Свобода людям, независимость нациям!

İynə vurulan ağaclar

1787 06.05.2023 10:24 Колумнисты A A

 

Deyir prokurorluğun korrupsiya ilə mübarizə idarəsi Binəqədi rayon bələdiyyəsində əməliyyat keçirib, bəzi adamları tutublar. Bu, çox mühüm xəbərdir. Hətta düşünürəm ki, hansı bürcün əlinin mayda daha çox gətirəcəyindən qat-qat əhəmiyyətlidir və xalqımızın oxuması vacibdir.

Xəbər niyə önəm daşıyır? Birincisi, biz bunu oxuyarkən Azərbaycanda bələdiyyənin olduğunu öyrənirik. Şəxsən mən elə zənn edirdim artıq bələdiyyə yoxdur. Çünki çoxdandır əlində dəftər olan zənən xeylaqlarını “zibil pulu ver, sən o yanındakı qəşəng qızın canı” deyərkən görmürəm.

Başqa tərəfdən, dünya təcrübəsinə görə bələdiyyə torpaq satmaq üçündür. Əgər Binəqədidə bələdiyyə qalırsa, məntiqlə orada hələ satılası torpaqlar vardır. Əks halda bələdiyyə niyə olsun? Bu, toyuq-yumurta səbəb-nəticə fəlsəfi-bioloji münasibətləri (hesab edirəm bir cümlədə 3 tire qoymaqla rekorda imza atdım) kimi zaddır. Birinci satlıq torpaq olmalıdır, sonra bələdiyyə. Torpaqsız bələdiyyə, sarımsaqsız xaş. Torpağı ver bələdiyyəyə, bir sotunu da üstəlik. Torpağına bax bələdiyyəni al, deputatına bax partiyanı. Hətta ünlü şairin misrasını Biləcəri bələdiyyəsində divara bu cür yazmışdılar: “Bələdiyyə altında torpaq varsa bələdiyyədir, Bələdiyyəni bələdiyyə yapan YAP-dır!”

Üçüncüsü, torpaq var, bələdiyyə var, korrupsiya var, daha bu millətə nə lazımdır, başa düşmürəm. Qoyasan elə boş-boş narazılıq eləsinlər: “Tərtər işi elə getdi, soğanın qiyməti belə gəldi, maaş almırıq, uşaqlar oboy yeyir” və daha nələr.

Dünən mən İrəvandan xəbər oxudum, bizim “Tərtər işi”nə çox oxşayan cinayət işi orda da var. Hansısa erməni əsgərləri qeyri-döyüş şəraitində öldürülüblər, indi bunların anaları Ermənistanda əlaqədar orqanların qabağında piket, mitinq-filan eləyir, deyirlər nə üçün işə ədalətli baxılmır. Toka verilib öldürülmə, işgəncələr, hərbi prokurorluqdan, generallardan şikayətlər... O qədər oxşar cinayət işi idi, oxuyanda əlim üzümdə qaldı.

Bələdiyyəni yazırıqsa, başqa gəzməli-görməli məkanları da qeyd etməliyik, turizmin inkişafı üçün önəmlidir. Məsələn, nəbatat bağı. Dünən Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlər üçün oraya tur təşkil etmişdir, çünki bəzi sosial şəbəkələrdə təxribatçılar bağda ağacların kəsildiyini yazırmış. Hörmətli media mənsublarımız (belə yazanda dəbdəbəli olur, elə bil Nadir Qafarzadəni sünnət toyunda oxudursan) bağa səfər etmiş, aşkara çıxarmışlar ki, əslində heç bir ağac nahaq yerə kəsilməyibdir, yalnız quruyan beş-on ağaca balta çalınmış, bəzilərinə isə xəstəliyə qarşı iynələr vurulmuşdur.

Gör nə qədər humanist vəziyyətdir... Nəinki adamlar, ağaclar da müalicə edilir, dövlətin pulsuz səhiyyə xidmətinin çətiri altında fəaliyyət göstərməkdədir. Araşdırmalar göstərmişdir ki, bu cür dövlət qayğısı sayəsində Azərbaycanda bir ağacın atmosferə verdiyi oksigenin miqdarı başqa ölkələrdəki eyni (istədim “analoji” yazım, ancaq çox savadlı görünmək də istəmirəm, bu qədər bəsdir) ağacın verdiyi oksigendən qat-qat artıqdır. Əkrəm bəyə təklif edirəm “Adamlar və ağaclar”ı təzədən yazsın.

Ağaclara iynə vurulur, itlərə “birka” taxılır, hava təmiz, su sel kimi... Gül kimi ölkədir. Hələ bələdiyəmiz də var. Ona görə ötən zamanların çox ünlü futbol hakimi Pyer Luici Kollinanın Bakıya gəldiyini görəndə keçəlimi qaşıdım, anladım ki, burda nəsə var. Keçəl bilir dərman hardadır, yoxsa niyə gəlsin?

Eyni zamanda, yəqin futbol başbilənlərimiz bu idmanı inkişaf etdirməyi Kollinadan öyrənmək fikrindədir. Adam saçını futbolda töküb, çox şey bilir.

Dərman demişkən, mən bu yaxında “Yeni klinika”nın müdiri Pərviz müəllimi üçdə birlə azadlığa buraxmağın vacibliyini vurğulamışdım, dünən məhkəmə eyni qərara imza atıbdır. Sonra necə iddia edə bilərik ki, qəzetlərin yazdığını heç kim vecinə almır?

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости