Свобода людям, независимость нациям!

İxracına qadağa qoyulan məmurlar reyestri

2022 22.03.2022 20:25 Колумнисты A A


3-cü dünya savaşı, nüvə təhlükəsi, Rusiyanın Ukraynanı işğal etməsi koronavirusu yadımızdan çıxardı. Elə bil heç iki il boyunca maskalanıb gəzən biz deyildik. Oranı bağla, buranı tut, qoyma qaçdı – iki ildən çox müddətdə bəşəriyyət sanki dəli olmuşdu. Hansısa Abşeron qəsəbəsində hasarın üstündə oturan və guya bu yolla karantinə etirazını bildirən adamın ayaqqabısından dartıb salmaq istəyən Daxili Qoşunların əsgəri heç zaman yadımdan çıxmaz. Absurd həyat tərzimizə çevrilmişdi. Hələ restoranlardan, göl qırağından, meşələrdən tutulub polis şöbələrində dəhlizə düzülən adamların fotoları...

Ancaq indi biz koronaya şükür edirik. Qısa zaman kəsiyində insanın hər hansı virusdan daha ölümcül olması isbata yetdi. Bioloji böhran bitməmiş, siyasi-sosial böhran başlayıb. Onun da təsiriylə iqtisadi problemlər şişməkdədir. Nazirlər Kabineti Azərbaycandan ixrac edilməsinə xüsusi icazə tələb olunan malların siyahısını yeniləyib, orda toyuq əti, yumurta, süd kimi şey-şüylərin adı vardı. Yaxşı qərardır. Lakin yarımçıqdır. Məncə respublikadan çıxmasına qadağa qoyulacaq məhsullar içərisində ilk növbədə məmurlarımızın adını yazmalıyıq. Bizim ən böyük sərvətimiz, faydalı qazıntımız, yerüstü və yeraltı sərvətimiz məmurlar, hökümət adamlarıdır. Onlar olmasa yaşayışımızın mənası yoxdur. Oliqarxlar olmasa acından ölərik. Məmurlarımız, deputatlarımız, rəislər, prokurorlar, hakimlər millətin qaymağıdır. Nə qədər ac xalqlar var, çalışır bu qaymağı yığıb aparsın, əkişdirsin, Azərbaycan xalqı yetim qalıb, partlamaya düşüb ölsün. Buna qətiyyən yol vermək olmaz. Təklif edirəm Nazirlər Kabineti ixracına məhdudiyət qoyulan sərvətlər qrafasına ən azı deputatların adını yazsın. Təcili etməliyik. Zaman gözləmir. Unutsaq unudularıq. Ölüm sevinməsin qoy! (Axırıncını qafiyə üçün yazdım, silməyə ərindim).

Yeri gəlmişkən, Nazirlər Kabinetinin toyuq budu və dümbülünə ixrac embarqosu qoyması başqa bir vacib həqiqəti uca xalqımızın yadına saldı: bizim Nazirlər Kabinetimiz varmış! And olsun bu Novruz bayramının can qızdıran Günəşinə, mənim yadımdan çıxmışdı. Hətta bu dəqiqə məndən soruşsan baş naziriniz kimdir, mat-mat baxasıyam. Təxminən Finlandiya, Norveç, Fransa sakinlərinin vəziyyətindəyik, onlar da çox vaxt öz baş nazirlərinin adını bilmir. Bizə yaradılan bu müsbət şəraitə görə Zəngilan rayon müvəqqəti məcburi köçkünləri adından dərin təşəkkürümü bildirirəm. Səbəbsiz deyil.

2020-ci ildə torpaqlar işğaldan azad edilmişdir, lakin hələ də yüz minlərlə köçkün “Bu Novruz, inşallah, yurdumuzda tonqal qalayaq” arzusunu yerinə yetirə bilmir. Sadəcə, hər altı aydan bir yerli icra nümayəndələri camaatdan şəxsiyyət vəsiqəsinin-zadın surətini alır, guya nəsə iş görürlər təəssüratı oyadırlar. Bölgədə özəl, xalq təşəbbüsləri sıfırın altındadır, hər şey hökumətin inhisarındadır, o da haçan prosesi yekunlaşdıracaq, məlum deyil. Faktla danışmaq istərdim.

19 martda NK baş nazir Əli müəllimin imzasıyla “İşğaldan azad edilən ərazilərdəki tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiqlədi. Adam dilində yazsaq, bu, azad edilən yurdlarımızdakı evlərin, başqa tikililərin sistemli siyahısı olmalıdır. O siyahıda hansı ev qalır, hansının xarabalığı söküləcək – bu kimi informasiya əks edilir. Yəni, NK deyir ki, biz hələ bu siyahını tutmamışıq, tutacağıq. Üzr istəyirəm, niyə bəs indi? Axı hələ 2021-ci il avqustun 12-də prezident İlham Əliyevin imzaladığı fərman var və orada açıq yazılıb ki, NK-ya tapşırılır, 2 ay ərzində işğaldan azad edilən ərazilərdəki tikililərin müvəqqəti reyestri yaradılmalıdır. Bəs neçə ay keçib? Avqustu və martı çıxıram. 6 ay. NK prezidentin ona tapşırdığı müddəti üç qat gecikdirir. Nəinki reyestr hazırdır, əsasnaməsini güclə düzüb-qoşublar.

Hələ indi hazırlanan əsasnamədən də bir şey başa düşmək mümkün deyil. Örnək üçün bu cümləyə baxın: “Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu tərəfindən qəbul edilmir”(maddə 2.5). Əsasnamənin mənasız yerə şişirdilməsi də hiss olunur: “Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır” (maddə 1.6). Yox, bəlkə erməni dilində yazasınız?
O cümlədən, ev, tikili yiyələrinin – məcburi köçkünlərin bu reyestrin yaradılmasında, tikilinin sökülməsi və ya saxlanmasında hər hansı rolu olub-olmayacaq, qeyd edilməyib.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости