Свобода людям, независимость нациям!

Keçmişə müasir meyarlarla yanaşanda...

1577 03.04.2023 10:05 Колумнисты A A

 

21-ci əsrin 23-cü ilinin 4-cü ayının 3-cü günündə Bakıda, Şəkidə, Ləkidə oturub keçmiş əsrlərə boylanmaq, oxumuş adamların sözü olmasın, müasir dövrün konyukturası və standartlarından çıxış edərək, az qala bütün tarixi şəxsiyyətləri heç-puç etmək asandır.

Məsələn, Nizamini “saray şairi” elan etmək, özündən “utopik cəmiyyət” uydurmaqda qınamaq, padşahın piar kampaniyasına dəstək verməkdə suçlamaq nə çətin işdir? Çox asandır. Hələ Nəsimini də qınamaq olar ki, öz dövrünün siyasi mühaciri olub, vətənində qalıb cəmiyyətin maariflənməsi işinə töhfə verməkdənsə, basıb gedib Hələbə, orda da qeyri-hökumət təşkilatı yaradaraq, destruktiv qüvvələrə qoşulduğu üçün edam olunub.

Şah İsmayıl üçün onu demək olar ki, dövlətinin sərhədlərini genişləndirmək üçün insan haqlarını kobudcasına tapdalayıb, azad, qanuni, şəffaf seçkilər keçirməyib, Turan birliyi ideyasına qarşı olub, düşmənlərinin şərəf və ləyaqətini alçaldıb, bir sıra beynəlxalq konvensiyaları pozub.

Çingiz xanın, Əmir Teymurun istilaçı yürüşlərində N qədər hərbi cinayət elementləri tapmaq mümkündür. Biri qıra-qıra Macarıstana qədər gedib, o biri Təbrizi, Bağdadı viran qoyub. Bəxtləri gətirib ki, o vaxt Haaqa məhkəməsi olmayıb, yoxsa Roma statuna görə hansısa ölkədə tutulub Niderlanda göndərilərdilər.

Ancaq biz uzaq tarixə müasir etalonlarla yanaşsaq da, anlayırıq ki, o dövrdə tarixi şərait başqa olub, dərd-sər də, güzəran da, düşüncə də, ümumiyyətlə, hər şey.

Yaxın tarixə münasibətdə isə müasir dövrün konyukturası kifayət qədər keçərlidir. Məsələn, bu gün oturub 103 il geriyə baxır, Azərbaycan Respublikasının süqutuna bais olmuş adamları qınayırıq, yerdən-yerə vururuq.

Belə edəndə xeyli dərəcədə haqlıyıq, amma yanılmalarımız da var. Bəzən yenə o dövrün tarixi şəraitini nəzərə almırıq, tarixə bu günün prizmasından, bu günün meyarları ilə baxırıq. Məsələn, hərdən bəziləri deyirlər ki, 1920-ci ildə süqut edən hökumət asanca təslim olub, dövləti qoruya bilməyib, xaricə qaçıblar.

Sanki o vaxtkı hakimiyyətin sərəncamında qoça-qoşa hərbi korpuslar, “Bayraktar” və “Harop” dronları, F-16-lar, zenit-raket kompleksləri, 100 min silahlı əsgər olub, hələ 10 o qədər də ehtiyatdan çağırmaq olarmış. Elə şey olmayıb. Bir-iki bölük əsgərimiz olub, onların da əlində “dayan-doldurum” tipli tüfənglərdən başqa bir şey olmayıb. Ölkənin oxumuş adamlarının sayı isə heç 70-ə çatmayıb. 11-ci qırmızı ordunun on minlərlə patavalı əsgəri isə ovuclarını yalaya-yalaya Yalamadan yelləniblər üzü bəri. Kim duracaqdı onların qabağında? İçəridə də N qədər “əbədi səadətmiz Rusiyaya bağlıdır” deyən yadelli qulbeçələri...

Baxın, hazırda yenə 100 il əvvələ boylanırıq və tarixi şəxsiyyətlərə qiymət veririk. Ortada hələlik iki nəfərin adı çox çəkilir: Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov. Onlar bir-birinə siyasi müstəvidə düşmən olublar, amma hazırda bir çoxları onların ikisinin də siyasi fəaliyyətinə müsbət yanaşırlar.

Bu cür olmaz. Onlardan biri haqlı olub, digərinin yolu, təsbitləri yanlış olub, gələcəyi düz görməyib, xalqına nəyin lazım olduğunu düzgün müəyyən etməyib.

Bəs hansı haqlıdır? Bu da mübahisəlidir. Çünki bu, rəy bildirənin tutduğu mövqeyə bağlıdır. Azərbaycan xalqının yanında olub milli maraqlardan çıxış edəndə Rəsulzadə haqlı görünür, sovet-rus rejiminin maraqlarından baxanlar, bolşevizm beynəlmiləlçiliyi prizmasından yanaşanlar Nərimanova haqq verirlər.

Söz yox, onların ikisi də dövrünün parlaq ziyalısı, xarizmatik lideri olub. Yəqin ki, ikisi də rəhbərlik etdikləri xalqın pis gününü istəməyib, əllərindəki imkanlardan xalqın yararı üçün istifadə edib. Amma əsas odur ki, hansının yolu hara aparıb çıxarıb. “Rusiyaya bağlı olan əbədi səadət” necə oldu? 1990-da, 92-də qətliam oldu, Qarabağ əldən getdi, dövlət kiçildi, səadət olmadı, bədbəxtlik baş verdi. Ta nəyi qoyub, nədən danışırıq...

Bəzən 1941-45-də, sovet-alman müharibəsində vuruşanlara da qınaq prizmasından yanaşanlar olur. Son illər bu tendensiya artıb. Amma buna ən real qiyməti 41-45-ci ildə yaşayarkən vermək olardı. Ölkəyə yadelli və qəddar düşmən hücum edib, rəsmi təbliğatda deyilir ki, onlar gəlib ana-bacılarınızı əsir edəcəklər, ölüm-dirim savaşıdır və s. Belə bir mühitdə başqa variant yoxdur: vuruşmayan xaindir, vəssalam.

Bir zamanlar, Stalinin qılıncının ikitərəfli kəsdiyi vaxtda repressiya olunanların hamısını kütləvi şəkildə “xalq düşməni” adlandırıblar, sonra vaxt gəlib, Stalin ölüb, bu dəfə repressiya olunanlara kütləvi şəkildə bəraət veriblər. Hər iki kampaniyada yanlışlıqlar, ədalətsizliklər olub. Çünki repressiya olunanların bir xeylisi doğrudan da son dərəcə əclaf, yaramaz, oğru, rüşvətxor, xain, bir sözlə, edam olunmalı adam olublar. Onları günahsız və yaxşı adamların gözünə qatıblar, ya güllələyiblər, ya da uzun müddətli həbsə göndəriblər. Sonradan günahsız və yaxşı adamlar bəraət alanda həmin yaramazların da bir xeylisi günahsızların sırasında yer alıblar.

Bu gün tarixi şəxslərə verilən qiymətin onlara elə bir isti-soyuğu yoxdur, amma həmin qiymətin necə verilməsi, dəyərləndirmə zamanı nəyə üstünlük verilməsinin bu gün və gələcəkdə tutacağımız mövqeyə dəxli var.

Əgər vətənini yadlara peşkəş edən birini hələ də müdafiə edir, xətrini əziz tuturuqsa, heykəlini qorumaq istəyiriksə, demək, onun yoluyla getməyə hazır olanlar hələ də çoxdur. Bax, ən qorxulusu budur. Yoxsa Nərimanov təkcə "Nadir şah" pyesinə görə heykəli qoyulası adamdır.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости