Свобода людям, независимость нациям!

İspan xəcaləti

1936 27.04.2023 11:29 Колумнисты A A

“Nə ölmədi ta kim, qutara canı, uşaqlar!

Nə tapmadı öz dərdinə dərmanı, uşaqlar!.."

(Sabir)

Öncə hörmətli oxucuların şikayətinə yer vermək istəyirəm. Füzuli rayon sakinləri deyir ki, aprel ayı üçün məcburi köçkünlərə verilən çörək pulu müavinətini almayıblar. Başqa rayonlardan olan köçkünlərə bu pullar Ramazan bayramı öncəsi verildi. Hökumət də xüsusi vurğuladı ki, istəyirik hamının süfrəsində çörək olsun. Lakin Füzuli sakinlərinə pul verilməyib. Şikayətçilər, nə qədər qeyri-adi görünsə də, bunu Füzulidə doğulan Qubad İbadoğlu ilə bağlayır. Deyirlər İbadoğlu radikal müxalifətçidir, lakin qardaşı Vüqar Bayramov deputatdır, iqtidar tərəfdarıdır. Məhz bu fərqli münasibətə görə sosial nazirlik rayon əhalisini cəzalandırır.

Doğrusu, bu cür yanaşma varmı, heç ağlım kəsmir. Bizdə fikir müxtəlifliyi böyük əhəmiyyət daşıyır. Məsələn, adam var Zori Balayana cavab yazmağı ilə tanınmışdı, indi oğlu Zori Balayana rəhmət oxuyur. Biz buna nə deyə bilərik? Heç zad. Uzağı xəcalət çəkə bilərik. Xaricdə bu duyğunun, başqasının yerinə utanmağın adı, termini də var, “ispan xəcaləti” deyirlər.

Bizdə isə söz azadlığıdır.  Mən xalqın səsinə yer verdim, indi söz əlaqədar təşkilatlarındır. Hər kəsə tribuna vermək borcumuzdur.

Keçək mövzumuza. Mövzu isə Mingəçevirdə məktəblilərin kart oynamağıdır. Bu haqda video yayılıb,  polis isə açıqlayıb: “Mingəçevir məktəbində şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb. Videodakı məktəblilərin XI sinif şagirdləri olduğu və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları aydınlaşıb. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub”. Sitatın sonu.

Maraqlıdır ki, sonra məktəbin direktoru açıqlama verdi, bu videonun əslində bir zarafat olduğunu söylədi. Videonun dərsdən sonra çəkildiyini, görüntüdəki uşaqların da başqa-başqa siniflərin şagirdləri olmasını deyir.

İndi biz kimə inanaq? Bunu oxucuların ixtiyarına buraxıram. Lakin məsələnin başqa tərəfi məni düşündürür: uşaqların pulla kart oynaması günahdırmı, cinayətdirmi? Burada protokol lazımdırmı?

Prinsipcə, bizdə qumar oynamaq inzibati xəta sayılır, cəriməsi var. Lakin lotereya oynamaq, mərc oyunlarına pul qoymaq elə qumarın bir növü deyilmi? Orada da qazanc təsadüfdən, şansdan asılıdır, burada da. Sadəcə, birində real, toxunaraq oynayırsan, o birində məsafədən. Düşünürəm ki, bizdə kazinolara qadağa qoymaq, lotereyaları və “topaz-misli”ləri isə açmaq riyakarlıqdır. Hamısına icazə verilməlidir. Bunu ayrıca şəhərdə eləmək, yaxşı vergilər qoymaq, turist cəlb etmək də olar - texniki detallara varmıram.

İkincisi, “gör məktəb nə günə qalıb, sovetin vaxtında...” deyə donquldananlar rastıma çıxır, onlara yazmaq istəyirəm ki, SSRİ vaxtında məktəbdə qumar oynamaq adi hal idi. Kim görməyibsə, deməli, məktəbdə oxumayıb.

Üçüncüsü, kart oyunlarını bilmək niyə pis sayılır? Bizim ən hörmətli alimimiz Lütfi Zadə olub, onun amerikalı oğlu Norman Zadə poker kart oyunu üzrə elmi kitablar yazıb. Bir kitabı elə bu cür adlanır: “Pokerdə holdem superstrategiyası”. Professor işləyib universitetdə. Özü də Bakıda Politexnikdə yox, Kaliforniyada, Berklidə, Stenfordda. Əlbəttə, milli köklərini də unutmayıb, nərd üzrə çempion olub.

Hazırkı dünyada qumar, kazino oyunları üzrə populyar çempionatlar keçirilir, bu işin elmini, sirlərini öyrənənlər çoxdur.

Dördüncüsü, məktəbin adını çox jurnalist yazmadı, lakin ehtiyac vardı. Hadisə Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar elmlər təmayüllü liseydə olub. Bu liseyin nəticələri ilə maraqlandım, buraxılış və qəbul imtahanlarında adətən yaxşı nəticələri var. Ana dili, riyaziyyat, ingilis dili və sairə üzrə. Bir məzunu İctimai Televiziyada veriliş aparır. Deməli, burada uşaqlar təkcə kart oynamır, dərs də oxuyurlar. Hətta onların zarafat üçün belə video çəkdiyini düşünsək, bu da onların yumor hissinin yüksək olduğunu göstərir. Yumor hissi olan gənclər isə işıqlı gənclərdir. 

Nəticə olaraq mən bu işdə valideynlərə təzyiqlərin, protokolun-zadın əleyhinəyəm. Uzağı yenə xəcalət çəkmək olardı. Yuxarıda yazdığımdan. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости