Dəmir Yumruq öz sözünü dedikdən sonra Ermənistandakı revanşizm ənənələri tədricən səngiməkdədir. 6 il əvvəl Qarabağı “Ermənistan ərazisi” adlandıran Nikol Paşinyan və komandası bu gün nəinki Azərbaycan ərazilərinə qarşı hər hansı iddia ilə çıxış etmirlər, hətta davamlı şəkildə Azərbaycan Prezidentinə və dövlətinə təşəkkürlərini bildirirlər. Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınmasının ardınca, ölkəmizdən İrəvana neft məhsullarının ixracına başlanıldı, Paşinyan sonuncu təşəkkürü Sank-Peterburqa növbəti dəfə səsləndirdi. İndi sınıq-salxaq erməni revanşistləri var ki, hərdən mızıldanırlar, ancaq hərəkət edən qatarların qarşısını almağa belə, imkanları yoxdur, nəinki Azərbaycanın başlatdığı sülh prosesini əngəlləməyə.

Ermənistandakı revanşistlər kirisə də, Fransadakı revanşistlər kirimək bilmir. Fransada yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Azərbaycana qarşı yenidən sistemli və qərəzli siyasi kampaniyanın başlanması bunu deməyə əsas yaradır.
Dekabrın 17-də Paris Şəhər Şurası Azərbaycanda “qanunsuz saxlanıldığı” iddia edilən ermənilərin dərhal azad olunmasını tələb edən qətnamə qəbul edib.
Qətnamədə Azərbaycanın guya “özbaşına həbslər” həyata keçirdiyi iddia olunur, eyni zamanda beynəlxalq hüququn selektiv və siyasi motivli şərhi təqdim edilir. Paris bələdiyyəsi bir daha açıq şəkildə Ermənistanın və Qarabağdan könüllü köç etmiş ermənilərin maraqlarını müdafiə etdiyini nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını görməzdən gəlib. Sənəddə 2020-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında baş verən hadisələr təhrif olunmuş formada təqdim edilir, Azərbaycanın öz ərazisində apardığı antiterror və suverenlik tədbirləri “repressiya” kimi qələmə verilir. Paris bələdiyyəsi, eyni zamanda, əvvəlki illərdə “humanitar yardım”, “siyasi dəstək” və Qarabağ ermənilərinə “fəxri vətəndaşlıq” verilməsi kimi addımları sadalayaraq, açıq şəkildə Ermənistan tərəfinin lobbi xəttini davam etdirdiyini təsdiqləyir. Bildirilir ki, bənzər mövqe Nitsa şəhərində də nümayiş etdirilib. Belə ki, şəhərin meri Kristian Estrozinin təşəbbüsü ilə Nitsa meriyasının binasının fasadında 23 nəfərin fotosu sərgilənib. Söhbət Bakıda mühakimə olunan separatçılardan gedir. Sosial şəbəkələrdə yayımlanan açıqlamada Estrozi həmin şəxsləri “girov” adlandıraraq Fransa və Avropanı Azərbaycana qarşı “qəti addımlar” atmağa çağırıb. Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə ilə eyni vaxtda Fransada “xoruzlar vaxtsız banlamağa başlayıb”.

Təsəvvür edin, neçə illərdir Fransa hakimiyyəti, bələdiyyəli-prezidentli hamısı fermerlərin əlində əsir-yesir qalıb, elə bu günlərdə yenidən fermerlər hərəkətə keçiblər, idarəçiliyə sərt şəkildə etirazlarını bildirirlər, yolları kəsirlər, həyatı iflic edirlər. Son yarım əsr ərzində Fransanın ən zəif prezidenti “titulunu qazanmış” Emanuel Makron adicə fermerlərin öhdəsindən gələ bilmir, amma onun ölkəsindəki müxtəlif qurumlar Azərbaycana dil uzadırlar. Fransa küçələrindəki zir-zibilləri təmizləməkdənsə, Qafqazı zibilləməyə cəhd göstərənlər ayıblarına kor olmurlar. Şübhəsiz ki, bu, bələdiyyələrin özfəaliyyəti deyil. Fransa hakimiyyətinin 44 günlük Vətən Müharibəsi zamanı və ondan sonrakı illərdə ölkəmizə qarşı hansı münasibət sərgilədiyi bütün dünyaya məlumdur. Bu ilin oktyabrında Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında Avropa İttifaqının sammiti çərçivəsində keçirilən görüşdən sonra vəziyyətin dəyişəcəyinə ümidlər yaranmışdı.
Cənab Prezident Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirmişdi ki, Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçımız, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının, habelə inkişaf etdirilməsinin önəminə toxunmuşdu. Səfir xanım isə öz növbəsində bu yeni dinamikaya töhfə vermək və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal şəkildə çalışmaq niyyətində olduğunu ifadə etmişdi. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti də vurğulanmışdı.
Amma təəssüflər olsun ki, yenidən münasibətləri pozmağa yönəlik addımlar atılır, lakin nə Azərbaycan Prezidenti ilə görüşə can atan Makron, nə də Fransanın Bakıdakı elçisi fransız bələdiyyələrinin əcaib iddialarına reaksiya vermir. Belə olan təqdirdə adam Fransa hakimiyyətinin mövqeyinə “fransız qalır”.

Bakı Hərbi Məhkəməsində mühakimə olunan separatçıların nə qədər ağır cinayətlər törətdiklərini özləri də yaxşı bilir. Nikol Paşinyan belə, onların azad olunması ilə bağlı istəyini dilə gətirmir, çünki reallıqdan xəbərdardır. Elə “AnewZ” beynəlxalq televiziya kanalının separatçıların milyarder himayədarı Ruben Vardanyan haqqında çəkdiyi sənədli filmdə əksini tapan faktlar kifayətdir ki, onların azad olunması ilə bağlı sərsəm fikirlərə kimsə düşməsin. Amma aylardır davam edən məhkəmə istintaqında, “Əsrin Nürnberq Məhkəməsi”ndə saysız-hesabsız cinayətlər təsdiqini tapıb, şahidlər danışıb, övladı, valideyni, qohum-qardaşı məhv edilənlər ifadə veriblər, separatçıların liderləri dəhşətli faktların qarşısında söz tapa bilməyiblər. Təkcə Xocalı soyqırımı, Ağdaban qırğını, Tunel qiyaməti də onları ömürlük cəzalandırmağa yetərdi, amma...
Xatırlayırsınız, 2018-ci ildə Əlcəzair Paris İnsan Muzeyində nümayiş olunan əlcəzairli üsyançıların kəllə sümüklərinin geri verilməsini tələb edirdi. Hətta Əlcəzairin Fransadakı səfiri Əbdülqadir Mesduva bu tələbi Fransa Xarici İşlər Nazirliyinə rəsmən çatdırmışdı. Mesduva kəllə sümükləri ilə bərabər ölkədən oğurlanan arxiv materiallarının da qaytarılmasını istəyirdi. Paris İnsan Müzeyində sərgilənən 18 min (!!!) kəllə sümüyündən 37-si 19-cu əsrdə Fransaya qarşı ayağa qalxmış Əlcəzair üsyançılarının liderlərinə məxsusdur. Əlcəzair həmçinin Fransanı ölkədən 18 min arxiv sənədini oğurlamaqda ittiham edir.
Məsələ ictimailəşəndən sonra Prezident Makron 24 kəlləni 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verdi və onlar geri qaytarıldılar. Təsəvvür edin, söhbət 150 ildən artıq (!!!) müddətə Muzeydə nümayiş etdirilən kəllələrdən gedir. 24 kəllə arasında Fransız işğalına qarşı xalq müqavimətinin altı liderinin qalıqları da olub. Məlumata görə, bunlar Cürdjura bölgəsindəki Çerif Boubeghla ləqəbini daşıyan məşhur üsyanın təşəbbüskarı kimi tanınan Məhəmməd Ləmzad ben Abdelmalek və Fransız zülmünə qarşı Əlcəzairdə Zaatçalar üsyanı liderinin Əhməd Bouziane kəllələri idi. Əlcəzair xalqının müstəmləkəçiliyə qarşı vuruşan mübariz döyüşçülərindən 12 nəfərin kəlləsi isə hələ də həmin muzeydədir. Fransa tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət (!!!) kimi saxladığı kəllələri eksponat kimi saxlayır. Hərdən onlardan qaytardığı da olur. Məsələn, 21 Maori döyüşçüsünün kəlləsini Yeni Zelandiyaya qaytarıb.

Öz xalqının azadlığı üçün mübarizə aparanların kəllələrini qənimət kimi saxlayan Fransa Azərbaycana qarşı on illərlə cinayətlər törədən, 1 milyon insanı yurd-yuvasından edən, minlərlə günahsız vətəndaşımızı qətlə yetirən erməni canilərin Ədalət Məhkəməsi qarşısında dayanmasını belə qəbul etmək istəmir. Xatırlayırsınız, Hərbi Qənimətlər Parkında erməni hərbçilərin dəbilqələri saxlanılırdı, Avropadakı anti-Azərbaycan çevrələr şivən qopartmışdılar. Bu gün də Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyanın məhkəmə qarşısında dayanmasını belə “uda” bilmirlər. Vardanyanın hansı şəraitdə saxlanması ermənilərin özlərini belə heyrətləndirdi. Axı, onlar azərbaycanlı əsir və girovları işgəncə altında saxlamağa adət etmişdilər. 4 min vətəndaşımızın taleyindən indiyədək xəbər yoxdur. Biz arayiklərin kəllə sümüklərini muzeydə saxlamaq niyyətində deyilik ki, fransız bələdiyyələr komfort şəraitdə təcridxanada saxlanılan separatçıların başına görə narahatdır?..
Fransa rəhbərliyi və Bakıdakı səfir başını Azərbaycanın daxili işlərinə soxmağa çalışanların anormal hərəkətlərinə reaksiya verməlidir. Bəlkə bələdiyyələrlə həmfikirdirlər, hər halda bilək...




