Свобода людям, независимость нациям!

“İsgəndər” Kiyevdə “PRESS” hərləmir

2309 24.03.2022 15:45 Колумнисты A A

 

Bu səhər oturduğumuz yerdə mübahisəyə düşdük – virtual mübahisəyə. Xətrini çox istədiyim həmkarlarımızdan biri Ukraynada, qaynar nöqtədə çalışan jurnalistlərimizin çoxunun artıq ölkəyə qayıtdığı barədə status yazmış, belə bir sual qoymuşdu: “Ukraynada baş verənlərlə bağlı məlumatlandırmaq onların peşə borcu deyilmi?”

Amma status sualla bitmirdi, həmkarımız belə bir hökm də vermişdi: “Müharibə bitəcək, amma bu ağciyər adamların bir də qayıdıb Ukraynada işləməyə mənəvi haqqı olmayacaq”.

Əlim dinc durmadı, ərk etdiyim həmkarımın statusuna belə bir şərh yazdım: “O odun-alovun içində olan jurnalistlərin də balaları var, iki qotur xəbərə görə o jurnalist niyə həlak olsun və balaları atasız böyüsün ki?”

Mübahisəyə qoşulanlar da oldu. Bir tərəf hesab etdi ki, mən düz deyirəm, jurnalist hərbçi deyil, o özünü güllənin qabağına, raketin altına verməməlidir, o biri şaqqa da məni şaqqaladı ki, xeyr, jurnalist ön mövqedə olmalıdır, hər cür təhlükəyə girməlidir, lazım gəlsə, döyüşməlidir və ölməlidir...

İndi məcburam bu xüsusda dediyimi əsaslandırmaq üçün bir neçə təşbehə, obrazlı ifadələrə əl atım ki, fikrim anlaşıqlı olsun.

Hesab edin ki, iki ağırçəkil atlet dəmir torla dövrələnmiş dəyirmi rinqdə qaydasız döyüşə çıxıblar, ölüm-dirim savaşı gedir, bir jurnalist də düz rinqin içindədir və gah dalaşan, gah güləşən, gah da təpikləşən və ya boğuşan atletləri yaxından videoya çəkir. O, əslində bunu rinqin kənarından da edə bilər, amma dirəşib ki, yox, rinqin içində, savaşanların 1 metrliyində olmalıdır. Axırı necə olur? Vuruşanların birinin təpiyi, dirsəyi və ya kəlləsi qəfildən həmin reportyorun qulağının dibindən dəyir və adamı təcili yardım maşınıyla klinikaya aparırlar. Sonra da Allaha dua edirlər ki, bəy komadan çıxsın. Zalım oğlu, rinqin kənarından çək, komaya düşmə də, nə məcburdur girmisən iki əjdahanın ağzının içinə?

Başqa bir misal: Florida, Nyu-Orlean tərəflərdə daimi baş verən tornadolardan biri yenə kükrəyib. Ətrafda nə qədər adam var, hamısı qaçıb dürtülüb hermetik şəkildə qapalı məkanlara. Amma insanlara ekstremal hadisənin baş verdiyi bölgədən xəbər verməyi peşə borcu sayan jurnalist öz pikapını sürüb düz tornadonun saatda 120 ilə fırlanan yerinə, qalxıb göyün bir qatına, hara düşəcək, necə düşəcək, o heynədə nəsə çəkə biləcəkmi, ta onu bilmək olmaz. İndi bu, peşəkarlıqdırmı, peşə borcunu ödəməkdirmi? Tornadonu bir az kənardan müşahidə etmək, sonra törətdiyi fəsadları çəkmək daha doğru olmazdımı?

Bu sayaq çox misal gətirmək olar. Məsələn, heç bir oxucu auditoriyası jurnalistdən tələb edə bilməz ki, o, qaynar lava püskürən vulkanın “puff” eləyən ağzının içindən reportaj versin, yaxud ildırım vuracağı şübhə doğurmayan uzun ağacın altında dayansın ki, ildırımın ağacı necə kösövə döndərdiyini tamaşaçılara canlı-canlı çatdırsın, torpaq sürüşməsi zamanı ayağına xizək geyib torpaqla birlikdə sürüşsün və s.

Belə şey yoxdur. İnsan həyatı canlı reportajlardan da, qaynar və dəqiq xəbərlərdən də qiymətlidir.

Eyni meyar müharibələrə də aiddir. Hamımız bilirik ki, Ukraynada “qaydasız döyüş” adlandırılan, ancaq yenə də hansısa qaydaları olan mübarizə getmir, qaydasız müharibə gedir, şəhərlərə 7 metrlik raketlər atırlar, geri dönməyə çalışan avtomobilin düz ortasından tank mərmisiylə vururlar, çörək növbəsinə duranları gülləbaran edirlər. Belə situasiyada əynində gülləkeçirməz zirehli jilet, başında dəbilqə, əlində şaqqıldayan atıcı silah olan döyüşçülər belə başlarının salamatlığını qoruya bilmir, üstünə yekə-yekə PRESS yazılan sarı jiletli jurnalist nə edəcək? Heç nə. Tankla üstündən keçib presləyəcəklər asfalta, meyidinin qalıqları müharibə qurtarandan sonra tapılacaq – o də hələ DNK analizi ilə məlum olacaq ki, bu, toxumalar moldovan jurnalistə aiddir, yoxsa azərbaycanlı jurnalistə.

Ondan sonra hey yazaq: “Peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak oldu”; “Xatirəsi qəbimizdə əbədi yaşayacaq”; “O, mətbuat azadlığı uğrunda verdiyimiz şəhiddir”.

Bir gün məktəbdə onun nəvəsindən soruşacaqlar ki, baban harada ölüb. O da deyəcək ki, Ukraynada müharibə gedəndə oradan canlı yayım verərkən həlak olub. Uşaqlardan biri mütləq deyəcək: “Onun orda nə işi vardı? Burda oturub televizordan baxa bilməzdi?”

Bir şey ki, müharibənin hər saatı barədə işin içində olanlar xəbərlər yayırlar, hara partladılırsa, hansı texnikanı necə vururlarsa, videosu çəkilir, göstərilir, güllənin qabağında durmağa nə ehtiyac var? Bu, kimə nə verəcək, kimə xeyir gətirəcək?

Jurnalistlər bu peşəni seçərkən mütləq müharibədə ön xətdə olacaqları, təhlükə anında bir addım geri atıb fərarilik etməyəcəkləri barədə and içmirlər. Sadəcə, universitetə imtahan verəndə balları az olur, başqa ixtisasları seçmək üçün yetərli olmur, onlar da əlacsızlıqdan gəlib jurnalist olurlar.

Ona görə də dinc vaxtı Ukraynada işləyən jurnalistdən tələb etmək olmaz ki, o, mütləq Rusiyanın “İsgəndər”i ilə vurulana qədər xəbər yaysın...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости