Yeni ilin astanasında Türkiyədə İŞİD təhlükəsinin yenidən gündəmə gətirilməsi təsadüfi görünmür.
Son günlər ard-arda keçirilən əməliyyatlar, reydlər, saxlanılanlar, tutulanlar, MİT və daxili təhlükəsizlik qurumlarının yüksək intensivliklə işləməsi ölkə daxilində ciddi narahatlıq fonu yaradıb. Paralel olaraq Almaniya kimi bəzi Avropa ölkələrinin Türkiyə ilə bağlı “təhlükəsizlik xəbərdarlıqları” yayması, normalda qapalı çevrələr üçün nəzərdə tutulan informasiyaların sosial şəbəkələrdə və mesajlaşma qruplarında dolaşıma buraxılması bu narahatlığı daha da dərinləşdirib. Ortaya çıxan mənzərə bir sualı qaçılmaz edir: Türkiyə sadəcə mümkün İŞİD hücumlarının qarşısını almağa çalışır, yoxsa İŞİD adı altında daha böyük, çoxqatlı və siyasi xarakterli bir oyun işə salınıb?

Abdullah Ağarın təhlilinə görə, məsələni anlamaq üçün diqqəti birbaşa Suriya cəbhəsinə yönəltmək lazımdır. Çünki Türkiyə faktiki olaraq İŞİD-ə görə deyil, Suriyanın gələcəyinə real təsir göstərə bilən yeganə aktor olduğu üçün hədəfə alınır. Burada məqsəd təkcə İŞİD-in mümkün terror aktları ilə Türkiyəni qorxu altında saxlamaq deyil. Əsas hədəf bu terror təşkilatı üzərindən Ankaraya təzyiq göstərmək, Türkiyəni siyasi və diplomatik baxımdan sıxışdırmaq, mövqeyini dəyişməyə məcbur etmək, müqavimətini sındırmaq və nəticə etibarilə geri çəkilməyə zorlamadır.
Çünki Türkiyə YPG/PYD/PKK terror təşkilatının beynəlxalq müstəvidə “legitim qüvvə” kimi təqdim olunmasını alt-üst edə bilən yeganə dövlətdir. Türkiyə eyni zamanda İŞİD ilə YPG/PKK/SDG arasında qurulan saxta alternativlik modelini qətiyyətlə rədd edən yeganə aktordur. Ankara ünitar və mərkəzləşmiş Suriya modelini müdafiə edir, YPG/PKK/SDG ilə Şam arasında bağlanmış və artıq müddəti dolmuş razılaşmaların əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Deyr-əz-Zor xəttində ərəb tayfalarının YPG-yə qarşı artan narazılıqları, təşkilatın zorla silah altına alma, vergi toplama, neft resurslarını mənimsəmə və yerli əhaliyə təzyiq siyasəti bölgədə dərin legitimlik böhranı yaradıb. Məhz bu reallıq fonunda YPG/PKK-nın toxunulmazlığını qorumaq üçün köhnə, sınaqdan çıxmış mexanizm yenidən işə salınır: İŞİD təhlükəsi.

Abdullah Ağarın əsas və kəskin tezisi belədir: İŞİD terror təşkilatı YPG/PKK/SDG-nin legitimlik və toxunulmazlıq sığortası rolunu oynayır. “YPG zəifləyərsə, İŞİD güclənər” tezisi əslində nə əxlaqi, nə də real təhlükəsizlik məntiqinə söykənir. Bu, illərdir Türkiyəyə qarşı istifadə olunan strateji şantajdır. Bu model 2014–2019-cu illərdə açıq şəkildə tətbiq edilmişdi. Həmin dövrdə İŞİD qlobal miqyasda “mütləq şər” obrazına çevrildi, bölgə dərin xaosa sürükləndi, YPG/PKK isə “İŞİD-lə mübarizə aparan yeganə quru qüvvə” kimi təqdim olundu. PKK-nın terror keçmişi, etnik təmizləmə siyasəti, uşaq döyüşçülərdən istifadə etməsi, qadınlara qarşı zorakılığı və özündən olmayan kürdlərə qarşı repressiyaları isə bilərəkdən görünməz hala gətirildi. Bu toxunulmazlıq arxitekturası sonrakı illərdə də sistemli şəkildə möhkəmləndirildi.
Bu gün İŞİD-in yenidən gündəmə gətirilməsi torpaq ələ keçirmək və ya “xilafət” qurmaq məqsədi daşımır. İndi onun funksiyası tamamilə fərqlidir. İŞİD sahəyə daxil olan kimi avtomatik olaraq YPG/PKK/SDG-yə toxunulmaması çağırışları səslənir. ABŞ-ın bölgədəki hərbi varlığı üçün yeni və möhkəm bəhanə formalaşdırılır: “Çıxa bilmərik, çünki radikal terror geri dönür.” Türkiyəyə qarşı isə eyni təzyiq mexanizmi yenidən işə salınır. Şama açıq mesaj verilir: YPG/PKK/SDG guya alternativsizdir.

Palmira yaxınlığında ABŞ əsgərlərinin həlak olması da bu kontekstdə xüsusi diqqət çəkir. Abdullah Ağar bu hadisə ilə bağlı cavabsız qalan sualları açıq şəkildə ortaya qoyur: Bu, sadəcə bir səhv idimi? Saxta bayraq əməliyyatı idimi? Yoxsa YPG/PKK/SDG-nin daxil olduğu daha mürəkkəb bir ssenarinin tərkib hissəsi? Hər bir halda nəticə dəyişmir: hadisənin yaratdığı təsir ABŞ-ın bölgədə qalmasını əsaslandıran yeni arqumentlər yaradır və sahədəki düyünləri daha da mürəkkəbləşdirir.

Abdullah Ağarın qənaəti qətidir: əgər bu İŞİD–YPG/PKK/SDG düyünü vaxtında qırılmazsa, YPG toxunulmaz hala gələcək, ABŞ bölgədə qalıcılaşacaq, Türkiyə isə tədricən içə çəkilməyə və zəiflədilməyə məruz qalacaq. Buna görə də Ankara bu “keçici düyünləri” formalaşan andaca boğmalıdır. Bu, El-Hol və Əl-Roj düşərgələrində, İraq və Suriya xəttində, təhlükəsizlik strukturlarında və ən əsası, İslamın adından sui-istifadə edilən bütün ideoloji qatlarda aparılmalıdır. Bu, klassik mənada terrorla mübarizə deyil, terror üzərindən qurulmuş regional və qlobal düyün memarlığının dağıdılmasıdır.




