərə tökülür. XXI əsrə uğurla keçib bizim məktəbimiz. Məktəbin isitmə sistemi tamamilə sıradan çıxıb. Sinif otaqlarına “solyar” yanacağı ilə işləyən sobalar qoyulub. Valideynlərin hesabına. Gündə 3 litr yanacaq və daş otaqlar. Sınıq pəncərəli (qapıları yamaqlı) bu otaq-siniflərdə qış paltarlı şagird və müəllimlər. Sözsüz ki, bu şəraitdə “əla nəticələr qazanılır” (əsas məsələ hesabatlardır).

2021-2022-ci dərs ilində bir qədər inkişaf edərək maye yanacağı odunla əvəz etdi başbilənlərimiz. Lakin məktəb yarım isinmiş, davamiyyət isə yarıtmaz.

Poyludan 52 nəfərin elmi adı vardır. Onların Azərbaycan elminin inkişafında rolları danılmazdır. İndi isə geriyə addım atırıq".

Bu məktubu oxuyandan sonra çoxu deyər ki, əşşi, burada nə var, bəzi kəndlərimizdə məktəbin heç damı yoxdur. Əsas odur uşaqların, öyrətmənlərin qəlbində maarifçilik qığılcımı yansın. Ancaq kəndin adına fikir verin. Poylu kəndinin ərazisindən Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri keçir. Dərd bax budur. İki yanacaq kəməri sənin torpağından keçsin, sən isə qışda məktəbi odunla qızdırasan. Bunu hansı dəftər-kitaba yazasan?

Mən jurnalist olmasam Poyludan kəmərin keçdiyini bilməzdim. Ürəyim də sakit olardı. Ancaq mən bu informasiyanı bilirəm. Hətta 2003-cü ildə Poylu sakinləri ilə görüşüb çəkiləcək neft kəmərinin kimin pay torpağından keçdiyini, neçə manat kompensasiya aldığını da soruşmuşam. 19 ildir. Kəmər işləyir, məktəb isə odun yandırır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости