Свобода людям, независимость нациям!

İSTANBULDA YAĞMUR VAR BU HƏFTƏ...

6960 26.06.2010 09:20 Колумнисты A A

Sultan Əhməddə hər dəfə namaz qılanda etdiyim dualardan başqa, Allahdan bir diləyim də olur: "bir daha nəsib eylə". İllərdir ki, hər sənə nəsibim olur. Bəzən ildə bir neçə dəfə gələ bilirəm. Ərhunla isə  bu müqəddəs və möcüzə məkanda 4 il öncə birgə olmuşduq. Az-maz yadında qalıb, özü dedi;  -  5 yaşındaydı o zaman. Rüku və səcdədə ətrafına boylanıb, hərəkətlərini öylə tənzimləməsini hiss edirdim; mən də bunu xatırladım. Amma indi, sərbəstcə, əkəcə namazını qıldı, sonunda alnını yerə dayayıb, dualarını və diləklərini etdi; pıçıltılarını duyurdum.  Camidən çıxanda dedi ki, Allahdan Qarabağı  istədim... Sirr açırmış kimi, asta səslə, amma çoox ciddi dedi... Sanki məsələni də həll edibmiş -  o qədər əmindi səsi. Bir az anladım ki, oğlum düşmənlərimizin sırasıni niyə dəqiqləşdirmək istəyirdi bayaq”¦
Sonra İstanbulun ən mərkəzi, ən turistik, ən gözəl yerində -  Ayasofya ilə Türkiyənin baş məscidi olan Sultan Əhməd camisinin arasında gəzişdik, səyyari satıcılardan közdə bişmiş qarğıdalı (mısır) aldıq, yeyə-yeyə şəkil çəkdirdik. Dedim, oğlum, bu şəkilləri qəzetə verəcəm, qoy bizim hökumət görsün ki, küçə ticarəti ayıb deyil, pis iş deyil; olsaydı İstanbulda onu yasaqlayardılar... Suallar verdi Ərhun. Dərdimizi anlatdım -  onun anlaya biləcəyi dillə... Bakıda polislərin və Hacıbalanın səyyari qəzet satışını yasaqladıqlarını, çoxlu insanları, onların balalarını  çörəksiz qoyduqlarını, bizim üçün də çətin ola biləcəyini bir türlü izah etməyə çalışdım... İşə girişdi. Gözünə səyyari satıcı olaraq  kim görünürdüsə, əlində foto-aparat, çəkirdi. İkimiz də axtardıq -  amma əldə qəzet satan tapmadıq... Türkiyədə qəzetlərin belə bir sorunu yox ki... Hər qəzetin öz köşkləri, dağıtım (yayım) sistemi var... Türkiyədə qəzetlərlə İstanbul merinin də işi yox. Merin soyadı Topbaş olsa da, insanlara topdan zərər toxundurmaz. Bizim mer var ya...
Sonra qəfildən bələdiyyə zabıtaları gəldilər. Sadəcə baxdılar, hərləndilər -  nə satıcı arvadlara, nə də onların mallarına təpik vuran oldu... Caminin önündə, giriş qapısının ağzında yerə bir şeylər atıb, üstündə təsbeh, şal, və sair mallar satan arvadlar kirimişcə toparlanıb, getdilər. Özləri ilə yazacağım yazının əsas demoqojilərini, süjetini, filanı da apardılar, açığı... Qarğıdalı, smit  satan təkərəkli arabalar qalmışdılar -  onlar İstanbulun simvolları kimidilər. Zamana və polisə (əslində bələdiyyə zabıtalarına -  burada polisi belə şeylərə qatmırlar ) dayanaqlı...Axşamüstü Aleksdən (Ələsgərdən) xəbər gəldi ki, deyəsən bəla bu dəfə də ötüşdü -  Bakıda qəzet yayımına olan basqılar dayanıb...
Bunu Ərhuna demədim. Onsuz da az sonra unutmuşdu, ona söylədiyim əcaib-qəraib şeyləri... Onun özünün başqa Bakısı, başqa İstanbulu var...Təsəlli də budu...
Bəlkə də onun əlinin  uğurundandı - Bakı hökumətini utandırmaq, inandırmaq, bir az da qandırmaq (anadoluca anlamında- “fırlatmaq”) üçün çəkdiyimiz şəkillər dərc olunmadan, foto-aparatın yaddaşında oturaraq,   işə yaradı.
Bir daha İstanbula gələndə ola bilər millətimizin və Ərhunun gündəmində yenə də Qarabağ məsələsi olacaq.  Lakin heç istəməzdim ki, bizim gündəmimizdə, zor-bəla ilə çıxartdığımız qəzetlərin satışına qoyulan qadağadan dolayı, İstanbulda qarğıdalı qızardıb  satanların müqayisəli bəxtəvərliyinə dair düşüncələr yer alsın...
Allahım, imkan ver ki, səni daha ciddi məsələlərlə bağlı narahat edək... 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости