Свобода людям, независимость нациям!

İşıqlı sabahlar

2258 11.09.2022 13:24 Колумнисты A A


11 sentyabr amerikalılar üçün ağır gündür, mənim üçünsə əziz dostum, riyaziyyatçı alim, yazıçı-publisist İsmixan Yusub-un doğum günüdür. İsmixan müəllim 1989-1990-cı illərdə ermənilərin tarixi yalanlarını, saxtakarlıqlarını ifşa edən “Dostuma məktub” kitabıyla çox tanınmışdı. Ondan sonra da çoxlu elmi, bədii kitablar yazıb, Azərbaycanın, Türkiyənin universitetlərində minlərlə tələbələr yetişdirib. Uzun sözün qısası, fürsətdən istifadə edərək əziz dostumu 77 yaşı münasibətiylə təbrik edirəm.

Xüsusilə, bu il ali məktəblərə qəbulda riyaziyyat müəllimliyi ixtisasında keçid balının hətta hüquqdan da yüksək olması xəbərini oxuyandan riyaziyyatçılarımıza hörmətim ikiqat artmışdır. Olduqca maraqlı fakt, hadisədir. Bunu təkcə “riyaziyyat müəllimi, repetitor işləyib yaxşı pul qazanmaq imkanı var” arqumentiylə yozmaq olmaz. Dəqiq elmlər həm dünyada, həm bizdə layiq olduğu yeri tutmaq üzrədir. Artıq insanlar tarix, ədəbiyyat, dil, fəlsəfə kimi humanitar fənlərdən beziblər, onların hər cür yozulma, hər tip istifadə imkanlarından çəkdikləri ziyandan yorulublar. Əlbəttə, bunun mənfi tərəfləri də var, əslində əsl təhsil humanitar olmalıdır, insana yönəlməli, insan tərbiyə etməlidir, ancaq bu uzun temadır, qalsın başqa vaxta.

Biz elmi-texniki inqilab, robotlar, süni intellekt dövründə yaşayırıq, riyaziyyata tələbatın kökündə bu durur. “İki vuraq iki beş” eləyən rejimlər həm də riyaziyyata ziddir, o səbəbdən çöküşə, yıxılmağa məcburdur.

Hüququn deqradasiyasına gəlsək, Allaha şükür, ölkəmizdə hüquq islahatları tam sürətlə irəliləyir. Ukraynanın Xarkovda irəliləyişi fason bir proses yaşamaqdayıq. Biz qaçırıq, hüquq gedir. Biz qovuruq, islahata çatmırıq. Dəhşət qovhaqovdur. Neçə nəfərin atının ürəyi partladı, maşınında motor dağıldı, özünü göbəyi düşdü.

Məsələn, bugünlərdə görün nə olmuşdur: biznesmen dövlətə külli miqdarda zərər vurmaq maddəsiylə türməyə salınmışdı. Sonra bu zərərçəkəndən danışan jurnalisti və onu müdafiə edən vəkili tutmuşlar. İşin tragikomediya tərəfi odur ki, vəkil həm biznesmenin, həm jurnalistin vəkilidir. Yəni, bu dəqiqə bütün iştirakçılar eyni əraziyə, qonşu kameralara toplanmışdır. Bundan gözəl hüquqi vəziyyət yalnız o ola bilərdi ki, jurnalistin tamaşaçılarını da içəri basalar, oturub rahat müzakirələrə baxsınlar. (Sığorta üçün qeyd edirəm, mən o jurnalisti izləmirəm, mənim təqsirim yoxdur). Qapıdakı deşikdən “studiyaya zəng” funksiyası şəklində yararlanmaq olar.

Hazırda bizim türmələrdə baş prokuror, nazir, deputat, icra başçısı, jurnalist, molla, vəkil, məhkəmə hakimi var. (Bəlkə futbol hakimi də var, dəqiq bilmirəm). Tam şəkildə bir kölgə kabineti qurmaq mümkündür. Eyni zamanda, bu rəngarənglik ölkəmizdə hamıya eyni gözlə baxdığımızın əlamətidir. Qanunun qabağında hamı bərabərdir. Əlbəttə, bəziləri daha çox bərabərdir, lakin bu, siyasi proseslərimizin riyazi ahəngdarlığına qətiyyən xələl gətirmir. Molla Nəsrəddin demişkən, əsas odur qanunun içində olmayasan, dalında-qabağında getməyin ziyanı yoxdur.

Ümumiyyətlə, mən hökuməti dəstəkləyirəm, istəyirəm bunu biləsiniz. Hər dəfə kimisə tutanda daha çox dəstəkləyirəm. Bunun özü xalqımızın monolitləşməsinə səbəb olur.

Yazını isə alim Rezerfordun başına gəlmiş əhvalatla bitirirəm. Bir gün Rezerford tələbələrə radium elementinin parçalanmasını nümayiş etdirirmiş. Ekran gah işıqlanır, gah qaralırmış. Rezerford deyir: “İndi siz heç nə görmürsünüz, düzdürmü? Bəs niyə heç nə görünmür, indi mən bunu sizə göstərəcəyəm”.

Hamınıza işıqlı və görünən sabahlar arzusuyla.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости