Свобода людям, независимость нациям!

İsrail-HƏMAS müharibəsi niyə belə uzandı?..

839 16.01.2024 10:56 Колумнисты A A

İsrail-HƏMAS müharibəsinin artıq regional xarakter almasını qeyd etməmişdən əvvəl deyək ki, müharibənin məhz indi başlamasında güman ki, baş nazir Benyamin Netanyahunun özəl siyasi maraqları da heç də az rol oynamadı - ona qarşı ciddi etirazlar vardı və bir çox təhlilçilər hətta belə deyirdilər ki, böyük ehtimalla baş nazir və onun kabineti müddətini tam axıra qədər başa çatdırmayacaq, növbədənkənar seçkilərə getmək labüd olacaq.

Elə müharibənin uzanmasını da cənab Netanyahu ilə bağlayanlar az deyil. Məsələ bundadır ki, İsrail ordusu dünyanın ən güclü ordularından biri hesab olunur. İndi nə alınır? Belə güman etmək lazım gəlir ki, bu cür hərbi qiymətləndirmələrə yenidən baxmaq lazımdır? 

İkincisi, İsrailin daha bir mühüm təhlükəsizlik strukturu - elə kəşfiyyat təşkilatı Mossad da dünyanın ən güclüləri sırasındadır. Bəs onda necə olub ki, o, terrorçu HƏMAS-ın Qəzzada əsl terror infrastrukturu yaratmasını diqqətdən tamam qaçırıbdır? Bəli, indi belə məlum olur ki, HƏMAS on kilometrlərlə uzanan yeraltı tunellər yaradıbdı! Halbuki hələ vaxtında bunun qarşısını almaq olardı...  

Düzdür, bundan əvvəl də İsrail Qəzzanı tam blokadada saxlayırdı, hətta buna görə bəzi dövlətlərlə, o cümlədən də qardaş Türkiyə ilə münasibətləri xeyli dərəcədə korlanmışdı. Ona görə də daha bir sual yaranır: belə çıxır, Təl-Əviv qeyd olunan blokadadan yetərincə effektiv istifadə edə bilməyib?

Təəssüf ki, belə suallar çoxdur. Əlbəttə, razılaşmaq lazımdır ki, terrorçularla müharibə aparmaq adi savaşdan qat-qat çətindir. Amma bir məsələ də var ki, bu müharibə sonsuzluğa qədər uzana bilməz, onu bir gün bitirmək lazım gələcəkdir, ona görə ki, müharibənin uzanmasından terrorçular ikiqat udur - mülki əhali arasında da itkilər çoxalır və bu da İsrail üçün dünyada heç də yaxşı bir imic yaratmır.

Bəs prosesin sonu necə görünür? Lap əvvəldə qeyd etdik ki, müharibə artıq regional xarakter alır - terrorçular təkcə Qəzzada deyil, Qırmızı dənizdə də əsl savaş açıblar. Düşünürük ki, bu, onların ən böyük səhvi olacaq, çünki ABŞ və Avropa savaşa qatılmalı olacaqlar, ona görə ki, söhbət dünyanın ən əsas iqtisadi arteriyalarından birinin terrorçuların nəzarətinə keçməsindən gedir. Son nəticədə isə həm Qəzzada, həm də Qırmızı dənizdə terrorçular təkrar mühasirəyə alınacaqlar və bu yolla da onların hərbi infrastrukturu böüyk ehtimalla darmadğın ediləcəkdir.

Məsələnin bir ucu da onunla bağlıdır ki, ABŞ-da bu il prezident seçkiləri olacaq. Ona görə də təkcə Yəmən terrorçuları üzərində deyil, həm də HƏMAS üzərində qələbə demokratlara hava və su kimi lazımdır. Digər bir münaqişədə - Ukrayna müharibəsində onlar hələ hərbi üstünlük qazana bilməsələr də, siyasi qələbəyə nail ola biliblər - Rusiya guya ki, Ukraynaya hücum etməklə NATO-nun Şərqə doğru genişlənməsini dayandırmaq istəyirdi. Amma son nəticədə nə baş verdi? Ukraynadan da güclü və mühüm daha iki ölkə - İsveç və Finlandiya Alyansa üzv olmağa qərar verdi. 

Amma bir detal da var ki, bəzi mülahizələrə görə, əslində Moskvanın hədəfi NATO yox, Ukrayna, o cümlədən də post-sovet məkanı idi. Ona görə ki, Kreml Helsinkinin və Stokholmun qərarını çox böyük təmkinlə qarşıladı, hətta bildirdilər ki, onların bu iki ölkə ilə heç bir problemləri yoxdur. Deməli, Moskvanın dərdi-səri Ukraynadır və çox təəssüf ki, bir sıra təhlilçilər də Yaxın Şərqdə müharibənin alovlandığı bir vaxtda Ukrayna savaşının arxa plana keçəcəyini deyirlər. Bəziləri isə bir az da tələsərək artıq deyirlər ki, guya ABŞ və Avropa Ukraynanı Rusiya ilə tək buraxıbdır. Nə demək olar bu xüsusda? Əlbəttə, böyük hesabla hər şey ABŞ-dakı seçkilərdən sonra bilinəcək. Amma ortada bir il var və bu bir il ərzində müharibə davam edəcək. Həm də məsələ Yaxın Şərqdəki proseslərdən də asılı olacaq. ABŞ burada məsələni tez yekunlaşdıra bilsə, güman ki, nəzərlər yenə də Kiyevə tərəf yönələcək...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости