Свобода людям, независимость нациям!

İtmək azadlığı

1445 08.08.2023 12:00 Колумнисты A A

“Ümumiyyətlə, adam itkisi elə də nadir hadisə deyil. Statistikaya görə, hər il qəzetlərdə bir neçə yüz itkin düşmüş adam haqqında məlumat çap edilir”.

(Kobe Abe, “Qumluqdakı qadın” romanından, 1962, Yaponiya)

Qanuna görə, bizdə yetkinlik yaşı 18-dir. Bunu ötüb keçdinsə, müstəqil adamsan. Guya. Faktiki isə bizdə insan heç vaxt müstəqil olmur.

Təzəlikcə İsmayıllı rayonunda 19 yaşlı iki gənc - bir oğlan və bir qız itkin düşüb. Biz onların itkin düşdüyünü hardan bilirik? Polisin məlumatından. Saytlarda xəbər qoymuşdular, deyir bu gəncləri görən, yerini bilən varsa bizə xəbər versin. Gənclər bu il iyulun 8-dən, artıq 1 aydır yoxdur. Polis axtarışı haçan elan edilib, dəqiq məlumatım yoxdur. O cümlədən onları axtaran, polisə üz tutan kimdir, bilmirəm. Ehtimal edirəm oğlanın ailəsi, atası ərizə, müraciət yazıb, çünki internetdə onun video-intervüsü var. Müxbirin şərhində isə deyilirdi ki, qızın ailəsi danışmaq istəməyib, hətta “bizim elə qızımız yoxdur” deyiblər. Yəqin bu yolla “qoşulub qaçan” qızın el utancını paylaşmaq istəmirlər. Oğlanın atasının şərhi də maraqlı idi: “Hardadırsa gəlsin, kişi qız qaçırdar da, burda eyib iş yoxdur” və sairə.

Ümid edirəm bu gənclər sağ-salamatdır, bütün işləri də qaydasındadır. Ancaq hadisənin ətrafında cərəyan edənlər düşündürücüdür. Yuxarıda yazdığım kimi, 19 yaşlı insan artıq yetkin, müstəqil sayılır. Nəyə görə biz belə insan haqda məlumat ala bilməyəndə onu axtarışa verməliyik? Bunun hüquqi proseduru necədir? Bəlkə adam qohum-əqrəbadan bezib, “ilim-ilim itmək” fikrindədir? Neçə yaşa qədər adamları axtarmağa icazə var? Məsələn, adamın 19 yox, 29 yaşı olsa, telefona cavab verməsə, onu axtarışa verməliyikmi?

Əlbəttə, bu kimi şeylər bir az da bizim mentalitetdən, adət-ənənədən qaynaqlanır. Heç kəsə müstəqillik, azadlıq verə bilmərik. Daim gözümüz üstündə olmalıdır. “Böyük qardaş sənə baxır” - dahi klassikin yazdığı vəziyyət bizdə həyat tərzidir. Aşağıdan yuxarıya. Camaatdan hökumətə. Kənddən şəhərə. Hər yerdə və hər adama aiddir. Azad olmayan adamlar isə azad, müstəqil dövlət qura bilməz. Əsarət sanki bizim alın yazımızdır. Bunu şişirtmə kimi yazmıram. Hər şey elə məişətdən başlayır.

Valideynlərimizi babalarımız nəzarətdə saxlamışdır. Onlar bizi izləyir. Biz uşaqlarımızı. Bunun müsbət tərəfləri də var və biz buna “şərqli, müsəlman, azərbaycanlı istiqanlılığı” deyirik, öyürük. Ancaq hər işdəki kimi, şitini çıxartmışıq. Bir-birimizin şəxsi həyatına, azadlığına, müstəqilliyinə burun soxmaqdan, sözün əsl mənasında, həzz alırıq. Halbuki dərindən düşünsən, bu, sırf qəbilə təfəkkürüdür. Cəmiyyət anlayışına heç dəxli yoxdur. “Mənimkilərə yaxşı olsun, başqaları cəhənnəm olsun” - bu nəzarətimizin alt qatında belə yanaşma durur.

Halbuki İsmayıllıdan 19 yaşlı iki gəncin sivişib aradan çıxmasının köklərini düşünsək ilk növbədə bu sualı verməliyik: “Onlar orda qalıb nə iş görəcəkdi? Orda onlara nəsə yaşıl işıq var idimi?” Çətin. Rayonlarda iş-güc olsa hamıya Bakıya qaçmazdı. Biz yaxınlarımıza ona görə nəzarət edirik ki, cəmiyyətə nəzarət etmədiyimizi, ətraf aləmdəki qorxuların ipini buraxdığımızı yaxşı qanırıq.

Sözgəlişi, xəbərlərdə həmin gənclərin rayondakı hansısa peşə kollecinin tələbəsi olduğu, elə kollecdə tanış olaraq bir-birini sevdiyi yazılmışdı. Guya yaxşı oxumadıqları üçün, “aşiq-məşuqluq” fəaliyyətinə görə kollecdən qovulublar. Lakin sonradan kollecin mövqeyini dərc etdilər, deyir bizdə belə tələbələr heç vaxt olmayıb. İndi kimə inanasan? Kollecə, jurnalistə, yoxsa valideynə? Sanki siçan-pişik oynayırlar. Gənclər də adam yox, Mikki Maus-dur, Tom və Cerridir. 

Təklif edirəm o populyar yanaşmanı bir qədər düzəldək. “Bizi itirib-axtaran yoxdur” söhbətini nəzərdə tuturam. Bizi axtaran çoxdur, itməyə imkan vermirlər.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости